Artıq Çəkinin Yaratdığı Fəsadlar


Könül Muradova
Bu yazıya 1371 dəfə baxılıb.

Ağır bir vücudu daşımaq çətindir. Xüsusilə orta yaşlı insanlar və qocalarda ağır bədənin daşınması oynaqlarda ağrıların artmasına gətirib çıxarır. Həddindən artıq yağlı və şəkərli yeməklər yemək, yüksək spirtli içkiləri qəbul etmək, az hərəkət etmək, az gəzmək və ya heç bir şəkildə idman etməmək insanı köklüyə aparır. Erkən və ya gec qocalamaq da, sağlam vücud və sağlam həyat tərziylə yaxından əlaqədardır. Sağlam, üzunömürlü olmaq istəyiriksə həyatımızı nizama salmalıyıq. Yuxarıda saydığımız köklüyün səbəbləri isə həyatımıza lazımınca dəyər verməməkdən irəli gəlir. “Baxımsız əşya kimi, baxımsız bədən də tez köhnələr” sözü doğrudur. Elmi baxımdan “Köklük yaşlanmağı asanlaşdırır” ifadəsi də fikrimizi təsdiqləyir. 

Köklük, yüksək təzyiq və ürək-damar xəstəlikləri riskini də artırır.

Həddindən artıq köklük orqanların yağlanmasına, nizamsız işləmələrinə və hormonal tarazlığın pozulması kimi müxtəlif xəstəliklərə səbəb olur. Köklərdə daha sıx görülən xəstəlikləri belə sıralaya bilərik: Nəfəs darlığı, ağciyər, qaraciyər və öd kisəsi xəstəlikləri ilə öd kisəsində daş meydana gəlməsi, ürək və damar xəstəlikləri və buna bağlı yüksək təzyiq xəstəliyi, şəkər xəstəliyi, oynaq və əzələlərdə revmatik ağrılar, qadın xəstəlikləri, adət nizamsızlığı, dəri altı yağ toxumasının çox olması dəri infeksiyalarının əmələ gəlməsi, əzələlərdə və ayaqlarda göbələk infeksiyası və sairədir. Bütün bunlara kök adamın əsəbi, stress altında yaşadığını, yuxusuzluğu əlavə etsək, mənzərənin son dərəcə acınacaqlı olduğunu görə bilərik. Bütün bu xəstəliklər xroniki hala gələrsə təəssüf ki, erkən ölümlər baş verir.

Köklüyün, xüsusilə qadınlarda səbəb olduğu bir başqa zərəri də psixoloji olaraq narahatlıq və kompleksin olmasıdır. Belə olduqda da insan xoşbəxt olmur, həyata qarşı küskün olur. Bu halda, köklük insanların vücudlarına təsir etdiyi kimi pisixoloji vəziyyətlərini də pozur.

Müalicənin müvəffəqiyyəti fərdin özündədir. Fərd qətiliklə istəkli olmalı və bu müddətdə şüurlu və səbirli olmalıdır.

Əhəmiyyətli olan ideal çəkiyə çatdıqdan sonra bunu qorumaqdır. Çəkiyə nəzarət yalnız arıqlamaq deyil, gerçək mənada bədəninizin idarəsini ələ keçirmək deməkdir. Həyat boyu sürəcək doğru bəslənmə vərdişləri qazanmalısınız. Çəkinin idarə olunması səbir, zaman və şüur tələb edir...


Könül Muradova
Bu yazıya 1371 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.