Kökündən yarpağına qədər şəfa qaynağı – BÖYÜRTKƏN


Kəmalə Hüseynova
Bu yazıya 4075 dəfə baxılıb.

Böyürtkənin 250-dən çox növü vardır. Yabanı halda Asiya, Avropa və Amerika qitələrində geniş yayılmışdır. Qərbi Sibir, Qazağıstan, Orta Asiya və Qafqazda yetişir. Azərbaycanın bütün zonalarında böyürtkən kolluqları vardır. Onun Azərbaycanda 15 növü yayılmışdır. Meyvəsinin tərkibində şəkər (qlükoza, fruktoza və saxaroza), pentazon, üzvi turşular (alma, limon, salisil və s.) müxtəlif vitaminlər - C və B qrupu vitaminləri və pektin maddələri vardır. Böyürtkənin meyvəsi təzə halda yeyilir. Ondan şirə, kompot, şərbət, mürəbbə, marmelad  cem və s. hazırlanır. Böyürtkən müalicəvi əhəmiyyətə malikdir. Böyürtkən həm də balverən bitkidir. Çünki bütün yay dövründə çiçəkləyir və arılara yaxşı nektar verir. 1 hektar sahədən arılar 20-25 kq bal hasil edə bilirlər.

Əhəmiyyəti

Meyvəsinin şirəsindən xalq təbabətində zərif işlətmə dərmanı kimi istifadə edilir. Böyürtkənin yetişməmiş meyvələri və şirəsi şəkər xəstəliyinə tutulanlar üçün çox faydalıdır. Qurudulmuş meyvəsindən, mürəbbəsindən soyuqdəymələrdə tərlədici vasitə kimi istifadə edilir. Azərbaycanın xalq təbabətində böyürtkən bitkilərinin meyvələrindən, yarpaq və köklərindən bir sıra xıstəliklərə qarşı tətbiq olunur. Qurudulmuş meyvələrindən və yarpaqlarından çay kimi dəmləyib hipertoniya xəstəliyində və sinə ağrılarında istifadə edilir. Eyni məqsədlə təzə dərilmiş meyvələrindən şərbət və ya mürəbbə hazırlanıb yeyilir. Kal meyvələrini qurudub çay kimi dəmləyib şəkər xəstəliyinə qarşı dərman kimi içirlər. Bundan başqa böyürtkənin yarpaqları və kal meyvələrini açıq günəşli havada qurudub, çay kimi dəmləyərək uşaqlarda tez-tez baş verən qarın ağrılarına (ishala) qarşı büzüşdürücü və antiseptik dərman kimi qəbul edirlər.

Meyvələrindən qora suyu hazırlayıb, iştahartırıcı kimi yeməkdən qabaq hər dəfə bir xörək qaşığı içmək məsləhətdir. Bunu belə hazırlayırlar: təzə dərilən meyvələrin şirəsinin içinə bir az reyhan qatır, sonra bu qarışığı şüşə bankalara tökərək 1- 2 həftə saxlayırlar.

Qurudulmuş köklərini suda bişirib vərəm xəstəliyinə qarşı dərman kimi işlədirlər. Böyürtkən yarpaqlarını çay kimi dəmləyərək boğaz ağrısı zamanı dezinfeksiyaedici dərman kimi qarqara edirlər. Bundan başqa yarpaqlarını inək yağında bişirib, yanıq zamanı məlhəm kimi tətbiq edirlər.

Aparılan araşdırmalar böyürtkənin yaddaş zəifliyindən ishala qədər bir çox xəstəliyə dərman olduğunu ortaya çıxarmışdır. Meyvəsi ilə yanaşı böyürtkənin çiçəyinin də diabet və böyrək daşlarına xeyirli olduğu müəyyənləşdirilmişdir. Həkimlər böyürtkənin suyunu sıxaraq içməyin ishal xəstəliyi üçün qurudulmuş yarpağının isə ağızdakı yaralar üçün müalicəvi əhəmiyyəti olduğunu bildirmişlər. Bütün bunlarla yanaşı böyürtkən antioksidantlarla zəngindir, böyürtkənin meyvəsi:

Qan təzyiqini nizamlayır

Göz zəifliyini yaxşılaşdırır

Ayaqlardakı şişliyi aradan qaldırır

Ağız, dil, diş və diş əti iltihablarına xeyirlidir

Kökünü qaynadıb suyunu içdikdə isə qandakı şəkərin miqdarını aşağı salır

Böyürtkən maskası

Böyürtkənin üz dərisi üçün də faydaları çoxdur. Dəriyə gənclik verir. Böyürtkənin dəri üçün yağı da vardır. Böyürtkən yağı dəriyə və saçlara canlılıq verir. Tərkibində olan C vitamini dərini yeniləyir. Saç diblərinə barmaqlarınızla yedirdiyinizdə təsirli bir saç baxımı təmin edir.

Maskanın istifadəsi:

5 dənə iri böyürtkəni əzin. İçinə süd tökün, sıyıq hala gətirin. Gecə yatmadan əvvəl təmiz dəriyə sürtün. 30 dəqiqədən sonra yuyun.

Kəsmikli böyürtkən şirniyyatı

Tərkibi:

400 qr kəsmik, 1,5 xörək qaşığı kərə yağı, 2 xörək qaşığı manna yarması, 1 ədəd yumurta, 300 qr böyürtkən, 2 xörək qaşığı qəhvəyi şəkər tozu.

Hazırlanması:

Kəsmiyi ələkdən keçirdikdən sonra üzərinə 1 xörək qaşığı kərə yağı əlavə edin, həmçinin yumurta, manna yarması və şəkər tozu da qatın. Mikserlə tam qarışım əldə olunana qədər çalın. İki hissəyə bölün. Bişirəcəyiniz formanı qalan yağla yağlayın və kəsmiyin bir hissəsini bura tökün. Giləmeyvələrin bəzilərini bəzəmək üçün saxlaya bilərsiniz, qalan hissəsini isə bu qarışıma əlavə edin. 180°С dərəcəyə qədər qızıdırılmış sobanın içərisinə qoyun. Bişərkən üzərinə qəhvəyi rəngdə olan şəkər tozunun tökülməsi məsləhətlidir. 30 – 35 dəqiqə  bişməlidir. Süfrəyə verməzdən əvvəl böyürtkənlərlə bəzəyin.

Böyürtkən mürəbbəsi:

Tərkibi:

Böyürtkən – 1 kq (təmizlənmiş)

Şəkər tozu – 900 qr

Hazırlanması:

Əvvəlcə böyürtkənləri təmizləyib yuyuruq. Daha sonra üzərinə şəkər tozu əlavə edib 1-2 saat gözləyirik. Sonra qazın üzərinə qoyub qarışdırmağa başlayırıq təxminən 20-30 dəqiqəyə hazır olur. Və budur böyürtkən mürəbbəsi hazırdır.

Böyürtkən kiseli – Azərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də soyuq havalarda, müxtəlif məclislərdə, qonaq qəbul edildikdə və müalicə məqsədi üçün içilir.

Tərkibi:

Bu içkidən 4 pay hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:

Böyürtkən – 100 q, Şəkər – 100 q, kartof nişastası – 40 q, limon turşusu – 0,8 q, su – 760-800 ml.

Hazırlanma qaydası

Böyürtkən giləmeyvəsini təmizləyin, yuyun və ağac döyəclə, çini və ya emalı qabda əzib şirəsini stəkana töküb soyuq yerə qoyun. Gecənin üzərinə su töküb 4-6 dəqiqə qaynadın və süzün. Alınmış məhlula şəkər əlavə edib, qaynayana qədər qızdırın və kəfini alın. Kartof nişastasını soyuq su ilə qarışdırıb, daim qarışdırmaq şərtilə qaynar kütləyə əlavə edin, sonra böyürtkən şirəsi qatıb, qaynayana qədər qızdırın. Hazır kiseli stəkanlara və ya formalara töküb soyuq yerdə saxlayın.

 


Kəmalə Hüseynova
Bu yazıya 4075 dəfə baxılıb.