Həyatımızda nələrə diqqət edirik?


Gülnarə Seyidova
Bu yazıya 1553 dəfə baxılıb.

İnsanın həyatında diqqət edəcəyi əsas məqamlardan biri onun kimliyidir. Biz kimik, nə üçün yaradılmışıq və necə yaşayırıq? Bunları özümüzdə dəqiqləşdirmək üçün ilk öncə Rəbbimizi tanıyaq. Onu haqqı ilə dərk edib, əmrlərinə diqqət edək. Allah Təala həm Rəbbimizi, həm özümüzü həm də dünyamızı dərk edə bilməyimiz üçün İslam dinini bizlərə hədiyyə edib. Dinimiz bizə doğru ibadəti anlatmaqla Allaha yaxınlaşma yollarını göstərir. Deməli, həyatımızda diqqət etməli olduğumuz ən önəmli məqamlardan birincisi ibadətlərimizdir.

 Bəs ibadət nədir?

İbadət sözü ərəb dilindən “abd” kəlməsindən alınaraq “boyun əymək, itaət etmək, təslim olmaq” mənasındadır. Azərbaycan dilinə “qulluq” kimi tərcümə olunur.

Allah Təala, insanların yaradılış qayəsini “qulluq” olaraq müəyyən etmişdir. “Mən, cinləri və insanları ancaq mənə ibadət etsinlər deyə yaratdım. Mən onlardan ruzi istəmirəm. Şüphəsiz ki, ruzini verən, güc və qüvvət sahibi olan ancaq Allahdır”. (əz-Zariyat, 56-58)

Bu ayəyi kərimədən də göründüyü kimi, insanın yaradılış qayəsi sadəcə “Allaha qul olmaq”dır. “Allaha qul olmaq” deyərkən nə anlayırıq? Çox zaman yalnız islamın şərtlərini həyata keçirməyi, yəni - şəhadət gətirmək, manaz qılmaq, oruc tutmaq, zəkat vermək, həccə getmək olduğunu düşünürük. Doğrudur insan qul olması üçün ilk öncə ibadətlərinə diqqət etməlidir. Allah Təalanın əmr etdiyi kimi səmimi qəlbdən şəhadət gətirməli, namazını haqqı ilə, yəni fərzlərə və sünnəyə uyğun olaraq, huşu ilə qılmalı, oruclarını lazım olduğu səviyyədə tutmalı, zəkatlarını düzgün hesablayıb vaxtında verməli, imkanı olan hər bir müsəlman ömründə heç olmasa bir dəfə həc ziyarətinə getməlidir. Bəli bütün bunlar “qul olmağın” şərtlərindədir. Lakin insan yalnız ibadətlərə qapılıb dünya həyatını da unutmamalıdır. Çünki Allah Təala yaşamağı, yeyib-içməyi, evlənməyi, təhsil almağı, işləməyi də insanlar üçün vacib buyurmuşdur.

Yeyib içdiklərimizə diqqət edək!

"Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin!" (Bəqərə, 172) Bu ayəyi kəriməni əsas götürərək yediyimiz yeməklərin, içdiyimiz içkilərin halal və ya haram məhsullardan hazırlandığına, qazandığımız ruzinin halallığına diqqət etməliyik. Hazırda qida cəhətdən bolluq olsa da, halal qidanın tapılması çətin məsələyə çevrilib. Belə ki, haram bildiyimiz məhsullar demək olar ki, əksər qidalara qatılır. Ona görə də halal sandığımız bir çox məhsullarda belə haramdan alınan qatqı maddələrinə rast gəlirik.

 İçkilərin də çoxunda ya alkaqol ya da orqanizmə çox ziyanlı maddələr vardır. Ona görə hər bir qidanı qəbul etdiyimizdə diqqətlə yoxlamalı, tərkibinə və son istifadə tarixinə baxmalıyıq. Allahın bizlərə bəxş etdiyi sağlamlığımızı haqqı ilə qorumalıyıq.

Bütün bunlarla yanaşı yeməyə və içməyə Peyğəmbərimizin də buyurduğu kimi “Bismillah”la başlamalıyıq. Ömər ibn Əbu Sələmə (r.a.) deyirdi: Rəsullallah (s.a.s.) mənə belə buyurdu: “Bismillah de! Sağ əlinlə ye! Hər zaman önündən ye!” Hədisi şərifdən aşağıdakılar məlum olur:

 1. Yeməyə və içməyə bismillahla başlanmalıdır. Yeməyə başlarkən bismillah unudulursa, xatırlandığı andan etibarən “bismillâhi əvvələhu və axirəhu” vəya “başdan sona bismillâh” deyilməlidir.

2. Sağ əllə yeyib-içilməlidir.

 3. Birlikdə və bir qabdan yeyildiyi zaman, hərkəs önündən yeməlidir.

 Muaz İbn Ənəs (r.a.)dan rəvayət edildiyinə görə Rəsulallah (s.a.s.) belə buyurdu:
“Bir kimsə yemək yedikdən sonra: Mənə bu yeməyi yedirən, güc və qüvvətim olmadığı halda onu mənə nəsib edən Allaha həmd olsun, deyərsə, keçmiş günahları bağışlanar”.

Ailəmizə diqqət edək!

Qurani-Kərim ayələrindən və Hədislərdən də göründüyü kimi Allah Təala insanların evlənməsinə və evliliyin qanunlarına riayət etməsinə çox önəm vermişdir.

“Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin. Əgər onlar kasıbdırlarsa, Allah öz lütfü ilə onları varlı edər. Allah (lütfü ilə) Genişdir, Biləndir. Qoy evlənməyə imkanı olmayanlar, Allah öz lütfü ilə onları varlandırana qədər, ismətlərini qorusunlar. Sahib olduğunuz kölələrdən (özünün azad olmasına dair sizdən) yazılı məktub istəyənlərə, – əgər onlarda bir xeyir görürsünüzsə – istədikləri məktubu yazıb verin. Allahın sizə verdiyi maldan onlara da verin...” (Nur, 32-33)

Bu və bunun kimi bir sıra ayələrdən də evlənməyin nə dərəcədə önəmli bir hadisə olduğu görünür. Lakin məsələ evlənmə ilə tamamlanmır. Evlənmənin həm qadın, həm də kişi üzərində böyük məsuliyyətləri vardır. Kişi ailəsini daim mühafizə edib, dolanışığını təmin etməlidirsə, qadın da öz növbəsində ailəsinə haqqı ilə xidmət etməli, namusunu qorumalıdır. Ailənin xoşbəxtliyi hər iki tərəfin öz vəzifəsini haqqı ilə yerinə yetirməsindədir. Tarazlıq pozularsa ailədə də problemlər baş qaldırar. Allah Təalanın bizlərə bəxş etdiyi ailə nemətinin qədrini bilmək üçün ətrafımızdakı dağılmış, boşanmış ailələrə baxmaq kifayət edər.

Təhsilimizə diqqət edək!

Allaha qul olmaq üçün növbəti şərtlərdən biri də təhsil almaq, elm öyrənməkdir. Allah Təala insanı ömrü boyunca oxumağa, cəmiyyətə faydalı olacaq elmlər üzərində çalışmağa sövq etmişdir. Məhz bu səbəbdən də Qurani-Kərimin ilk enən ayəsində “Oxu, Yaradan Rəbbinin adı ilə oxu” (Alaq, 1) əmr olunur. İnsanoğlu ana bətnində olarkən belə öyrənməyə başlayır. Dünyaya gəldikdən sonrada hər gördüyü ilə maraqlanır və daim nə isə öyrənməyə çalışır. Bu insanların fitrətindən gələn bir xüsusiyyətdir. Biz bu xüsusiyyətimizi gözəl və faydalı işlərə, elmlərə sərf etsək dünya və axirətdə də rahat olarıq. Günümüzdə lüzumsuz, faydasız elmlər insanları çox yorur. Nəticədə isə zehni yorğunluqdan və qocalıqdan başqa bir şey qazanmırlar.

Müasir dünyamızda durmadan inkişaf edən texnologiyalar bütün elm sahələrində işlənməkdədir. Hətta bəzən bizi təəccübləndirən texnologiyalarla qarşılaşırıq ki, bunu insan beyni necə düşünüb, necə hazırlayıb deyirik. Allahın insana verdiyi sonsuz nemətlərin başında duran ağıl, dərrakə insanların nəyə qadir olduğunu göstərir. İnsana verilən ağıl və bütün bu kəşflərin əldə olunması üçün dünyada hazırlanan şərait boşuna deyildi. Qurani-Kərimdə də elm öyrənmək təriflənmiş, bilənlərlə bilməyənlərin bir ola bilməyəcəyi bildirilmişdir: “Heç bilənlərlə bilməyənlər bir olarmı?”(əz-Zümər, 9). Ayədən də anlaşıldığı kimi bilənlər, yəni oxuyanlar, öyrənənlər, kəşf edənlər daim üstün tutulmuşdur. “Beş günlük dünyadır” deyib, ömrünü yeyib yatmaqla keçirmədən, öyrənməli, çalışmalı, hər gördüyü işdə də Allahın rızasını qazanmalıdır insan. 

 


Gülnarə Seyidova
Bu yazıya 1553 dəfə baxılıb.