Bayquş Uğursuzluq Əlamətidirmi?


Kəmalə Nəcəfova
Bu yazıya 3761 dəfə baxılıb.

      İllərdən bəri bayquşa nifrət etmişik. Özümüzü, “hansı evin bacasında bayquş ulasa o evdən cənazə çıxar” fikrinə inandırmışıq. Bayquşu uğursuzluq əlaməti olaraq qəbul etmişik. Evimizin ətrafında görəndə daş atıb qovmuşuq, səsini eşidəndə: “öz başını ye” demişik, bayquşa... Ancaq bayquş heç bir kimsəyə zərər verməz, məskən olaraq xarabalıqları seçər, davamlı (xüsusən gecələr) Cənabı Haqqın zikriylə məşğul olar... Bayquş insana sanki dərvişləri xatırladır. Sanki “tələbi axirət olana tərkidünya gərəkdir” deyimini şüar edib, gündüzlər çəməni buraxıb, gecələr xarabalıqlarda Allahı zikr edir bayquş... Biz isə bayquşu düşmən kimi bilmişik. Ancaq bayquşda heç bir uğursuzluq yoxdur. Bu haqda Rəsuli Əkrəm (s.ə.s.) belə buyurub: “Quşları ürküdüb adlarından, səslərindən və hərəkətlərindən məna çıxartmaq, uğursuzluğa inanmaq, qum üzərinə xətlər çəkib gələcəklə bağlı hökmlər çıxartmaq bir sıra sehr və kəhanətdir” (Əbu Davud, Tib 23).

        Əslində, nədəsə əlamət axtarmaq, nəyisə uğursuzluq əlamətı olaraq düşünmək insanı lazımsız yerə ruhdan salar. Eyni zamanda insan nəyi necə yozarsa yozduğu kimi olar. Bunun üçün də hər şeyi xeyirə yozsaq bizim üçün daha gözəl olar. Yenə Allah Rəsulun (s.ə.s.)dən rəvayət edilən bir hədis bu mövzunu bizlərə gözəl izah edir.

     Ürvə İbn Amır rəvayət edir: ”Rəsulullahın hüzurunda uğursuzluqdan danışıldı. Bunun üzərinə: “Ən gözəli xeyirə yozmaqdır. Uğursuzluq heç bir müsəlmanı təşəbbüsdən əl çəkdirməsin. Hər hansı biriniz xoşlamadığı bir şey gördüyü vaxt: “Allahım, yaxşı şeyləri sadəcə Sən verirsən, pislikləri Sən dəf edirsən. Günahdan qaçacaq güc, ibadət edəcək qüvvət ancaq Sənin köməyinlə qazanıla bilər” deyə dua etsin” buyurdu. (Əhməd İbn Hənbəl, Müsnəd, II cild, səh 387).

 


Kəmalə Nəcəfova
Bu yazıya 3761 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.