Qurban Bayramı Bizlərə Hədiyyədir


Fatimə Zəhra
Bu yazıya 1191 dəfə baxılıb.

Qurban bayramı, Həcc ibadətindən sonra gəlir. Cənabı Haqq, "Ət bişirək, qovurma hazırlayaq!" deyəmi Qurban Bayramını bizlərə hədiyyə etmişdir? Ət yeməyən, bayram etməsinmi? Əlbəttə xeyr!

Qurban Bayramı, qulun Cənabı Haqqa qarşı göstərdiyi fədakarlığının təzahürüdür. Qurban bayramı İbrahim (a.s.)dan bizə qalan bir xatirədir.

O, canıyla, övladıyla və malıyla imtahan verdi. Bütpərəst bir qövmlə mübarizə apardı. Göstərdiyi fədakarlıqlar nəticəsində Cənabı Haqqla dost oldu.

Daim həccin mahiyyətini düşünməliyik. Çünki həcc, ən son fərz qılınan bir ibadət. Həm maliyyə, həm bədəni bir ibadət. İnsanı dərin bir təfəkkür iqliminə sövq edərək, könüllərə riqqət qazandıran bir ibadət.

Həccdən dərhal sonra da Qurban Bayramı gəlir. Cənabı Haqq, qurban ilə fədakarlıq göstərib özüylə dost olmağımızı arzu edir. Bu dostluq nəticəsində Cənabı Haqq, bizlərə bayramı hədiyyə edir.

❁ Həccdə şeytan daşlama vardır. Bunun hikməti nədir? Həyatımızın hər anında şeytanı daşlayaraq bizə vəsvəsə verməsinə mane olacayıq. Könül dünyamız daim oyanıq olacaq. Bu şəkildə Cənabı Haqqa olan təslimiyyətimiz güclənəcək. Beləcə Cənabı Haqqa sədaqətimizi isbat etmiş olacayıq.

Yaxşı, şeytanı başqa nə şəkildə daşlarıq?

İstiazə də şeytan daşlamaqdır. Qurani Kərim oxumağa başlarkən;

"Qovulmuş şeytanın şərindən Allaha sığınıram" deyirik. Qovulmuş şeytanın şərindən Allaha sığınmaqla onu daşlamış oluruq.

Şeytan, əməli salehlərlə də daşlanar. Əgər əməli saleh işləməyiriksə, o zaman günah işlədərək şeytan bizi daşlamış olar.

Müsəlman üçün dörd bayram vardır:

1. İstiqamət Bayramı

Həyat, Allah rizası istiqamətində yaşanmalıdır. Yaxşı, nədir istiqamət? Cənabı Haqq, Yasin Surəsində Peyğəmbərimiz (s.a.s.)a xitab olaraq belə buyurur:

"(Sən) doğru yol üzərindəsən". (Yasin, 4)

Demək ki istiqamət, Allah Rəsulu (s.a.s.)nun izində olmaq, arxasından gedə bilməkdir. O, necə yeyib necə içib, necə oturub necə qalxırdı? Həyatımızın hər anını Allah Rəsulu (s.a.s.)ın həyatına görə tənzimləməliyik. Çünki insan ancaq o zaman Cənabı Haqqın yanında bir dəyər qazanar.

 

2. Son Nəfəs Bayramı

Bu bayram, bir ömür boyu istiqamətdən ayrılmayan kəslər üçündür. Həyatı sıratı müstəqim üzrə yaşayanlar üçün ayəyi kərimədə bildirildiyi üzrə:

"Şübhəsiz, Rəbbimiz Allahdır deyib, sonra dümdüz yolda gedənlərin üzərinə mələklər enər. Onlara: "Qorxmayın, kədərlənməyin, sizə vəd olunan cənnətlə sevinin", deyərlər". (Fussilət, 30)

Beləcə son nəfəs, bir bayram halına dönər.

Çünki qiyamət, çox çətin bir gündür. Cənabı Haqq ayəyi kərimələrdə qiyaməti bizə belə vəsf edir:

"Ey insanlar! Rəbbinizdən çəkinin; şübhəsiz o qiyamət gününün sarsıntısı (zəlzələsi) çox böyük bir şeydir. Onu gördüyünüz gün, hər əmzikli qadın əmizdirdiyi uşağı unudar, hər hamilə qadın uşağını salar. İnsanları da sərxoş bir halda görərsən. Halbuki onlar sərxoş deyildirlər; lakin Allahın əzabı çox dəhşətlidir!" (əl-Həcc, 1-2)

"Yaxşı, inkar etsəniz, uşaqları ixtiyarladacaq o gündən (qiyamət günündən) özünüzü necə qurtaracaqsınız?" (əl-Müzzəmmil, 17)

“O gün göyü yazılı səhifələrin büküldüyü kimi bükəcəyik. Məxluqatı ilk dəfə yaratdığımız kimi yenə əvvəlki halına qaytaracağıq. Biz vəd vermişik. Sözsüz ki, Biz onu yerinə yetirəcəyik”. (əl-Ənbiya, 104)

Zəlzələ olarkən kimsə evə girmək istəmir, "Görəsən təkrar zəlzələ olarmı, ev zərər görər və ya uçarmı?" deyə narahat olar. Qiyamətin dəhşəti, zəlzələlərdən daha çox faciəvi olacaq.

Yenə ayəyi kərimələrdə belə buyurulur:

 Günəş (əmmamə kimi) sarınıb büküləcəyi (sönəcəyi) zaman. Ulduzlar (göydən qopub yağış dənələri kimi yerə) səpələnəcəyi zaman. Dağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı) zaman. (Bədəvi ərəblərin çox əziz tutduğu) boğaz dəvələr başlı-başına buraxılacağı zaman. Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman. Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman. Ruhlar (bədənlərə) qovuşacağı zaman. Diri-diri torpağa gömülən körpə qızdan: "Axı o hansı günaha görə öldürüldü?". soruşulacağı zaman. Əməl dəftərləri açılacağı zaman. Göy (yerindən) qopardılacağı (və ya büküləcəyi) zaman. Cəhənnəm alovlandırılacağı zaman. Və Cənnət (möminlərə) yaxınlaşdırılacağı zaman. Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir! (ət-Təkvir, 1-14)

Bax, o qorxunc gündə qorxmayanlar isə ayələrdə belə bildirilmişdir:

"Dedik ki: Hamınız cənnətdən enin! Əgər Məndən sizə bir hidayət gəlir də hər kim hidayətimə tabe olsa onlar üçün hər hansı bir qorxu yoxdur və onlar kədərlənməzlər". (əl-Bəqərə, 38)

"Şübhəsiz iman edənlər; yəhudilər, xristianlar və sabisilər; Allaha və axirət gününə haqqıyla inanıb saleh əməl işləyənlər üçün Rəbləri qatında mükafatlar vardır. Onlar üçün hər hansı bir qorxu yoxdur. Onlar kədərlənməyəcəklər". (əl-Bəqərə, 62)

"Əksinə, kim muhsin olaraq üzünü Allaha çevirsə (Allaha haqqıyla qulluq etsə) onun əcri Rəbbi qatındadır. Elələri üçün nə bir qorxu vardır, nə də kədər". (əl-Bəqərə, 112)

"Mallarını Allah yolunda xərcləyib də arxasından başa qaxmayan, kasıbların könlünü qırmayan kəslər, onların Allah qatında xas mükafatları vardır. Onlar üçün qorxu yoxdur, kədərlənməyəcəklər". (əl-Bəqərə, 262)

"Mallarını gecə və gündüz, gizli və açıq xeyirə sərf edənlər, onların mükafatları Allah qatındadır. Onlara qorxu yoxdur, kədər də görməzlər". (əl-Bəqərə, 274)

"İman edib saleh əməllər işləyən, namaz qılan və zəkat verənlər, onların mükafatları Rəbləri qatındadır. Onlara qorxu yoxdur, onlar kədərlənməzlər". (əl-Bəqərə, 277)

"Biləsiniz ki, Allahın dostlarına qorxu yoxdur; onlar kədərlənməyəcəklər də". (Yunus, 62)

"Allah, təqva sahiblərini qurtuluşa çatdırar. Onlara heç bir pislik toxunmaz. Onlar qəmli də olmazlar". (əz-Zumər, 61)

"Ey ayələrimizə iman edən və müsəlman olan qullarım! Bu gün sizə qorxu yoxdur. Sizlər kədərlənməyəcəksiniz də". (əz-Zuxruf, 68-69)

 

3. "Şəfaəti Uzma"ya Nail Olma Bayramı

Məhşər günü, hər kəs ayrı bir dəhşət yaşayacaq. Kimsənin kimsəni görəcək halı olmayacaq. Hər kəs şəfaət ümidiylə sağa sola qaçacaq. Bax,o gün Peyğəmbərimizin şəfaəti möminlər üçün qurtuluşa vəsilə olacaq.

 

4. Ruyetullah Bayramı

Ruyetullah, Allahı görə bilmək deməkdir. Bunun keyfiyyəti, bu an üçün bizə məchuldur. Çünki buna qulun dünyada taqəti yoxdur. Musa (a.s.) Cənabı Haqqı bu dünyada görmək istədi. Cənabı Haqq isə, "Sən məni əsla görə bilməzsən" buyurdu. Lakin Musa (a.s.) israr edincə Cənabı Haqq, nurunun zərrəsini dağa təcəlli etdirdi. Böyük dağ, o anda partladı. Bunu görən Musa (a.s.), yıxıldı, huşunu itirdi. Hətta bir rəvayətə görə üç gün üzündə örtü ilə gəzdi.

 Bu yazı möhtərəm Osman Nuri Topbaşın                

müxtəlif əsərləri əsasında tərtib edilmişdir.

 


Fatimə Zəhra
Bu yazıya 1191 dəfə baxılıb.