Kiçik qızın duası


Ruxsarə SÜLEYMANOVA
Bu yazıya 1098 dəfə baxılıb.

Gülər, bağça yaşlı olmasına baxmayaraq gözəl düşüncəyə malik olan, çox həssas, hazırcavab, öyrənməyə marağı olan şipşirin bir qız idi. Yoldaşları ilə də çox mehriban idi. Lakin onu daima narahat edən nə isə var idi. Bunu hiss edən tərbiyəçi onu daim müşahidə edər, qəmgin və ya aqressiv olduğu anlarda onunla fərdi söhbətlər aparar, onu narahat edən problemi həll etməyə çalışardı.

            Yenə günlərin bir gün... Gülər çox qəmgin idi. Tərbiyəçisi onu yanına çağırıb saçlarını oxşadı.

  • Nə olub, Gülər, niyə belə qəmginsən? – deyə soruşdu.

Gülər cavab vermək istəmədi. Bir az da doluxsundu.

  • Qızım, bəlkə yoldaşlarından incimisən?

O, yavaşca başını tərpədərək etiraz etdi.

  • Bəlkə ağrıyan bir yerin var? - deyə tərbiyəçi davam etdi.
  • Yox, heç bir yerim ağrımır.
  • Bəs onda nə üçün keyfin yoxdur?

Gülər birdən özünü tərbiyəçinin qucağına atdı. Kiçik əlləri ilə onu bərk-bərk qucaqladı.

  • Anamdan incimişəm – dedi və üzünü gizlətdi.
  • Niyə?
  • Çünki o məni sevmir!...

Tərbiyəçi işin nə yerdə olduğunu anladı. Aram-aram sözə başladı.

  • Əzizim, bütün analar öz övladlarını çox sevir. Bəzən yorğun olurlar, bəzən əsəbi. Amma bu, anaların öz övladlarını sevmədikləri anlamına gəlməz. İndi otur və nə baş verdiyini danışaq.

Gülər davam etdi:

  • Anam məni səhərlər bəzən tək yola salır. Servisə mindirəndə bəzən heç sağ ol belə demədən üzünü döndərib gedir.
  • Gülüm, bəlkə ana işə tələsir.
  • Hər kəsin anası dayanıb gözləyir, servis yerindən tərpənəndə əl edirlər. Mən anamla oyun oynamaq istəyəndə “yorğunam” deyib, üzümdən öpüb, “get yat” deyir. Axı mən yatmaq yox, oynamaq istəyirəm. İşlərində ona yardım etmək istədiyimdə narazılıq edir. “Get öz otağına”  deyə məni qovur.

Onun yorğun olduğunu bilirəm, ona kömək etmək istəyirəm. Amma o bunu istəmir - deyə, Gülər kədərli baxışlarla tərbiyəçinin üzünə baxdı.

Tərbiyəçi bu kiçik qızın ürəyindəki sevgiyə və şəfqətə qibtə edərək onun saçlarını tumarladı. Gülər isə sanki sonra gec olarmış deyə ürəyini boşaltmağa çalışırdı.

  • Biz mağazaya gedəndə anam mənim əlimi tez-tez sıxaraq heç nəyə toxunma deyir. Nə üçün dedikdə isə “Biz çox kasıbıq, çox şey ala bilmərik” deyir. Mən ki çox şey istəmirəm deyə başını aşağı saldı.

Tərbiyəçi ailənin vəziyyətinin bir o qədər də pis olmadığını bildiyi üçün başını tərpətdi. Amma heç bir şey söyləmədi. Sadəcə köks ötürməklə kifayətləndi.

Hər ikisi susdu...

Tərbiyəçi Güləri dizlərinin üzərinə oturdub saçlarını oxşadı. Onun gözlərinin dərinliyindəki kədəri duysa da, xoş ahənglə aram-aram söhbətə başladı.

  • Gülər, əzizim, sən artıq böyük qızsan. Bəzi hadisələri dərk edirsən, amma bəzi hadisələrdə də doğru qərar verməyə bilərsən. Zamanla hər şeyi daha yaxşı anlayacaqsan. Anan “biz kasıbıq” dedikdə maddi imkanı nəzərdə tutur. Amma sən heç də kasıb deyilsən.

“Bax, nə gözəl əllərin var” deyə onun kiçik əllərini ovucuna alaraq barmaqlarını oxşadı.

“Bax, nə qədər gözəl baxan gözlərin, çox gözəl bir üzün var. Lap adın kimi...”

Gülərin gözlərində səmimi bir sevinc parladı. Başını tərbiyəçinin sinəsinə sıxıb dərin bir ah çəkdi.

Tərbiyəçi davam etdi:

  • Sən anana kömək etmək istəyirsən, bu çox təqdirə layiqdir. Amma hələ kiçiksən. Yəqin anan sənin yorulacağını düşündüyü üçün ona kömək etmənə icazə verməyib. Əgər sən yeməyini yaxşı yesən, vaxtlı-vaxtında yatsan tez böyüyərsən. O zaman da ürəyin istəyən qədər anana kömək edərsən.
  • Doğrudan? deyə Gülər həyəcanlandı.
  • Bəli, deyə tərbiyəçi davam etdi. Axşam yatmazdan əvvəl nələr edirsən de görüm?
  • Axşamlar... Dişlərimi yuyuram, yataq paltarımı geyinib yatağıma uzanıram. Bəzən anam mənə nağıl danışır, bəzən də yox.

Tərbiyəçi Gülərin gözlərinin içinə baxaraq:

  • Gəl mən sənə bir şey öyrədim. Əminəm ki, bu sənin çox xoşuna gələcək, dedi və qızın kiçik əllərini tutdu. Hər gecə əllərini bax belə açaraq (tərbiyəçi Gülərin əllərini dua edirmiş kimi açdı) istədiyin hər şeyi Allahdan istə. Çünki O, hər şeyi eşidən, görən və biləndir. Sən nə desən, nə istəsən O, səni eşidəcək və dilədiyin bütün arzular çin olacaq. Yaddan çıxarma ki, bizi sevən bir Rəbbimiz var. O, uşaqları lap çox sevir.

Bu söhbətdən sonra Gülər özünü çox yaxşı hiss etdi. O, çox böyük həvəslə tərbiyəçinin qucağından düşərək yoldaşlarının yanına qaçdı. Sonra oğrun-oğrun tərbiyəçisini süzdü. Onun gözlərində dərin bir minnətdarlıq hissi duyulurdu. 


Ruxsarə SÜLEYMANOVA
Bu yazıya 1098 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI
  • Kiçik qızın duası