Qurban Bayramı


Mətanət Kərimova
Bu yazıya 1180 dəfə baxılıb.

Lüğəvi mənası yaxınlaşmaq, Allaha yaxınlaşmağa vəsilə olan şey mənalarına gələn qurban, dini bir termin olaraq, ibadət məqsədilə, müəyyən şərtləri daşıyan heyvanı, qurban bayramı günlərində üsuluna uyğun olaraq kəsməyi və bu məqsədlə kəsilən heyvanı ifadə edir.
            Ağıllı, azad və dini ölçülərə görə zəngin sayılan mömin, ilahi razılığı qazanmaq məqsədiylə qurban kəsir. Beləcə, həm maddi vəziyyəti qeyri-kafi olub qurban kəsməyənlərə bir şəkildə kömək etmiş olur, həm də Cənabı-Haqqa yaxınlaşmış olur. Peyğəmbərimiz (s.ə.s.), zəngin olduğu halda qurban kəsməyən müsəlmanlar haqqında çox ağır danışaraq: "Onlar bizim musallamıza belə yaxınlaşmasınlar!" demişdir. Bu səbəblə varlıqlı müsəlmanlar qurbanlarını kəsməli, bəzi bəhanələrlə bu əhəmiyyətli ibadəti tərk etməməlidirlər.

Qurban ibadəti, İslam cəmiyyətinin şüarı sayılan ibadətlərdən biri olaraq əsrlərdən bəri davam edir. Bundan başqa qurban, bir müsəlmanın lazım olduğunda bütün varlığını Allah yolunda fəda etməyə hazır olduğunun da bir nişanəsidir.
Qurban Bayramı Biz müsəlmanlar tərəfindən hicri Təqvimə görə Zilhiccə ayının onuncu günündən etibarən dörd gün boyunca qeyd olunan bir dini bayramdır.

            Qurban Niyə Kəsilir?

            İslami qaynaqlara görə, İbrahim Peyğəmbərin yoldaşının sonsuz olması səbəbi ilə uşağı olmayınca Allaha yalvarır, dua edir. Özünün və yoldaşının yaşlı olduğu bir zamanda möcüzəvi bir şəkildə oğlu olur.
            Uşaq bir az böyüdüyündə, İbrahim peyğəmbər yuxusunda onu qurban etməsi lazım olduğunu görür. Oğluna "Əziz balam, mən yuxumda gördüm ki, səni qurban kəsirəm.

            Düşün, nə deyərsən? deyir. O da, atacan, əmr olunduğun şeyi et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!”.

            Peyğəmbərlərin yuxuları normal insanların yuxularından fərqli olduğundan bu bir əmr olaraq qəbul edilmiş və İbrahim peyğəmbər oğlunu qurban etməyə aparmışdır.
Ancaq Allahın əmri ilə bıçaq uşağı kəsmir. Bu əsnada Cəbrayıl qucağında bir qoç ilə gəlir. Bu imtahan müvəffəqiyyətlə bitdikdən sonra bütün müsəlman aləmində Zilhiccə ayının 10-cu günü eyni şəkildə qurban kəsilərək qeyd olunan bayram olmuşdur.

            Qurban Edilə Bilən Heyvanlar

            Qoyun və keçi (bir yaşını bitirmiş olmalıdır və ya yeddi-səkkiz aylıq olduğu halda, bir yaşını bitirmiş kimi kök olmalıdır), mal-qara (iki yaşını bitirmiş olmalıdır), camış (iki yaşını bitirmiş olmalıdır), dəvə (beş yaşını bitirmiş olmalıdır).

            Bir qoyun və ya bir keçi yalnız bir nəfərin adına qurban ola bilər. Bir dəvə və ya mal-qara isə bir ilə yeddi adamın arasında ola bilər. Ancaq bu təqdirdə iştirak edənlərdən hər biri müsəlman olmalı, hər biri heyvanın yeddidə birinə malik olmalı və Allah rızası üçün qurban kəsəcək bir niyyət daşımalıdırlar.

            Qurbanlıq heyvanın iki və ya bir gözünün kor olması, dişlərinin çoxunun düşmüş olması, qulaqlarının kəsilmiş olması, buynuzlarından birinin və ya hər ikisinin kökündən qırılmış olması, qulaq və quyruğunun yarısından çoxunun qopmuş olması, yaradılışda qulaqları və ya quyruğunun olmaması, sümükləri içində iliyi qalmamış dərəcədə zəif olması, kəsiləcəyi yerə gedə bilməyəcək qədər topal və ya xəstə olması kimi qüsurlar belə bir heyvandan qurban olmayacağını göstərir, yəni belə qüsur daşıyan heyvanlardan qətiyyən qurban olmaz.

            Qurban Necə Kəsilir?

            Qurban, bayramın ilk üç günündə də kəsilə bilər, ancaq ilk günündə kəsilməsi daha fəzilətlidir. Əlindən gəlirsə sahibi kəsməlidir. Əks halda bir müsəlman qardaşına kəsdirməlidir. Qurban, kəsilərkən qibləyə doğru yatırdılır, "Allahım! Bu, Səndəndir və Sənədir" dedikdən sonra: "Mən, həqiqətən, bir muvahhid olaraq, üzümü, o göyləri və yeri yaratmış olan Allaha çevirdim. Mən müşriklərdən deyiləm" (əl-Ənam, 6/79) və "Namazım da, ibadətim də, həyatım və ölümüm, aləmlərin Rəbbi olan Allah üçündür" (əl-Ənam, 6/162) ayələri oxunur və "Bismilləhir Rahmənir Rahim və Allahu Əkbər" deyərək qurban kəsilər. Az əvvəl tərcümələri verilən ayələri bilməyənlərin səmimi ürəklə Allaha yönəlmiş olaraq təmiz bir niyyətlə "Bismillah, Allahu Əkbər "demələri də kafidir.

            Bir müsəlman səmimiyyətlə qurbanını kəssə qiyamət günündə bunun qarşılığını qat-qat görəcək. Peyğəmbərimiz (s.ə.s.) bu mövzuda belə buyurmuşdur: "İnsanoğlu Allah nəzdində, qurban günündə qurban kəsməkdən daha sevimli bir iş işləməmişdir. O qurban; qiyamət günündə buynuzları, dərisi və dırnaqları ilə gəlir.  Qurban qanının Allah nəzdində böyük etibarı vardır. Qan axıb yerə düşmədən qurban qəbula keçər. Qurbanı təmiz və xalis bir qəlblə Allaha təqdim edin" (ət-Tac, III, 209, Tirmizi ).

            Qurbanın Hikməti

            Cəmiyyətdə zənginlər və orta hallı insanlar arasında, aylarla ət üzü görməyən yarı ac yarı tox gəzib vəziyyətlərini gizlədən şərəfli, şəxsiyyətli yoxsullar vardır. Belə şəxsiyyətli insanlar üçün Qurban Bayramı Allah Təalanın bir ziyafətidir. Bu ilahi ziyafətlə yoxsulların da könülləri alınmış olur. Bu da ictimai ədalətin yayılmasında və insanlarımız arasındakı sevgi əlaqələrinin güclənməsində müstəsna rol oynayır.

            Bu gün, bütün Müsəlmanların ürəyi; dostluq, qardaşlıq, sevgi, hörmət, köməksevərlik və həmrəylik duyğuları ilə dopdoludur. Bu gün, nifrətlər əriyəcək, kinlər yox olacaq, düşmənliklər, incikliklər sona çatacaq. Ana-ataların, qohum və dostların, qonşu və iş yoldaşlarının Bayramları təbrik ediləcək...

            Dua edək ki, Uca Allahın razılığını qazanmaq üçün axıdılan qurban qanları, insanlarımızın ürəklərindən küskünlükləri, inciklikləri alıb götürsün! Yerinə sevgi çiçəkləri əksin! Nəcə də xoşbəxtdir o insanlar ki, qurbanlarla birlikdə ürəklərindəki kini də qurban edərək ruhlarını təmizləyirlər!

 


Mətanət Kərimova
Bu yazıya 1180 dəfə baxılıb.