Müsahibə-Bəyişova Lalə


Reportaj
Bu yazıya 1564 dəfə baxılıb.

Bəyişova Lalə: İslam dininini dərindən öyrənməyim, namaz qılmağım mənim həyatımda əsaslı dəyişikliyə səbəb oldu. Bəzən səbirsiz, bəzən üsyankar olurdumsa, indi daha təmkinliyəm və Rəbbimə daha çox şükür edirəm. 

Lalə zəhmət olmasa oxucularımıza özünüzü təqdim edin.

1982-ci ilin iyul ayının 5-də Beyləqanda anadan olmuşam. 2 saylı orta məktəbdə təhsil almışam. Anadan gəlmə irsi xəstəlik ilə əlaqədar olaraq gözüm uşaqlıqdan çox zəif görürdü. Gözlərim zəif görsə də  oxumağı çox sevirdim. Çox kitab oxuduqca gözlərim sonradan daha çox zəiflədi. Və hazırda demək olar görmürəm. Sadəcə işığı hiss edirəm. İrsi xəstəlik olduğu üçün tam müalicəsi də mümkün deyil. Bir neçə il əvvəl gözümə mirvari suyu yığışırdı. Vəziyyətim bir az daha ağırlaşdı. Allah yaxşı insanlardan razı olsun.  Əziz Mahmud Hüdayi Vəqfinin rəhbəri xeyirsevər Osman Nuri Topbaşın maddi dəstəyi ilə Türkiyədə əməliyyat olundum. Bir az daha yaxşı görməyə başladım.

Lalə təhsil almağın haqqında sizinlə söhbət etmək istərdik. Bu haqda bizə ne deyə bilərsiniz?

Məktəbi bitirdikdən sonra ali məktəbə sənədlərimi verdim. Amma qəbul imtahanı zamanı görmə problemimdən dolayı vaxtında yazıb bitirə bilmədim və bu səbəbdən də Universitetə daxil olmadım. Bundan sonra 7 il evdə oturdum. Bu illər mənim üçün asan keçmədi. Bəzən əsəbləşir, bəzən də səbirsiz olurdum. 7 ildən sonra rayonumuzdan olan bir qız Qafqaz Müsəlmanları İdarəsi Şəbnəm mədrəsəsinin məzunu olub geri qayıdarkən mənə bura haqqında məlumat verdi. O zamanlar Quran kursu haqqında məlumatım yox idi. Burda görməyən xanımlara Qurani-Kərim öyrədən Aişə müəllimə haqqında danışdı. Və ondan Quranı öyrənə biləcəyimi dedi. Mən də Qurani-Kərim öyrənərək təhsilimi artırıb, insanlara daha faydalı olmaq məqsədi ilə mədrəsəyə gəldim. Burada sanki həyatıma yeni səhifə açıldı. Şəbnəm mədrəsəsi mənim yeni ailəmə çevrildi. Burda tanış olduğum bacılar ən az doğmalarım qədər mənə qayğı göstərdilər. Xüsusən də Aişə müəllimə sağolsun mənə çöx köməklik göstərdi. Mənə həm islam dininin qayda qanunlarını, həm də Qurani-Kərim oxumağı öyrətdi. Əvvəllər İslam dini haqqında demək olar ki, məlumatım yox idi, yəni çox az bilgim var idi. Namaz qılmağı da burda öyrəndim. Və bundan sonra da bütün həyatım, düşüncə tərzim, insanlara münasibətim əsaslı şəkildə dəyişdi.

Təhsil almaq həyatınızda nələri dəyişdirdi?

 Mən Şəbnəm mədrəsəsində təhsillərin ən gözəlinə yiyələndim. Yəni Qurani-Kərim oxumağı və İslam dininin düzgün qayda-qanunlarını öyrəndim. Və mən ömürlük sənətə yiyələndim. Hazırda Şəbnəm mədrəsəsində Qurani Kərim və təcvid dərsi keçirəm. Aişə müəllimənin mənə öyrətdiklərini indi mən də tələbələrimə öyrətməyə çalışıram. 3 il tələbə olmuşam iki ilə yaxındır müəllimə kimi çalışıram. İki tələbəm olub, indi yeni tələbələrimi gözləyirəm. Daha çox insanlara dərs keçib, öyrəndiklərimi onlara da çatdırmaq istəyirəm. Mədrəsə ilə yanaşı rayonumuzda da Qurani Kərim dərsləri keçirəm. Xanımlara Qurani-Kərimi öyrənməkdə yardım edirəm.

Ümumiyyətlə İslam dinini dərindən öyrənməyim, namaz qılmağım mənim həyatımda əsaslı dəyişikliyə səbəb oldu. Bəzən səbirsiz, bəzən üsyankar olurdumsa indi daha təmkinli və Rəbbimə daha çox şükr edirəm. Bura gələndən iki ay sonra öz istəyimlə, hicabın dəyərini anlayaraq örtündüm. Bu da mənim ruhumu daha da rahatlatdı.

Gözünlə bağlı problemlər sizi ruhən incidirmi?

Həyatımdan, Allahımdan çox razıyam. Allah heç kəsə çəkə bilməyəcəyi yükü yükləməz. ONA sonsuz şükürlər olsun. Bəzən deyirəm bəlkə də gözüm zəif olmasa idi, mən dini tədrislə məşğul olmazdım, başqa bir faydasız işlə məşqul olardım. Allah Təalanın mənə lütfüdür ki, mən bu gün Qurani-Kərim tədris edirəm. Bu mənim ruhumu və qəlbimi rahatladır. Gözümlə bağlı problemlərimi də özümə dərd hesab etmirəm. Hər kəs kimi mənim də xətalarım var, günahlarıma kəffarədir inşallah.

Olur, bəzi məqamlarda görə bilməməyim təsir etsə də Allahın izni ilə səbr etməyə çalışıram. Mükafatımı da Ondan gözləyirəm. Hər bir insan başqa cür imtahan olunur. Bu da mənim imtahanımdır.

Oxucularımıza və bizlərə demək istədiyiniz bir söz varmı?

 Mən sonda bizim kimi görməyən insanlara dinimizi və Qurani Kərimi ən gözəl şəkildə öyrətdiklərinə görə Şəbnəm mədrəsəsinə, bura xüsusi qayğı göstərən Şeyxülislam Allahşükür Paşazadəyə və mədrəsənin rəhbərliyinə və bütün müəllimlərimizə təşəkkür edirəm. Allah Təala hər birindən razı olsun.

Görməyən bacı və qardaşlarımıza demək istərdimki, daim dua etsinlər, üsyankar olmasınlar, Allahdan səbr diləsinlər. Allah imanımızı əlimizdən almasın...

Sizlərə də işlərinizdə uğurlar arzu edirəm. Allah Təala işlərinizdə müvəffəqiyyət nəsib etsin. Jurnalınızın fəaliyyəti uzunömürlü olsun.

Lalə bizə vaxtınızı ayırıb, səmimi söhbət etdiyiniz üçün sizə təşəkkür edirik.


Reportaj
Bu yazıya 1564 dəfə baxılıb.