Televizor və tərbiyə


Aygün Məmmədzadə
Bu yazıya 1328 dəfə baxılıb.

Qloballaşan dünyamızda kütləvi informasiya vasitələrindən sayılan televizor və televiziya verilişləri gündən-günə öz aktuallığını isbat edir. Məhz bu vasitə ilə dünyanın o biri ucunda nələrin baş verdiyini, dünyada hansı dəyişikliklərin getdiyini asanlıqla öyrənirik. Eyni zamanda müxtəlif xalqların, ölkələrin mədəniyyəti ilə tanış oluruq. Bəs görəsən, həyatımızın bir parçasına çevrilən televizorun evdə böyüyən uşaqlara nə kimi təsirləri var? İlk növbədə gəlin televizorun uşaqlar üçün faydalı və zərərli tərəflərini qısa xülasə edək:

Faydaları:

a) Uşaqların dünya görüşünü artırır.

b) Uşaqları düşünməyə vadar edir.

c) Uşaqlarda maraq oyadır, həyatın mənasını dərk etmələrinə kömək edir.

d) Uşaqların estetik zövqlərini inkişaf etdirir.

Zərərləri:

a) Uşaqları faydalı fəaliyyətlərdən uzaqlaşdırır, yaradıcılıq duyğularını öldürür.

b) Uşaqları standart dəyərlərdə (istənilən) yetişdirir. Bir növ robotlaşdırır.

c) Duyğu baxımından özünə güvənməyən uşaqlarda təlaş və qorxu hisslərini gücləndirir. Onları daim qorxu içində olmağa sövq edir.

d) İlk təhsil illərində şəxsiyyətlərinin formalaşdığı inkişaf mərhələsində onlarda aqressiv duyğuları gücləndirir.

e) Aparılan araşdırmalarda ABŞ-da, xüsusilə uşaqlar arasında köklük problemi müşahidə olunmuşdur. Bunun səbəbi də TV qarşısında saatlarca tərpənmədən oturmaq və ayaqüstü yeməklər yeməkdir.

f) TV-də gördükləri hər şeyi gerçək olaraq qəbul edə bilirlər.

g) Uşaqlar həqiqətlə həqiqət olmayanı ayırd etməkdə çətinlik çəkirlər. Gözlərinin önündə baş verənlərin oyun, ya da təmsil olduğunu bilmir, gerçək zənn edirlər. Süpermen kimi uçmağa çalışırlar.

Misallar:

Los Ancelesdə bir xidmətçi evin 7 yaşlı oğlunu bişən quzu qızartmasına döyülmüş şüşə səpərkən tutur. Bunun səbəbini soruşduqda isə belə cavab alır: TV-də görmüşdüm. Yoxlayırdım görüm, evdəkilər bundan öləcək, ya yox.

***

Bostonda 9 yaşlı bir uşaq gündəliyindəki pis qiymətlərin tezliklə silinməsi üçün atasına təklif edir ki, müəlliməsinə yeni ildə zəhərli şokolad göndərsin. Buna səbəb olaraq da TV-də bu yolla həyat yoldaşını öldürən bir adamın tutulmamasını söyləyir.

***

Los Ancelesdə iki azyaşlı uşaq TV-də izlədikləri bir detektiv serialdan təsirlənərək bank soymağa cəhd edirlər və 15 nəfəri 7 saat girov götürürlər.

Gördüyümüz kimi televizorun uşaqlar üzərindəki mənfi təsirlərindən biri şiddət duyğularını təhrik etməsidir. Təcavüz mahiyyətli proqramlar azyaşlıları da təcavözkar olmağa təşviq edir.

Unutmamaq lazımdır ki, uşaqlar kütləvi informasiya vasitələrindən günlük və anlıq zövq üçün istifadə edirlər. Cəmiyyətin model və dəyərlərini öyrənmək üçün deyil. Lakin bu zaman özləri də bilmədən bu dəyərləri öyrənir və sosiallaşırlar. Ona görə nə izlədikləri çox mühümdür. Mənfi səhnələr izləyən bir uşağın gələcəkdə müsbət insan olması ağlabatan deyil. Tərbiyəçilərin kütləvi informasiya vasitələrini incələməsi və lüzumsuz nöqtələri tənqid etmələri vacib amildir. Uşaqların izləyəcəyi verilişlər diqqətlə seçilməlidir.

Yeniyetmələrin də tərbiyəsində televizorun faydaları və zərərləri var. Gördüyümüz kimi evimizin bir küncündə duran və vazkeçilməz saydığımız bir məişət əşyası eyni zamanda böyüyən övladlarımızın tərbiyəsində bizə şəriklik edən bir vasitədir. Bu pəncərədən baxdığımız zaman televizoru gənclərin beyninə zəhər saçan zərərli məxluq kimi də dəyərləndirmək mümkündür, onların gələcəyinin formalaşmasında bizə faydası olan müsbət bir vasitə də. Hər şey, əslində, bizim əlimizdədir. İlk növbədə ailədə yetişən uşaqların düzgün məlumatlandırılması şərtdir. Bir böyüyümüzün dediyi kimi televozir və internetin vicdanına tərk edilmiş uşaqlar gələcəyin təhlükəli olmasından xəbər verir. Əgər bir evdə ata işdən gəldikdən sonra da internetdən ayrıla bilmirsə, uşağını yatırtmağa çalışan ana gözünü televizorda gedən serialdan çəkə bilmirsə, deməli, o ailədə yetişməkdə olan övladın tərbiyəsinə kütləvi informasiya vasitələri artıq mənfi təsirlərini göstərməyə başlamışdır.


Aygün Məmmədzadə
Bu yazıya 1328 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.