Bizim Qalaktika


Bizim AİLƏ
Bu yazıya 1557 dəfə baxılıb.

Hələ ən qədim zamanlardan, insanları aydın və Aysız gecə səmasında şimaldan cənuba doğru uzanan işıqlı bir zolağın möcüzəli görünüşü həmişə maraqlandırmışdır. Səmanın başqa hissələrindən fərqlənən və nisbətən möcüzəli görünən bu işıqlı zolağı insanlar öyrənməyə çalışmışlar. Aydın məsələdir ki, adi gözlə bunu öyrənib müəyyən fikir söyləmək mümkün olmamışdır.

            Teleskoplar icad olunduqdan sonra şimaldan cənuba doğru yönəlmiş həmin ağ zolağın Qalaktikanın mərkəzi müstəvisində yerləşən ulduzların şüalanmasının yaratdığı fon olduğu məlum oldu. Buna Ağ yol, Süd yolu, müsəlman aləmində isə Məkkə yolu, anadolu türkləri isə Samanyolu adını verdilər. Bu işıqlı zolağa Məkkə yolu adının verilməsinin özünəməxsus tarixi vardır. Hələ kompas kəşf olunmamışdan qabaq insanlar cəhətləri müəyyən ulduzlara və səma cisimlərinin vəziyyətinə görə təyin edirdilər. Ağ yol isə Dünyanın şimal qütbündən cənub qütbünə doğru yönəldiyindən, insanlar gecə vaxtı yolu azmasınlar deyə həmin istiqaməti tutub müqəddəs həcc ziyarətinə gedərmişlər. Məkkə yolu ifadəsi bu anlamın nəticəsində yaranmışdır. Bu həm də Məkkənin istiqamətini göstərən yol anlamına gəlir.

            Qurani-Kərim, əl-Ənam surəsi, Ayə 97.

            “Suyun və qurunun zülmətində yolunuzu düz getmək üçün ulduzları da sizin üçün yaradan Odur. Biz bu ayələri anlayan bir camaat üçün bu cür ətraflı izah etdik”.

            İtalyan alimi Qaliley tərəfindən 1610-cu ildə 10 sm-lik optik teleskop kəşf edildikdən sonra sirli görünən Ağ yolun mahiyyətinə aydınlıq gətirmək mümkün oldu. Qaliley teleskopda Ağ yolun çoxlu sayda zəif ulduzların yaratdığı fon olduğunu müəyyənləşdirdi. Astronomiya sahəsində çalışan alimlərin uzun müddətli, səmərəli elmi araşdırmaları nəticəsində Ağ yol Qalaktikasının təxminən 150-200 milyard ulduzdan ibarət olduğu müəyyən edildi. Bu ulduzlar bizdən həddən artıq uzaq məsafədə yerləşdiyinə görə zəif işıqlı nöqtə kimi görünürlər. Günəş özü də bizə ən yaxın olan bir ulduzdur. Əgər Günəş də həmin məsafədə yerləşsəydi, o da işıqlı nöqtə kimi görünərdi.

Bizim Qalaktikanı fərqləndirmək üçün onu böyük hərflə yazırlar. Uzun müddət insanların dünyası təkcə bizim Qalaktikadan ibarət olmuşdur. Aparılan tədqiqatlar nəticəsində məlum oldu ki, bizim Qalaktikanın forması iki ağız-ağıza qoyulmuş uzunsov boşqaba bənzəyir. Onun böyük diametrinin 100000 işıq ili, kiçik diametrinin isə 20000 işıq ili olduğu təyin edildi. Bir işıq ili – işığın 300000 km/san sürətlə bir ildə qət etdiyi məsafədir.

            Məlum oldu ki, Ağ yol bizim Qalaktikanın mərkəzi müstəvisində yerləşən ulduzların yaratdığı fondur. Belə bir nəhəng ulduz yığını “bizim Qalaktika” adlanır.   


Bizim AİLƏ
Bu yazıya 1557 dəfə baxılıb.