Süfrələrin Günəşi - Heyva


Kəmalə Hüseynova
Bu yazıya 1631 dəfə baxılıb.

Bol-bəhrəli Azərbaycan torpağında yetişən ləzzət dolu meyvələrdən biri də heyvadır. Payızın əsas meyvələrindən biridir. Heyva süfrələrin günəşi kimi də adlandırılır. Xanımlarımız heyva mövsümü başlayan kimi heyvadan müxtəlif təamlar hazırlayır. Qeyd edək ki, heyva mürəbbəsi çox ləzzətli olur. Bu ecazkar meyvə təkcə ləzzətli olmaqla kifayətlənmir, həmçinin insan orqanizmi üçün əvəzolunmaz bitki hesab olunur. Heyavının sağlamlığımız üçün əhəmiyyətindən danışdıqca bitmir.

“Heyva yeyənin ürəyi güclü, mədəsi ətirli, özü zəkalı və qorxmaz olar”. (Həzrət Əli)

Heyva çox faydalı bitki kimi respublikamızın əksər rayonlarında çox qədimlərdən becərilir.. Dərman məqsədilə yetişmiş meyvələrdən toxumları ayırıb götürülür, günəşli havada qurudulur, sonra ondan çay hazırlayıb soyuqdəymələrdə sinəyumşaldıcı dərman kimi də içirlər. Heyva aprel-may aylarında çiçəkləyir, meyvələri sentyabr-oktyabırda yetişir.

Heyva, qızılgülçiçəklilər fəsiləsindəndir. O, çox qədimdən şərq ölkələrində becərilən və istifadə olunan qiymətli bitkilərdən biridir. Heyvanın elmi adı "Sidoniya"dır. Bu Yunan sözüdür – deməli heyvaya bu adı verən yunanlar olmuşdur. Ədəbiyyatdan məlumdur ki, hələ eramızdan əvvəl yunanlar heyvanı "Krit" adasında becərmişlər. Heyvanın meyvələrinin dadı və gözəlliyi xoşlarına gəldiyi üçün yunanlılar ona şəhərləri "Sidoniyanın" adını vermişlər.

Tarixi məlumata görə, qədim yunanlarda belə bir adət varmış ki, qızlarının xeyir işində, daha doğrusu qızlarını köçürən məqamda onlara heyva yedirərdilər ki, "Afrodit" kimi sevgidə xoşbəxt olsunlar.

Heyva məlum olduğu kimi, 1,5 – 5 m-ə qədər hündürlüyü olan ağacdır. Onun yumurtavarı, yaxud girdə şəkildə yarpaqları və solğun-çəhrayı çiçəkləri var. Yarpaqlarının alt hissəsi yumşaq tüklərlə örtülüdür. Xoşagələn ətirli və dadlı, yetişəndə sarı rəngə boyanan meyvələri olur.

Xalq təbabətində meyvələrini inək yağında bişirib, nəfəs yolları xəstəliklərində: xroniki bronxitdə, eləcə də vərəm xəstəliklərində yeyirlər.

Heyva uşaqlar üçün çox əhəmiyyətlidir!

Heyva, uşaqlarda sağlamlığı qoruyur, böyümə və inkişafı sürətləndirir. Bir çox xəstəliyə şəfa olan heyva, ürək, ağciyər, boğaz, mədə, göz, bağırsaq və ağız narahatlıqlarının müalicəsində faydalıdır. Hər yaşda sinir sistemini gücləndirir, mədə və bağırsaqları zərərli mikroblardan qoruyaraq həzm problemlərini aradan qaldırır.

Qrip və soyuqdəymədə yaxşılaşmağı sürətləndirər. Heyva ya da heyva suyu ishalın keçməsi üçün də çox faydalıdır. Meyvəsi və ya meyvəsindən hazırlanan sirop və kompot ishala yaxşı təsir göstərir. Bədənin gücünü artıraraq, gümrah tutur, yorğunluq və düşkünlükdən qoruyur. Ağız qoxusunun da qarşısnı ala bilir. Heyva ağızdakı yaraların sağalmasını sürətləndirir.

Heyva çiçəyi qaynadılıb içildiyində anaların südünü artırır, ürəyi gücləndirir və baş ağrısını aradan götürür. Heyva dodaq çatlamalarını da sağalda bilir .Heyva yarpaqları çay kimi dəmlənib içildiyində sakitləşdirir və yuxusuzluğu aradan götürür.

Toxum həlimi yaxşı kosmetik vasitədir. O, dərini yumşaldır, həmçinin göz xəstəlikləri zamanı kompres, boğaz ağrıları zamanı qarqara kimi istifadə edilir. Dərini və dırnaqları gümrah, parlaq və daha sağlam hala gətirir.

Heyvanın ətri çox ürəkaçandır. O, əhval-ruhiyyəni yaxşılaşdırır, sıxıntıları aradan götürür. Hamilə qadınlara heyva yemək daha çox faydalıdır.

Peyğəmbər (s) buyurur: “Heyva yeyin və başqalarına hədiyyə edin. Ona görə ki, gözü işıqlandırır, məhəbbəti qəlbə daxil edir və onu hamilə qadınlar yedikdə, uşaq gözəl olur.

Heyva Mürəbbəsi

Ərzaqlar:

1 litrlik banka üçün:

1 kilo çəyirdəyi çıxarılmış heyva (təxminən 4-5 ədəd)

1 kilo şəkər tozu

1 stəkan su

Bir çimdik limon duzu

Hazırlanması:

Heyvaları yarıya bölüb, sonra isə hər yarını iki hissəyə bölün. İçlərini kəsib atın. Nə nazik, nə də ki çox qalın olan dilimlərə doğrayın - təxminən 0.5 sm qalınlığında. Bunun üçün ya ziqzaqlı bıçaqdan ya da adi bıçaqdan istifadə edə bilərsiniz. Heyvanı, şəkər tozunu və suyu ləyənə qoyun. Orta hərarətdə bişirin. Arada bir qarışdırın. Kəf yığılarsa, kəfkirlə yığın. Mürəbbə təxminən 50 dəqiqə - 1 saatdan sonra hazır olmalıdır. Hazır mürəbbənin rəngi narıncı-qırmızıtəhər olmalıdır, şirəsi isə bir qədər qatılaşmalıdır. Mürəbbə hazır olmazdan 5 dəqiqə qabaq, ona limon tuzu əlavə edib bişirin.

Heyvalı toyuq qızartması

Ərzaqlar:

4 ədəd orta boy heyva (təxminən 1 kq)

6 qaşıq duru yağ

2 çay qaşığı zəfəran teli

1.5 kq kiçik parçalara bölünmüş sümüksüz toyuq əti

1 ədəd doğranmış orda boy baş soğan

0.5 stəkan suda həll olunmuş 2 xörək qaşığı tomat

10 ədəd quru gavalı

zövqə görə duz, istiot

Hazırlanması:

 Zəfəran tellərini həvəngdəstə vasitəsiylə döyün və toz halına gətirin. Bir-iki xörək qaşığı isti suda həll edin. Heyvanın qabığını soymadan dilimləyin. Dilimlər orta qalınlıqda olmalıdır. Tavada yağı qızdırın və heyvaları əlavə edib arada qarışdıraraq təxminən 5 dəqiqə ərzində qızardın. Sonra zəfəran dəmini əlavə edib 5 dəqiqə də bişirin. Arada qarışdırın ki, heyva zəfəranı çəksin. Kənara qoyun. İri tavada qalan yağı qızdırın və toyuğu əlavə edərək təxminən 5 dəqiqə ərzində bişirin. Sonra bu tavaya soğanı əlavə edin və birlikdə 6-7 dəqiqə bişirin. Toyuq sulanmağa başlayanda, suda həll olunmuş tomatı əlavə edin. 10-15 dəqiqə, tavanın suyu çəkilib bir qədər qatılaşana qədər bişirin. Bu mərhələdə toyuq hardasa bişmiş, amma tamamilə bişmiş olmamalıdır. Toyuğa heyvaları və quru gavalını əlavə edin. Zövqə görə duz və istiot vurun. Vam odda, qapağı örtülü, toyuq və heyva yumuşalana qədər (heyva diri qalmalıdır) bişirin.


Kəmalə Hüseynova
Bu yazıya 1631 dəfə baxılıb.