Söhbət Edək!


Gülnarə Seyidova
Bu yazıya 1608 dəfə baxılıb.

İnsanlarımız arasında məşhur bir kəlam var. “Qeybət etmirik, söhbət edirik”. Bəs söhbətlə qeybətin arasındakı fərqi bilirsinizmi?

Söhbət ta qədimdən insanlar arasında ünsiyyət vasitəsi olmuşdur. Onun vasitəsi ilə insanlar bir-birinə yaxınlaşmış, dostlaşmış, bəzən isə düşmənə çevrilmişlər. Çünki söhbət vasitəsi ilə hər bir insan öz xasiyyətini, şəxsiyyətini və mədəniyyətini sərgiləyir. 

Söhbət, dostca, yoldaşlar arasında danışaraq xoş bir vaxt keçirmə, danışıq,  həsb-hal mənasını verir. Azərbaycan dilinə ərəb dilindən keçmişdir. 

Söhbətin indiki zamanda əsasən iki versiyası istifadə edilir: Yazılı və şifahi. 

Şifahi söhbət insanların üz-üzə danışması, razılaşması ilə edilən söhbətlərdir. Yazılı söhbət isə məktub, telefon və ya internet vasitəsilə yazışma ilə həyata keçirilir. Yazılı söhbət virtual xarakter daşıdığı halda, şifahi söhbət real mühitdə baş verir. İnsanların özlərini daha aydın izah etməsi üçün şifahi söhbət daha məqbuldur. Üz-üzə söhbət daim insanlar arasında daha güvənli və sağlam ünsiyyət sayılmışdır.

Təəssüf ki, insanlar çox zaman söhbətlə qeybəti səhv salaraq bir araya gəldikləri zaman müxtəlif insanların qeybətini edirlər. Ən təhlükəlisi də budur ki, onlar qeybət etdiklərinin fərqində belə olmurlar. Söhbət etdiklərini, dərdləşdiklərini düşünürlər, amma əslində isə kiminsə dedi-qodusunu edib, günahını alırlar. Elə söhbətlə qeybətin fərqini daha yaxşı bilmək üçün bir az da qeybət haqqında danışmaq istəyirəm.

Qeybət, “Bir kimsənin ayıbını arxasından söyləmək və ya əleyhinə danışmaq” deməkdir. Azərbaycan dilində bu anlayışın qarşılığı olaraq “dedi-qodu” və “çəkişdirmə” sözləri istifadə edilir.

Qeybət sözü - lüğətdə “uzaqlaşmaq, gözdən itmək, gizli qalmaq” kimi mənalara gələn “qeyb” kökünə aiddır. Əslində həm yaxşı, həm də pis sözlərlə xatırlamağı ifadə etməklə yanaşı, termin olaraq əsasən “pis sözlərlə xatırlama” mənasında istifadəsi məşhurdur. Qurani-Kərimdə bir kimsəni sırf zənnə

söykənərək mühakimə etməsi və gizli qüsurlarını araşdırması ilə yanaşı qeybət də qadağan edilmiş, qeybətin ölmüş bir din qardaşının ətini yeməyə bənzədilməsiylə də bu davranışın iyrəncliyi vurğulanmışdır. Bu bənzətmədən, ölü ətinin haram olması kimi, qeybət etməyin də haram olduğu hökmü çıxarılmışdır. 

Ancaq başqa birinin arxasından edilən hər danışıq qeybət sayılmır. Məsələn, hər hansı bir haqsızlığa uğramış bir kimsənin problemini həll edə biləcək birinə danışması və ya bir adamı ona zərər verə biləcək birinə qarşı (iddia təxminlərlə deyil, bir məlumata söykənməklə) xəbərdar etməsi qeybət sayılmır.

Qeybət və böhtan haram olduğu kimi bunları dinləmək də haramdır. Bunları dinləyənlər də qeybət günahına ortaq olarlar. Birinin qüsuru deyilərkən kədərlənsə qeybət olar. Bir müsəlmanın günahı və qüsuru söyləndikdə, hafizlərin, din adamlarının, “əlhəmdülillah biz belə deyilik” demələri, qeybətin ən betəri olar. Birindən bəhs edilərkən, “əlhəmdülillah, Allah, bizi həyasız etmədi” kimi onu pisləmək çox çirkin qeybət olar. “Filan kimsə çox yaxşıdır, ibadətdə bu qüsuru olmasa, daha yaxşı olardı” demək də qeybətdir. 

Qeybət edən kimsə, qeybət etdiyi kimsəylə peşman olub halallaşmadıqca tövbəsi qəbul olmaz. Peşman olmadan halallaşsa riya, ayrı bir günah olar. 

Başda hədislər olmaqla İslami qaynaqlarda, insan haqqlarının ən önəmlisi olan və “ismət” anlayışıyla ifadə edilən şəxsiyyətin toxunulmazlığı qanununa böyük dəyər verilmişdir. Buna görə bir kimsənin qiyabında istər onun şəxsiylə əlaqədar maddi, fiziki, dünyəvi və ya mənəvi, ruhi, əxlaqi və dini qüsurlarından danışılması, istərsə də uşaqları, valideynləri və digər yaxınlarının qüsurlarının deyilməsi qeybət sayılmışdır. Bundan başqa qeybətin sözlə olduğu kimi yazı, mimika, işarə ilə və təqlid kimi davranışlarla ola biləcəyi də ifadə edilmişdir. Bu cür söz və hərəkətlərin gerçəyi ifadə etməsi onun qeybət olma xüsusiyyətini dəyişdirməz. 

İslam alimləri ayə və hədislərdəki bəyanlara söykənərək, eyni zamanda insan qürurunu zədələyən, cəmiyyətdə inciklik və düşmənliklərə gətirib çıxaran bir davranış olmasını diqqətə alaraq qeybətin haram olduğunda ittifaq etmişlər. 

Qeybət müəyyən bir adam və ya zümrənin şərəf və ləyaqətini təhqir etməsi, bu səbəbdən möminlər arasındakı sevgi, hörmət və barışa zərər verməsi səbəbiylə qadağan edildiyindən, konkret bir adamı nəzərdə tutmadan, ümumiyyətlə, insanların pisliyindən danışmaq qeybət sayılmaz. Bir adamı dini qüsurlarından ötəri qiyabında tənqid etmənin qeybət sayılmayacağı irəli sürülmüşsə də, Qazzali insan qürurunu önə çıxaran mükəmməl təhlillərində bu iddianı rədd etmiş və yaxşı niyyətə söykənən hər cür qiyabi tənqidin haram olduğunu ifadə etmişdir. Ona görə bir kimsənin, “Filanın işlədiyi bu qüsurlardan məni qoruyan Allaha həmd olsun” şəklindəki sözləri, başqasını tənqid edərkən özünü təmizə çıxarma mənasını verdiyindən qeybətin ən çirkin növüdür. Çünki burada həm qeybət, həm də riya vardır.

Qeybətin edilməsi kimi dinlənməsi də haramdır. İslam alimləri, bir zərər doğurma ehtimalı yoxsa, sözlə və ya hərəkəti olaraq qeybət edənə mane olunması, bu mümkün olmazsa Ənam surəsinin 68-ci ayəsinin hökmünə uyğun olaraq qeybət edilən məclisin tərk edilməsi, bu da mümkün deyilsə qeybətə qarşı bir məmnunsuzluq duyğusu içində başqa şeylərlə məşğul olunması gərəkdiyi ifadə etmişlər.

Qeybətin səbəbləri kin və hirs, söhbət və yaranlıq, başqasını pisləyərək öz etibarını yüksəltmə düşüncəsi və qısqanclıq şəklində sıralanmış, qeybətdən xilas olmaq üçün bu səbəblərin ortadan qaldırılması tövsiyə edilmişdir. Qeybət, insanın savablarının azalmasına, başqasının günahlarının özünə verilməsinə səbəb olar. Bunları hər vaxt düşünmək, qeybət etməyə mane olar.

Həmçinin bir söz və ya hərəkətin qeybət sayılıb-sayılmaması danışanın niyyəti ilə yaxından əlaqədardır. Bir müəllifin hər hansı bir məsələdə başqasının səhv fikrinə sırf onu hörmətdən salmaq məqsədi ilə yer verməsi qeybət sayılsa da, eyni fikri, bir səhvi düzəltmək üçün və ya yaxşı niyyətə söykənən başqa bir səbəblə deməsi qeybət olaraq qəbul edilə bilməz. Hətta bu bəzən bir vəzifə olar və əsər sahibinə savab qazandıra bilər. 

Qazzalinin əhyasında və onu nümunə götürən digər bəzi qaynaqlarda haqsızlıq edən adamı lazımlı yerlərə şikayət etmək, pisliyə mane olmaq səyində

dəstək axtarmaq, fitva soruşmaq, insanları pisliklərdən və zərərlərdən qorumaq, ləqəbiylə məşhur olan birini bu ləqəblə tanıtmaq, zülm, haqsızlıq, fəsadçılıq, əxlaqsızlıq kimi mövqe və davranışları həyat tərzi halına gətirmiş kəsləri qınamaq məqsədi ilə bunların əleyhində danışmanın qanuni olduğu və haram olmadığı ifadə edilmişdir.

Qiyamətdə bir kimsə, savab dəftərində, etmədiyi ibadətləri görər. Ona “Bunlar səni qeybət edənlərin savablarıdır” deyilər. Gözəl əməllərimizi başqalarının əməl dəftərlərində görmək istəmiriksə qeybətdən, yalandan və iftiradan uzaq olaq. Uzaq olaq ki, dünya və axirət səadətinə qovuşaq. 


Gülnarə Seyidova
Bu yazıya 1608 dəfə baxılıb.