Möminlərin Arasına Saçılan Zəhər: Qeybət


Fatimə Zəhra
Bu yazıya 1428 dəfə baxılıb.

Qeybət, bir müsəlmanın digər bir müsəlman qardaşının arxasından danışaraq, eşidəcəyi zaman kədərlənəcəyi və ya utanacağı bir qüsurundan bəhs etməsidir. Allah Təala, insanoğluna elə böyük bir şərəf bəxş etmişdir ki, onun qüsurlarının deyilməsini ağır bir günah olaraq elan etmişdir. Bu keyfiyyət, rəhməti qəzəbinə qalib olan Rəbbimizin, günahkar və qüsurlu olan bir qulunu da qoruyub himayə etdiyini göstərir.

Bununla yanaşı, qeybətin günah sayılma səbəbi, yalnız Cənabı Haqqın "günahkar bir qulunun belə haqqını mühafizə edib ona sahib çıxma" arzusundan ibarət deyil. Bunun bir səbəbi də, qeybətin, cəmmiyyət həyatının möhtac olduğu sülh və sakitlik ilə qardaşlıq duyğularını zədələyici bir rol oynamasıdır.

Həqiqətən, qeybət, İslam qardaşlığını pozan, cəmiyyət nizamını alt-üst edən, birlik və bərabərlik ruhunu öldürərək ürəklərə kin və hüsumət saçan böyük günahlardan biridir. Belə olmaqla yanaşı bir çox kimsə, cahilanə bir düşüncə ilə, söylədiyinin gerçək olmasıyla özünü sakitləşdirər. Halbuki qeybət, əsasən gerçək olan bir qüsurun deyilməsidir. Gerçək olmayanı söyləmək isə böhtandır. Bunu düşünməyərək, bir adamın, sözlərinin doğru olmasıyla təsəlli tapması və səhv yolda davam edib getməsi, nə böyük bir qəflətdir!

Qeybət, çox həssas və geniş bir mövzudur. Bir qardaşımızın fiziki quruluşu, əxlaqı, malı, uşaqları, qohumu, əşyası, oturması, qalxması, danışması, vərdişləri və s. xüsusları onun xoşlanmayacağı şəkildə şifahi və ya yazılı olaraq dilə gətirmək, mimika və ya qaş-göz, əl-qol hərəkətləriylə izah etmək, təqlidini etmək qeybət sayılır. Yəni müsəlmanın hər hansı bir nöqsanını bir başqasına nəql edən hər söz və hərəkət qeybətdir.

Qeybətdə təxribatçılıq məqsədinin olması şərt deyil. Məqsədsiz və boş yerə edilən danışma və hərəkətlər də qeybət günahına batmaq üçün kafidir.

Qeybət edən adam, ayıblayıb kiçik gördüyü kimsənin işlədiyi günahdan özünün uzaq olduğunu düşünər. Yəni o günahı işləmədiyi üçün özünü qeybət etdiyi adamdan üstün görər. Lakin unutmamaq lazımdır ki:

"Müsəlman qardaşını xor görməsi, insana şər olaraq yetər". (Müslim, Birr 32)

Bundan başqa təcrübəylə sabit olan bir həqiqətdir ki, bir şəxsi ayıb və qüsurları səbəbiylə qınayanlar, çox keçmədən eyni səhvləri işləyər.

Yəni qeybətin təməlində, qürur, kibir, həsəd, kin kimi bir çox pis xüsusiyyət var.

Qeybət, möminlərin arasını pozan və sui-zənnə səbəb olan bir zəhərdir.

Qeybət, insanın ağzını, ürəyini və könül dünyasını çirklədən çirkin bir günahdır. Həzrəti Aişə validəmiz belə deyir:

"Nə qəribədir ki, insan müsəlman qardaşı üçün sərf etdiyi çirkin sözdən ötəri deyil də, yediyi halal loğmadan ötəri ağzını yuyar!" (Əhməd min Hənbəl, əz-Zühd, Beyrut 1398, I, 59).

Cənabı Haqq, mühüm bir qul haqqı olan qeybətdən şiddətlə çəkindirərək belə buyurur:

"Ey iman edənlər! Zənnin çoxundan qaçının. Çünki zənnin bir qismi günahdır. Bir-birinizin qüsurunu araşdırmayın. Biriniz, digərinizin qeybətini etməsin (arxasından çəkişdirməsin). Biriniz, ölmüş qardaşının ətini yeməkdən xoşlanarmı? Bundan iyrəndiniz. O halda Allahdan qorxun. Şübhəsiz, Allah, tövbələri çox qəbul edəndir; çox mərhəmətlidir". (əl-Hucurat, 12)

Cənabı Haqq, qısa bir cümlə ilə çox geniş mənalar ifadə etmiş, insanları qeybət günahından həm əqlən, həm də hissən uzaqlaşmağa çağırmışdır. İnsanları qiyabında tənqid etməyin; insanlıq baxımından, əqli, vicdani olaraq, fitrən və dinən tənqid edilmiş və zərərli bir xüsusiyyət olduğunu, ürəkləri ürpərdən bir təsvirlə ortaya qoymuşdur. Ayəyi-kərimədə qeybətin; "ölmüş qardaşının ətini yemək" şəklində təsvir edilməsi, bu günahın nə qədər ağır olduğunu göstərir. Bir insanın əti, diriykən də murdar və haramdır. Ölmüş qardaşının iylənmiş ətini, üstəlik bir də sevərək yeyə bilmək, nə qədər dəhşətlidir.

Allah Təala, qeybət etməyi qadağan etdiyi kimi onu dinləməyi də qadağan etmişdir. Çünki qeybəti sükut ilə dinləmək də zehnən onda iştirak etməyi ifadə edir. Bir yerdə qeybət edildiyi eşidilsə, orada şərəfinə dil uzadılan müsəlmanı müdafiə etmək və qeybətə mane olmaq lazımdır. Allah Rəsulu (s.ə.s.) belə davranan möminlərə böyük mükafatlar vəd edir. Hədisi-şərifdə belə buyurulur:

"Kim bir mömini, bir münafiqə (qeybətçiyə) qarşı himayə etsə, Allah da onun üçün, qiyamət günü, ətini cəhənnəm atəşindən qoruyacaq bir mələk göndərər. Kim də müslümana təhqir olunmasını diləyərək bir böhtan desə, Allah onu, qiyamət günü, cəhənnəm körpülərindən birinin üstündə, söylədiyinin (günahından təmizlənib) çıxana qədər həbs edər". (Əbu Davud, Ədəb, 36/4883)

Peyğəmbərimiz (s.ə.s.) bizləri qeybətdən çəkindirərək belə buyurmuşdur:

"Ey diliylə iman edib də ürəklərinə iman tam olaraq yerləşməyən kəslər! Müsəlmanların qeybətini etməyin, qüsurlarını da araşdırmayın! Kim müsəlmanların qüsurlarını araşdırsa Allah da onun qüsurlarını araşdırar. Allah kimin qüsurlarını araşdırsa, onu evinin ortasında belə olsa alçaldar ". (Əbu Davud, Ədəb, 35; Tirmizi, Birr, 85)

Qeybətlə məşğul olan kimsə, günaha girdiyi kimi öz ayıb və qüsurunu görüb düzəltməkdən də məhrum qalar. Beləcə, hər yöndən zərərli çıxar. Digər tərəfdən insanlar, dəhşətli qiyamət günündə, özlərinin də çox ehtiyacı olmasına baxmayaraq, savablarını, dünyada qeybət və dedi-qodusunu etdikləri kəslərə verəcəklər. Əgər borclarını qarşılayacaq qədər savabları qalmamışsa, dedi-qodusunu etdikləri kəslərin günahlarını yüklənəcəklər. (Buxari, Məzalim 10, Rikak 48; Müslim, Birr 59)

Buna görə Həsən Bəsri Həzrətləri:

"Əgər mütləq dedi-qodu edəcəksənsə, ana-atanın dedi-qodusunu et! Axirətdə heç olmasa savabın onlara getmiş olar və onların günahını yüklənərsən!" buyurmuşdur.

Digər tərəfdən bir mömin, kimsəni qeybət etməməklə öz haqqında deyilən sözlərə dözüb onları bağışlaya bilsə, böyük bir fəzilət nümunəsi sərgiləmiş olar. (Əbu Davud, Ədəb, 36/488.). Çünki yetkinliyin ən aşkar göstəricisi, dedi-qodu və böhtana dözümdür.

Nəhayət, qeybət mühüm bir qul haqqı, insanı axirətdə iflasa sürüyən böyük bir günahdır. İnsanlar söhbət edərkən hiss etmədən qeybət bataqlığına düşərlər. Çox vaxt günah işlədiklərini belə düşünmədən, "Doğruları danışırıq" deyə ovunarlar. Qeybətin ən təhlükəli tərəfi də, bax elə burasıdır. Qafil insanlara şirin bir musiqi kimi gələn qeybət, həqiqətdə həm dünya, həm də axirət həyatını bərbad edən mənəvi bir xəstəlikdir. Dünyada qeybət, hörmət və qardaşlıq duyğularının yanında, birlik və köməkləşməyi də ortadan qaldırır. Axirətdə isə bir çox xeyir və səvabın qazanılmasına səbəb olmaqla yanaşı, ağır bir günah yükünü də özü ilə gətirər. Buna baxmayaraq, təəssüf ki, bir çox insan, bu günaha asanlıqla düşür, hətta onu vərdiş halına gətirir. Bu səbəblə qeybət barəsində son dərəcə həssas və diqqətli olmalıyıq.

Bu yazı Osman Nuri Topbaşın əsərləri əsasında tərtib olunmuşdur.


Fatimə Zəhra
Bu yazıya 1428 dəfə baxılıb.