Zənnə və Gümana Aldanmayaq


Sevinc Əzimbəyli
Bu yazıya 804 dəfə baxılıb.

  Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!

(Hucurat, 12)

Bu gün yaradılmışlar içərisində ən şərəflisi olan insanin getdikcə ziyana uğraması və böyük  gunah sahibinə çevrilməsi kimi çoxlu sayda üzücü hadisələrin  şahidi olmaqdayıq. Məmləkətimizdə ən çox narahatedici məqamlardan biri də insanlarımızın çoxunun qeybətə və heç bir əsası, dəlili olmayan söhbətlərə aludə olması vərdişidir. İnanc hisslərindən məhrum olan adamın mənəvi dünyası  puç olar. Beləsinin də danışdığı sözün məsuliyyətini də dərk edə biləcək  qədər gücə malik olması mümkünsüzdür. Heç bir  sübuta və dəlilə söykənmədən zənnə və gümana aldanaraq axirətini bu dünyaya dəyişən insanın bu dünyada mənəviyyatı zədəli, axirət həyatı isə iztirablı olar. Məhz buna görə də kimlərinsə haqqına təcavüz edərək, yalan və böhtan söyləmiş şəxsin tövbə etməsi olduqca  vacibdir. Uca varlıq nuru Hz.Məhəmməd (s.a.s.)in “Allah dərgahında sevimli qullar əxlaqı gözəl olanlardır” mübarək kəlamı qiyamətə qədər keçərlidir. Həqiqətən də, gözəl əxlaq sahibi olan insanın yalana və riyakarlığa qurban getməsi heç bir halda mümkün deyildir. Çünki əməli saleh qulun himayəçisi uca Yaradanın özüdür.

    Xüsusilə, islamın gətirdiyi qayda və prinsiplərə sahib olan müsəlmanın qiybətdən özünü qoruması olduqca zəruridir. Nəfsin məğlubiyyəti mənəvi iradənin

və imanın gücünə bağlıdır. Yoxsa illərlə edilən ibadətin qiyamət günündə heç bir dəyəri və əvəzi olmayacaqdır.

    Qiyamət günü bir nəfəri Allahın hüzuruna gətirəcəklər və əməl dəftərini ona verəcəklər. Yaxşı əməllərini əməl dəftərində görməyəndə “Allahım bu mənim əməl dəftərim deyil, etdiyim ibadətləri orada görmürəm” deyəcək. Ona buyurulacaq: “Sənin Allahın səhv etməz və unutmaz! İnsanların qeybətini etdiyin üçün əməllərin silinmiş oldu”.

  Uca Allahu – Təala bütün iman sahiblərini belə zahiri gözəl, batini isə çirkab olan əməllərdən mühafizə etsin. Tarixdə sevilən Allah dostlarının qarşısına çıxan  gözlənilməz şər və böhtan hadisələrə göstərdikləri səbr, iradə, təmkin və ağılla tədbirli davranışla verdikləri cavab bu gündə bizlərə ən gözəl nümunədir.

    Rəvayət olunduğuna görə böyük sufilərdən mövlanə Xalid Bağdadi bir gün Bağdaddan Şama səfər edir. Şamda ikən onun atına iki nəfərin gözü düşür. Onlar “bu şəxs oğrudur, bizim atımızı oğurlamışdır” deyə qazıya şikayət edirlər. Xalid Bağdadi həzrətləri isə belə cavab verir: “Mən bu atı öz tövləmdən çıxardım və minib gəldim. Məncə, bu iki şəxs müsəlmandır və əsla yalan danışmazlar. Allah-təala hər şeyə qadirdir. Bunların atını mənim tövləmə qoymuş ola bilər. Mən də bu atı minib gəldiyim üçün bu insanların haqqını tapdamış sayılıram. Cəzası nə qədərdisə ödəməyə hazıram”.

Eşitdikləri cavabı gözləmədikləri üçün heyrətlənən bu iki nəfər Xalid Bağdadinin böyük mənəviyyat sahibi olduğunu başa düşür və “bu at bizim deyil, yalan deyirdik” söyləyərək üzr istəyib tövbə edirlər.

     Bu hadisə ulu şəxsiyyət, dahi mənəviyyat sahibi olan Xalid Bağdadinin haqqa və ədalətə boyun əyərək, yalançının tövbə etməsinə ibrətamiz, xeyirli vəsilə əməlidir.

     Hər bir insanın yaxşı işlərə dəvət, pis işlərdən çəkindirmək missiyası, onun şəri müqəddəs vəzifəsidir. Əgər belə olarsa hər kəs öz şəri vəzifəsini layiqincə icra edərsə, qiybətdən, yalandan və zənndən uzaq durmuş olar. Uca Rəbbimiz

məmləkətimizin və millətimizin gözəlləşməsi naminə hər birimizə ilahi təslimiyyət, iman dolu təqva nəsib etsin. Amin!    


Sevinc Əzimbəyli
Bu yazıya 804 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.