Həmrəy Olaq!


Mətanət Kərimova
Bu yazıya 1436 dəfə baxılıb.

Həmrəy olaq!

 

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü — Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Xalqımız, dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız hər il dekabrın 31-də milli həmrəylik gününü qeyd edir. Qədim tarixə malik xalqımız bu əlamətdar bayramı uzun illərdən bəri yaranmış, qorunub saxlanılmış ənənələrinə, mədəniyyətinə, tarixi köklərinə xas olan xoş amallarla, duyğularla keçirir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, ürəklərində vətən eşqi, milli-mənəvi birlik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən güclü dəstək alır. İlk dəfə 22 il əvvəl həmrəylik və birlik arzuları ilə dillərə gətirilən və rəsmiləşdirilən bu bayram ürəklərdə uzun illərdən bəri qorunan azadlıq və birlik hisslərinin təzahürüdür.

Uzun bir dövr Vətəndə yaşayan azərbaycanlılar başqa ölkələrdə məskunlaşmış həmvətənliləri ilə görüşmək, əlaqələr yaratmaq imkanından məhrum olublar. Sovet dövlətinin qadağaları qardaşın qardaşla görüşməyinə imkan vermirdi. Sovet rejiminin zəifləməyə başladığı 1980-ci illərin sonlarında Azərbaycan xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səylərini artırdı.

SSRİ-nin son günləri, Azərbaycan millətinin, Arazın hər iki sahilində sərhəd yürüyüşü, dəmir tikanlı məftilləri qırması, özünü suya vurub öz doğma qardaş bacısına qovuşmaları iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türk dilli xalqların Konfransı keçirilirdi. Konfransda dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.

Biz də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində milli mənafelərimizin qorunması, müstəqil dövlətimizin tərəqqisi və beynəlxalq nüfuzunun artırılması naminə sıx birləşərək daha səmərəli fəaliyyət göstərməliyik.

Həmrəy olmaq eyni olmaq demək deyil. Həmrəy olmaq vətənimiz üçün, dövlətimiz üçün birgə çalışmaqdır. Əgər bu dövlətin vətəndaşıyıqsa, bu dövlətin varlığı, əzəməti, ucalığı üçün həmrəy olaq. İnkişaf, tərəqqi və dövlətimizin gələcəyi üçün birgə çalışaq.

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə dünyanın bütün yerlərində yaşayan soydaşlarımızı təbrik edir, onlara hər bir sahədə uğur, 2014-ci ildə isə böyük Qarabağ münaqişəsinin həllinə nail olmağı arzulayırıq. Dünyanın müxtəlif guşələrində yaşayan milyonlarla soydaşımızın arzularının, istəklərinin gerçəkləşməsini diləyirik. Hər zaman həmrəy olmağı arzulayırıq! Hamınıza bol-bol uğurlar, yeni-yeni nailiyyətlər, sağlamlıq, xoşbəxtlik arzulayırıq! Allah sizləri qorusun! Sonda yazımı bu gözəl misralarla tamlayıram.

Ey insanlar, gəlin verək əl-ələ,

Yaşanan günləri verməyək yelə.

Ömrümüz bənzəsin çiçəyə-gülə,

Hər zaman mehriban və həmrəy olaq.

 

Ilin bir günün yox, hər gün, hər saat,

Qəlbində insana saf sevgi yarat.

Kini, qüruru, həsədi qopar, at,

Hər zaman mehriban və həmrəy olaq.

 


Mətanət Kərimova
Bu yazıya 1436 dəfə baxılıb.