İmam Hüseyn


Fidan Seyfullazədə
Bu yazıya 1059 dəfə baxılıb.

İmam Hüseyn

İmam Hüseyn (r.a.), miladi təqvimə görə, 625-ci ildə Mədinədə doğulmuşdur. 10 oktyabr 680-ci ildə Kərbəlada şəhid edilmişdi. Hz.Əli (r.a.) və Hz.Fatimənin ikinci oğuludur. Hicrətin dördüncü ili Şaban ayının üçüncü və ya beşinci günü Mədinədə dünyaya göz açıb. Ləqəbi Əbu Abdullahdır; ləqəbləri isə Raşid, Tayyib, Vefi, Ağıllı, Mübarək, Sibt, Seyid və Seyyid'üş-Şühədadır. İmam Hüseyn (r.a.), təxminən, yeddi il Rəsulullahın (s.ə.s.), otuz il Əmirəl-Möminin Əlinin (r.a.), on il də İmam Həsənin (r.a.)  zamanında yaşamışdır.

İmam Hüseyn (r.a.), Hz. Məhəmmədin (s.ə.s.) nəvəsidir. Birinci imam Hz. Əlinin (r.a.) oğlu və eyni zamanda üçüncü imamdır. İmam Hüseyn (r.a.), həyatıyla, davranışlarıyla, cəsarətiylə yalnız İslam aləmində deyil, bütün insanlıq üçün görkəmli bir abidədir. İmam Hüseynin (r.a.) yaşadığı dövrdə zalım Əməvi suverenliyi hökm sürürdü. Əməvi iqtidarını qurumlaşdıran Müaviyə, İmam Hüseynin (r.a.) atası Hz. Əlini (r.a.) və böyük qardaşı ikinci İmam Həsəni (r.a.) öz iqtidarı üçün təhlükəli görmüş və onları şəhid etmişdir. Müaviyə öldü və yerinə təyin etdiyi oğlu - Yezid keçdi. Oğul Yezid də atasının qanlı iqtidarını qorumaq istəyirdi. Müaviyə, Hz.Peyğəmbərlə (s.ə.s.) illərlə döyüşmüş olan, Məkkəli müşriklərin öndəri olan bir ailədən idi. Hz.Peyğəmbərin (s.ə.s.) hicrətindən sonrakı dövrdə İslamiyyətin inkişafı ilə birlikdə bu ailə artıq müsəlmanların təslim olmayacaqlarını görüncə onlar da İslamiyyəti seçdilər. Halbuki məlumdur ki, bu və buna bənzər ailələrin məqsədi inkişaf edən İslamiyyətin dəyərlərinə sahib olmaq idi. Bunlar bu məqsədlə İslamiyyəti mənimsəyirdilər. Bu müşriklər günümüzə qədər davam edəcək bir qarşıdurmanın toxumlarını o zaman müvəffəqiyyətlə əkdilər.

Və budur, İmam Hüseyn (r.a.). Ya atasının, ya babasının, ya da böyük qardaşının yolunda gedəcəkdi, yəni Haqq yolunu bütün çətinliklərə baxmayaraq , qoruyacaqdı, ya da müşriklərin nümayəndəsi Yezidə boyun əyib, beyət edəcəkdi.

Hz.Peyğəmbər (s.ə.s.) nəvələrini çox sevərdi. Bir gün Cəbrayıl (ə.s.)dedi: "Ey Allahın Elçisi, nəvələrini çox sevdiyinizi görürəm. Hz.Peyğəmbər (s.ə.s.) Cəbrayıla (ə.s.) : “Əlbəttə ki, çox sevərəm onlar həyatımın iki gözəl gülləridir”,- deyə cavab verdi. Cəbrayıl (ə.s.) Hüseynə işarə edərək belə dedi : “Bil ki, ümmətin bu oğlunu öldürəcək”. Daha sonra qanadlarıyla uçaraq əlində bir az torpaqla geri döndü və Rəsulullaha: “Balan bu torpağın üzərində öldürüləcək” dedi. Hz. Məhəmməd (s.ə.s.) torpağın adını soruşduğunda Cəbrayıl (ə.s.) adının " Kərbəla" olduğunu söylədi”.

Bir gün imam Hüseyn (r.a.), Əməvi iqtidarının xalqı təzyiq və zülm altında inlətdiyi bu dövrdə Kufə şəhərindəki xalqdan bir dəvət aldı. Bu dəvətdə Küfəlilər artıq Yezidin zülmündən bezdiklərini və özünü öndər (xəlifə) olaraq qəbul etdiklərini ifadə edirdilər. İmam Hüseyn (r.a.) insanları, əsas da  Kufəliləri yaxşı tanıyırdı. Və gedərsə başına nələr gələcəyini də bilirdi. Bütün bunlara baxmayaraq, İmam Hüseyn (r.a.) ailəsi ilə və bir qrupla Kufə şəhərinə doğru yola çıxdı. İmam Hüseynin (r.a.) yola çıxdığını xəbər alar-almaz dərhal planlara başlayan Yezid, onu dayandırmaq və özünə beyət etdirmənin yollarını axtardı. Yezid beş min nəfərlik bir orduyla Kərbəla çölündə İmam Hüseynə (r.a.) plan hazırladı. Ordunun komandirləri İmam Hüseynə (r.a.) Yezidə beyət etdiyini bəyan etməsini istədilər. İmam Hüseyn (r.a.) Yezidə boyun əyməkdən və onun qanlı zülm iqtidarını tanımaqdansa şəhid olmağı üstün tutdu. Bundan sonra döyüş başladı. Bir tərəfdə İslamın Peyğəmbərinin nəvəsi, digər tərəfdə qanlı iqtidarın nümayəndələri. İmam Hüseynin əsgərləri 72 adam idi. Yezidin əsgərləri isə 5000. İmam Hüseyn (r.a.) və yoldaşları şərəfli bir şəkildə Yezidin əsgərlərinə qarşı müqavimət göstərdilər. Amma güc tarazlıqlarının qeyri-bərabər olduğu bu döyüşdə məğlub oldular. İmam Hüseyn aldığı onlarla qılınc və ox zərbəsi nəticəsində yaralandı. Və Yezidin komandirlərindən Şimr, İmam Hüseynin (r.a.) mübarək başını kəsərək bir nimçə içində Şamdakı sarayında Yezidə təqdim etdi. Daha sonra sevgili imamın başı Şam küçələrində gəzdirildi. İmam Hüseyn (r.a.) yalnız həyatıyla deyil, şahadətiylə bütün insanlığa bir mesaj vermişdir. İmam Hüseyn (r.a.) bir simvoldur. İgidliyin, fədakarlığın, məzlum olmanın simvolu. İmam Hüseyn (r.a.), verdiyi mesajda sonu nə olursa olsun, əsla, Yezidə, bu səbəbdən zalıma və onun zülmünə boyun əyməyəcəyini bütün dünyaya şahadətiylə sübut etmişdir. İnsanlıq var olduqca İmam Hüseyn (r.a.) da var olacaqdır.

 


Fidan Seyfullazədə
Bu yazıya 1059 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.