Naringi


Kəmalə Hüseynova
Bu yazıya 1524 dəfə baxılıb.

Sitrus meyvələri qış aylarının ən sevilən meyvələrindəndir. Bunlardan biri də naringidir. Naringinin vətəni Himalay dağlarının cənub ətəkləri, Hindistanın şimal əyalətləri sayılır.

Mədəni halda becərilməsi tarixi məlum deyil. Güman edilir ki, naringi Şərqi Asiya ölkələrində və ilk növbədə Hindistanda eramızdan bir neçə min il əvvəl mədəni bitkilərdən biri olmuşdur. Buradan Çinə, Yaponiyaya yayılmışdır. Avropa və Amerikada naringi çox gec, XIX əsrin əvvəllərindən becərilməyə başlanmışdır.

Sitrus meyvələri quruluşuna görə 2 hissədən: qabıqdan və ətli hissədən ibarətdir. Qabıq hissə 2 qatdan ibarətdir: üst rəngli qat – flavedo, daxili rəngsiz qat – albedo. Ətli hissə şirə kisəciklərindən təşkil olunmuş dilimlərdən (6-12) ibarətdir. Sitrus meyvələrində qabığın qalınlığı onların saxlanılması cəhətdən əlverişlidir. Sitrus meyvələrinin qabığının rəngi limonda açıq-sarı, portağalda və narıngidə isə sarımtıl-narıncı olur. Sitrus meyvələri noyabr-dekabr aylarında yetişir və yığılır.

Naringinin  tərkibində efir yağlarının faizlə miqdarı onların ayrı-ayrı hissələrində müxtəlif olur. Tərkibində şəkər, çoxlu miqdarda pektin maddələri, turşular, az miqdarda azotlu maddələr olur. Efir yağları kimi pektin maddələri də, əsasən qabıq hissədə toplanmışdır. Meyvələrinin tərkibində vitaminlərdən C, P, B1, B2, PP və karotin vardır. Vitaminlər qabıq hissədə ətli hissəyə nisbətən daha çox toplanır. Naringinin bir çox sortları vardır.

Naringidə vitamin C, B, D, provitamin A, sellüloz, mineral duzlar, efir yağları var. Qədim zamanlardan el arasında xalq təbabətində naringi xəstəliklərin müalicəsində istifadə edilir. Həm dadlı, həm də xeyirlidir.  

            Qış mövsümü meyvələrindən sayılan və C vitamini ilə zəngin olan naringinin xərçəng xəstəliyinə yoluxma ehtimalını azaltdığı bildirilir. Naringi bədənin müqavimətini artırır.

        Naringiyə narıncı rəng verən karotin qara ciyər, damar sərtliyi və şəkər xəstəliyinin qarşısını alır, tərkibində kalium olduğu üçün təzyiqi aşağı salmağa kömək edir.

Naringini yeyərkən mütləq çəyirdəklərini çıxarın, çünki çəyirdəklər kor bağırsaq iltihabına səbəb ola bilir. Gündə  2-3 naringi yemək məsləhət görülür.

Xəstələnmədən uzun ömürlü yaşamaq üçün naringi meyvəsindən istifadə məsləhətlidir. Qış ayının müjdəçisi hesab olunan naringi, xüsusilə immunitet sistemini gücləndirmək istəyənlər və xəstəliklərlə mübarizə aparanlar üçün əsas meyvələrdən hesab olunur. Bu meyvənin faydaları çoxdur:

1. Qanı təmizləyir.

2. Qəlb və damar xəstəliklərinə qarşı qoruyucudur.

3. Yüksək təzyiqi salmağa köməkçi olur.

4. Damar sərtliyinə faydalıdır.

5. Sinirləri sakitləşdirir.

6. Yuxusuzluq çəkənlərə faydalıdır.

7. Qavrama sistemini gücləndirir.

8. Qrip olanlara yaxşı təsir edir.

9. İştah açır.

10. İnsanın özünü daha yaxşı hiss etməsinə və əhval-ruhiyyəli olmasına kömək edir.

Naringi insanı bir çox azardan, o cümlədən piylənmədən qoruyur, şəkər xəstəliyi, insult və ürək xəstələrinə kömək edir.

Öskürəyə qarşı həlim. Öskürəyi azaltmaq üçün naringinin qabıqlarından istifadə edilir. Bir stəkan isti suya xırda doğranılmış bir çay qaşığı naringi əlavə edirik. Stəkanın dörddə bir hissəsini hər gün üç dəfə yeməkdən əvvəl qəbul etmək lazımdır.

Göbələyə qarşı həlim. Naringinin qabığından və şirəsindən göbələk yerinə sürtmək olar. Bir naringi dilimi götürürük, üzərində olan nazik qatı çıxardırıq və göbələk olan yerə şirəsini sıxaraq sürtürük. Belə müalicə sistemli şəkildə gündə bir neçə dəfə edilir.

Naringi keksi

Lazım olan ərzaqlar:

 Naringi - 8-10 ədəd

 yumurta - 3 ədəd

 şəkər tozu – 2,5 stəkan

 vanil – 1 paket

 soda – 0,5 çay qaşığı

 marqarin yağı – 200 qr

 un - 3 stəkan

Hazırlanma qaydası:

Naringiləri yaxşıca yuyun, üzərinə qaynanmış su töküb 5-10 dəqiqə saxlayın. Yumurtanı şəkər tozu ilə çalıb vanil və soda əlavə edin. Yumşaldılmış marqarini xırda-xırda doğrayıb yumurtalı qarışığa əlavə edin. Mikserlə çalıb 3 stəkan un əlavə edin. Ehtiyatla qaşıqla qarışdırın ki, xəmir yatmasın. Naringiləri blenderlə çalıb əsas xəmirə qatın.  Keksin formasını yağlayıb azca unlayın. 150 dərəcə temperaturda 1 saata kimi bişirin.

Naringi mürəbbəsi

Tərkibi:

Naringi - 1 kq,

şəkər - 1,2 kq.

Hazırlanma qaydası

Bütöv naringilər 90°C-də 15 dəqiqə pörtülür, soyudulur və 10-12 saat soyuq suda saxlayırlar. Sonra naringiləri uzununa yarıya bölüb üzərinə şərbət tökür və 6-8 saat saxlayırlar. Şərbəti ayrıca qızdırıb naringinin üzərinə tökmək şərtilə mürəbbəni 4 dəfəyə bişirirlər.


Kəmalə Hüseynova
Bu yazıya 1524 dəfə baxılıb.