Əsl Miras


Gülnarə Seyidova
Bu yazıya 1007 dəfə baxılıb.

Əsl Miras

Miras dedikdə insanın ağlına ilk növbədə mal, mülk, maşın, qızıl və sair maddi dəyəri olan varlıqlar gəlir. Hansı ki, bir təbii fəlakət nəticəsində, bir yanğın, bir soyğun nəticəsində əldən çıxar və insana onların hesabını verməkdən başqa bir şey qalmaz. Hər birimiz bunu çox gözəl dərk edirik, amma niyəsə yenə də fani dünya malından elə bərk yapışırıq ki, sanki heç vaxt elimizdən çıxmayacaq. Məşhur Turk şairi Neyzen Tevfikin bu misraları ağlıma gəldi:

Öləcəyik birgün, basdıracaqlar.

Bir neçə gün tərifləyəcəklər,

Sonra qalan malını bölüşəcəklər;

Hətta məmnun qalmayıb, sənə küfr edəcəklər.

Real həyatda da miras üstündə davalarla, insan öldürməklə, düşmən olmaqla və s. bu kimi xoşa gəlməz hadisələrlə çox qarşılaşırıq. Heç nəsihət uğrunda, xeyirli iş uğrunda, elm yolunda vuruşan insanlar gördünüzmü? Mən şəxsən görməmişəm. Halbu ki, İnsan övladı bir ömür boyu yığdığı pulları məlumdur ki, ölərkən özü ilə apara bilməz. Mütləq özündən sonra gələnlərə, övladlarına, qohumlarına qoyacaq. Amma bəzən heç onlara da çatmır. Mal, pul əldən elə uçub gedir ki, insanlara ancaq xatirələr və hesab qalır. Ona görə də övladlarımıza və gələcək nəsilə yox olub gedən bir mirasdansa, dünya və axirətdə faydalana biləcəkləri əsl miras qoyaq.

Bəs nədir əsl miras?

Əsl miras əxlaqdır.

Əsl miras dünyamızı və axirətimizi aydınladan bilgilərin övladlarımıza öyrədilməsidir.

Əsl miras faydalı təhsildir.

Əsl miras əsrlərlə böyüklərimizdən gələn gözəl adət-ənənələrdir.

Bu sadaladıqlarıma daha yaxından baxaq.

Əxlaq

Əxlaq insanın nəfsini nəzarəti altına almasıdır. Yəni nəfsani istək və arzulara uymayaraq, insaniyyəti göz önünə almasıdır. Əxlaqlı olmaq başqasının var-dövlətinə, namusuna, işinə-vəzifəsinə göz dikməməkdir. Əxlaqlı olmaq haram çörək yeməyib, haram işlər görməməkdir. Əxlaqlı olmaq övladlarımızı düzgün yetişdirməkdir. Onlara doğru mesajlar verib, düzgün yolda yeritmək, halal çörək yedirtməkdir. Əsl mirasın ən öndə gələn bəndidir Əxlaq.

Dünyamızı və axirətimizi aydınladan bilgilər.

Hər birimiz ev üçün alət, özümüz üçün bir dərman və başqa bu kimi gərəkli avadanlıqlar mütləq almışıq. Bunları aldığımız zaman ilk olaraq məlumat kitablarını diqqətlə oxuyub, sonra istifadə edirik. Məsələn, aldığımız dərmanın məlumat kitabını oxumadan istifadə etsək bu bizim sağlamlığımız üçün çox riskli olar, hətta ölümlə nəticələnər. Elə dünya və axirəti də dərk etmək üçün bizə məlumat kitabı vacibdir. Bu kitab da əlbəttə ki, Qurani-Kərimdir. Biz hər iki dünyamızı aydınlatmaq üçün Qurani-Kərimi əlimizdə fənər təki tutaraq, onun işığında yürüməli və övladlarımızı da o yoldan yürütməliyik. Bu miras da Allah Təala tərəfindən göndərilərək, sevgili Peyğəmbərimiz vasitəsilə nəsildən-nəsillərə ən böyük miras kimi bizlərə gəlib çatmışdır. Bizim də borcumuz bunu haqqı ilə gələcək nəsilə ötürməkdir. Yalnız bu zaman dünya və axirətimiz gözəlləşər.

Faydalı təhsil.

Əslində hər bir təhsil növünün mütləq bir faydası vardır. Əsas olan insaniyyətdir ki, o olarsa hər bir təhsil növü də faydalı olar. Yəni insan öz işini görərkən vicdanla, namusla, həya və əxlaqla etməlidir. Bu xüsusiyyətlərə sahib olmayan həkimdən, hakimdən, mühəndisdən, müəllimdən, fəhlədən necə fayda görmək olar? İçində insaniyyəti olmayan bir həkimin cəlladdan, hakimin quldurdan, müəllimin fırıldaqçıdan fərqi yoxdur. Yalnız Allah Təalanı bilən və ondan çəkinən peşə sahibləri vicdanla, namusla öz işlərini ən layiqli şəkildə edərlər.

Övladlarımıza təhsil verməyə borcluyuq, amma bu zaman şan-şöhrətə yox, faydalı təhsil almalarına diqqət etməliyik. Çünki, onların gələcəkdə Allahın izni ilə can qurtaran bir həkim, haqsızlığa son qoyan hakim, gözəl tələbələr yetişdirəm müəllim, insanların faydalana biləcəyi məscid, bina tikən memar olmalarını əlbəttə hər birimiz istəyirik. Sizcə bu cür mirası hansı mal-mülk əvəz edə bilər?!

Adət və ənənələrimiz.

Xalqımız dəyərli adət və ənənələrə sahibdir. Bütün adətlər də düzgün olmaz əlbəttə, insanlar doğru olanı seçib yaşatmalı, gələcək nəsilə də ötürməlidir. Adət və ənənə dedikdə keçmişin xurafatı, boş inanclarını nəzərdə tutmuram. Gözəl adət-ənənələrimizdən bir neçəsini sadalamaq istəyirəm. Məsələn, böyüklərə hörmət, kiçiklərə mərhəmət, qohum və qonşulara diqqət, qayğı, mübarək günlərimizdə bayramlaşmaq, hədiyyələşmək, bir-birimizin xeyir və şər işlərində yaxından iştirak edib, kömək etmək və s. Son zamanlar çox məşhurlaşan bir kəlam var: “Avropaya inteqrasiya”. Yəni “Avropalaşmaq”. Biz avropalaşarkən təəssüflər olsun ki, öz dinimizi, min illik adətlərimizi, böyüklərə hörməti, kiçiklərə şəfqəri tərk edərək fərqli insan obrazı alırıq.

Əgər bu sadaladığımız gözəl xüsusiyyətlər min illər ərzində bizlərə qədər gəlib çatıbsa, biz də bu xalqın övladı olaraq bunu gələcək nəsilə ötürməyə borcluyuq.

 


Gülnarə Seyidova
Bu yazıya 1007 dəfə baxılıb.