Hər Fani Ölümü Dadacaq


Məryəm Dəmir
Bu yazıya 1393 dəfə baxılıb.

HƏR FANİ ÖLÜMÜ DADACAQ

Bədir kimi Məkkəli müşriklərlə dəhşətli bir döyüşdə müsəlmanlar qalib gəlmiş və döyüşdən sonra qalib əsgərləri Bədir Aslanları adlandırmışlar. Müsəlmanların müşriklərlə olan bu ilk döyüşünün zəfərlə nəticələnməsi müsəlmanlara tərifi mümkün olmayan sürur və güvən vermişdi. Müşriklərin isə kin və nifrətini aşmış qəzəbləri daha da artmışdı. Bədir məğlubiyyətini həzm edə bilməyən müşriklər 3000 nəfərlik ordu hazırlayıb Mədinəyə yollanmağa niyyətləndilər. Ətrafdakı ərəblərdən də kömək istədilər.

Bu vaxt Hz.Peyğəmbər (s.ə.s.)in əmisi Abbas (r.a.) Məkkədə baş verənləri Mədinəyə xəbər vermişdi. Allah Rəsulu (s.ə.s.)da hərb məclisini yığmış; Mədinədə qalıb hərbi müdafiə mövqeyində, yoxsa şəhər xaricinə çıxaraq hərbi hücum mövqeyində olmaları barəsində məsləhətləşmələr etmişdi. O, hərbi müdafiə etmək tərəfdarı idi.

Ancaq Bədir qəzasına qatıla bilməmiş olan gənclərin, Hz.Həmzə kimi igidlərin əksəriyyəti təşkil edən rəyləri ilə şəhər xaricinə çıxaraq hərbi hücum edilməsinə qərar verilmişdi..

Üç mərhələdə reallaşan döyüşdə;

1.   Müsəlmanlar qazandı.

2.   Müsəlmanlar itirdi. Hz.Həmzə (r.a.), Musab bin Umeyr (r.a.) şəhid oldu. Rəsulullahın (s.ə.s) mübarək dişləri qırıldı.

3.   Müsəlmanlar müşrikləri geri oturtdu.

Hz.Peyğəmbər (s.ə.s.) ordusunun arxasını Uhud dağına yönləndirdi. Ayneyn təpəsinə də düşmənin bu aradakı vadidən hücum etmə ehtimalına qarşı əlli oxçu yerləşdirdi. Başlarına Abdullah bin Cubeyri (r.a.) təyin edərək onlara bu tapşırığı verdi:

-Siz bizim arxamızı mühafizə edəcəksiniz. Düşmən qalib gəlsin və ya məğlub olsun, məndən xəbər gəlmədikcə yerlərinizdən ayrılmayın! (İbni Hişam. 3.10; Əhməd, 288)

Yuxarıda göstərdiyimiz kimi;

Hərbin birinci mərhələsində müsəlmanlar qalib gəldi.

İkinci mərhələ; Nə oldusa bundan sonra oldu. Düşmənin oyanıq komandirlərindən Xalid bin Vəlid süvari birliyi ilə gözlədiyi fürsəti ələ keçirmişdi. Əmrindəki süvarilərlə dərhal oxçuların olduğu təpənin arxasından dolanaraq Abdullahı və digər oxçuları qısa zamanda şəhid etdilər. Qənimət yığan müsəlmanların arxa tərəflərindən şiddətli bir hücum başlatdılar. Təxribata uğrayıb qaçmaqda olan düşmən əsgərləri də bu vəziyyəti görüncə dərhal geri dönərək müsəlmanların üzərinə yenidən hücuma keçdilər. İslam ordusu iki atəş arasında qaldı. 

Üçüncü mərhələdə isə; Müsəlmanlar müşrikləri geri oturtdu.

 

 

Müşriklərin lehinə olduğu görünən Uhud döyüşündən sonra müşriklərin içinə bir qorxu düşdü, bu səbəblə də geri qayıtdılar. Necə ki, Rəsulullah (s.ə.s.)ə verilən möcüzələrdən biri də düşmənin könlünə uzaq məsafələrdən belə qorxu salması idi. Müşriklər ürəklərinə düşən bu qorxunun da təsiri ilə müsəlmanlara qarşı qazandıqları müvəqqəti qələbəyə baxmayaraq, tamamilə müdafiəsiz olan Mədinəni zəbt etməyə təşəbbüs edə bilmədilər.

Baş verən hadisələrə görə və Uhudda bir çox şəhid verdiyimiz üçün miras bölünməsi ilə əlaqəli Qurani-Kərim ayələri nazil oldu. Uhudda şəhid düşən Sad bin Rəbi (r.a.)nın qardaşı, onun iki qızına heç bir şey buraxmadan bütün mirası götürmüşdü. Bu isə bir cahiliyyə adəti idi. Cahiliyyə dövründə qadın və qızlara dəyər verilmədiyi üçün, onların miras haqqı da yox idi. İslam, bu haqsız tətbiqə son qoydu.

Miras mövzusu ilə birgə Aləmlərin Yaradıcısı Rəbbimiz bizə tam fərqli bir üfüq daha açır: Qadına dəyər verilməyən, əşya kimi alınıb satıldığı bir dövrdə qadına verilən  dəyər… “İslam qadına dəyər vermir” deyənlərə qəti bir cavab “Miras Məsələsi”, Nisa 11-ci Ayəyi-Kərimə xanımların dəyərini bir qat daha artırdı.

Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür. Əgər (ölən şəxsin) qızlarının sayı ikidən artıqdırsa, mirasın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir nəfər qızdırsa, mirasın yarısı onundur. Övladı olduğu təqdirdə vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir. Əgər onun övladı olmayıb, varisi yalnız ata və anadan ibarətdirsə, (malın) üçdə bir hissəsi anaya aiddir. (Qalan hissə tamamilə ataya çatır). Əgər ölmüş şəxsin qardaşları və bacıları varsa, ananın hissəsi altıda birdir. (Yerdə qalan hissəsi yenə atanın payına düşür). Bu bölgü ölən şəxsin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansı birinin (xeyir və) mənfəət cəhətdən sizə daha yaxın olduğunu bilmədiyiniz üçün bu (bölgü) Allah tərəfindən müəyyən edilmişdir. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

Mövzumuz miras olduğu üçün Uhud döyüşünün səbəb və hikmətlərini burada saymayacağıq. Lakin ən əhəmiyyətli hikmətlərindən biri də miras məsələsinin ortaya çıxmasıdır.

Bu mövzuya toxunmadan mövzunu bağlamaq istəmirəm. Bu mövzu ayrılıqda böyük bir yazı ola bilər.

Miras ikiyə ayrılmaqdadır:

1. Fərz Miras: Nisa 11

2. Əxlaqi Miras: Ana - Atanın verəcəyi miras. Rəsulullah (s.ə.s): “Heç bir ana-ata uşaqlarına gözəl əxlaqdan daha yaxşı bir miras qoya bilməz”-buyurmuşdur.  “Hər nəfs ölümü dadacaq” (Ali İmran. 185). Fani olan bədənlərimiz tez-gec torpağa gedəcək. Lakin geridə qoyduğumuz saleh övladların işlədiyi saleh əməllər bizə gəlməyə davam edəcək. Bizlər övladlarımızı gələcək illər üçün vətənimizə, millətimizə bir hədiyyə olaraq yetişdirsək onlara verəcəyimiz ən gözəl miras: Gözəl əxlaq olmalıdır..

Gələcək maddi şeylərlə deyil, mənəvi gözəlliklərlə qazanılacaq bir mövqedir. Gözəl əxlaqla bəzəyəcəyimiz övladlarımızı yetişdirməkdə Rəbbim bizlərə fərasət nəsib etsin. İşimiz avand olsun…

          


Məryəm Dəmir
Bu yazıya 1393 dəfə baxılıb.