Mirasın Şərtləri


Fidan Seyfullazədə
Bu yazıya 1109 dəfə baxılıb.

 

Mirsda haqqın sabit olması üçün üç şərt olmalıdır: Miras qoyanın vəfat etməsi, varisin həyatda olması və mirasa maneənin olmaması.

1 . Murisin ölməsi

Miras qoyan kişinin ya həqiqətən və ya ölü sayılaraq təqdirən və ya hökmən ölmüş olması şərtdir.

Həqiqi ölüm: Həyatın yox olmasıdır. Bu ya birbaşa şəxsin öldüyünü gözlə görməklə və ya dəlillərə dayanaraq olur.

Hökm baxımından ölüm: Hakimin hökm verməsiylə olur. Bu da ya həyatda olma ehtimalı ilə bərabər ölümünə hökm etməklə və ya həyatda olduğu yəqinən bilindiyi halda ölümünə hökm etməklə olur. Birinciyə misal: Hakimin izni olmayan itkin düşən şəxsin ölümünə hökm etməsi. İkinciyə misal: İrtidad edən şəxs darul-hərbə qaçması halında hakimin ölmüş kimi qəbul edilərək bu hökmün verilməsi.

2. Varisin həyatda olması

Muris vəfat edərkən varisin həyatda olması şərtdir. Bu səbəbdən murisdən əvvəl ölən bir qohum, daha sonra ölən murisinə varis ola bilməz. Muris vəfat etdiyi zaman, ana bətnində olan uşağı da sağ doğmaq şərtilə varis olar.

3. Miras əngəlləri

a) Öldürmə

Öldürmək, öldürən üçün mirasa mane olan bir səbəbdir. Çünki bu mövzuda İmam Malikin Muvattasında və Əhməd bin Həmbəlinin Müsnədində rəvayət etdiklərinə görə Hz.Ömər (r.a.): “Hz.Peyğəmbərin (s.a.s.) “öldürənə mirasdan bir şey yoxdur” dediyini eşitdim” demişdir.

Yenə qatil bəzən mirasın əlinə tez keçməsini təmin etmək üçün haram olduğu halda miras alacağı şəxsi öldürmək istəyər. İbrət olsun deyə bu şəxs mirasdan məhrum edilməklə cəzalandırılır. Çünki öldürməklə birlikdə qatilə miras verilərsə başqaları da bunu eləyər. Bu da yer üzündə fəsada yol açar.

b) Din fərqi

Murislə varisin ayrı dinlərdən olması mirasa manedir. Bu məsələdə İslam fəqihlərinin fikir birliyi vardır. Müsəlman kafirə, kafir də müsəlmana qan qohumluğu və ya nikah müqaviləsi olsa belə varis ola bilməz. “Müsəlman kafirə, kafir də müsəlmana varis ola bilməz”.

“İki ayrı dinə mənsub olanlar bir-birinə varis ola bilməz” hədisləri bunun dəlilidir. Bunun səbəbi, müsəlmanla qeyri-müsəlman arasında vəlayət kəsilmiş olmasıdır.

Bu vəziyyətə görə, məsələn, müsəlman bir kişi ilə qeyri-müsəlman arvadı arasında varislik cərəyan etməyəcəyi kimi, bunlardan doğulan uşaqlar da ataya bağlı olaraq müsəlman sayılacaqlarından onlarla qeyri-müsəlman anaları arasında varislik ola bilməz.

Lakin Muaz bin Cəbəl ilə tabeundan Məsruq bin əl-Əcda, Səid bin əl-Müsəyyəb, İbrahim ən-Nəxəi və digər bəzi alimlər bunun əksini düşünürlər. Bunların fikrincə; “Müsəlman kafirə varis olar. Lakin kafir müsəlmana varis ola bilməz”. Əsaslandıqları dəlil bu hədislərdəki ümumi mənadır: “İslam ucadır, onun üzərində ucalmaq olmaz”.

“İslam artırır, azaltmaz”. Bu barədə səhabənin tətbiq etdiyi metod da qalmışdı. Yəhudi olan oğlu bütün mirası almaq istəyərkən, müsəlman olan oğlu məhkəməyə müraciət etdi və haqqını istədi. Şikayətə baxan Muaz bin Cəbəl müsəlmanı yəhudiyə varis təyin etdi.

İslam fəqihlərinin çoxu müsəlmanla kafir arasında mirasın olmayacağını ifadə edən hədisləri bu məsələdə dəlil qəbul etmiş, azlığın əsaslandığı hədislərin isə mirasla əlaqəsinin olmadığını bildirmişlər.

Mürtədin mirası

Mürtəd: İslamı tərk edib başqa dinə keçən və ya dinsiz qalan şəxsdir. Mürtədin nə müsəlman, nə də kafir heç bir kimsəyə varis olmayacağına dair ittifaq vardır.

Əbu Hənifəyə görə, mürtəd olmadan əvvəlki var-dövləti müsəlman varislərinə çatar. Sonra qazandıqları isə beytul-mala “fey” gəliri kimi daxil edilər. Mürtəd qadındırsa bütün var-dövləti müsəlman varislərinə verilər.

İmam Əbu Yusif və İmam Məhəmmədə görə, mürtəd olmadan əvvəl və sonra qazandığı var-dövləti müsəlman varislərinə çatar.

c) Müxtəlif ölkələrdə yaşamaq fərqi (İxtilafud-Dar)

Mirasçılıq maneələrindən biri də miras buraxanla mirasçının ayrı yer vətəndaşları olmalarıdır. Müxtəlif yerlərdə yaşamaq ixtilafı sadəcə qeyri-müsəlman olanlar üçün əngəldir. Müsəlmanlar arasında bir maneə təşkil etməz. Buna görə miras buraxanla mirasçı müsəlman olarsa, iki ayrı ölkə vətəndaşları olsalar belə bir-birlərinə mirasçı olurlar. Məsələn, Azərbaycanda bir müsəlman Misirdəki müsəlman bir qohumuna varis ola bilər. Çünki Darul-İslam müsəlmanlar üçün tək vətən sayılır. Bu səbəbdən bir müsəlman qeyri-müsəlman ölkəsində vəfat etsə, ona Darul-İslamda yaşayan varisləri varis olar.

Ölkənin müxtəlifliyi qeyri-müsəlmanlar üçün miras almağa maneəçilik təşkil edə bilər. Məsələn, müsəlman cəmiyyətindəki qeyri-müsəlman bir insan, başqa ölkədə yaşayan qeyri-müsəlman bir qohumuna varis ola bilməz. Burada varislik “vəlayət əlaqəsinə” əsaslanır. Bu əlaqə kəsildikdən sonra varislik haqqı da aradan qalxmış sayılır. Lakin ölkələr arasında razılığa gələrək, qarşılıqlı miras münasibətlərini tənzimləyə bilərlər.

 


Fidan Seyfullazədə
Bu yazıya 1109 dəfə baxılıb.