Arıqlayarkən Sağlamlığınızı Təhlükəyə Atmayın!


Könül Muradova
Bu yazıya 1114 dəfə baxılıb.

 

Aptekləri, gözəllik vasitələrinin satıldığı parfümeriya mağazalarını son illər bir məhsul "bəzəməyə" başlayıb. Bu iştahbağlayan, başqa adla desək, insanı zorla arıqlamağa məcbur edən dərmanlar, çaylar və digər vasitələrdir. Dərman qablaşdırmalarının əksəriyyətinin üzərində Azərbaycan dilində yazı yoxdur, ancaq tibb elmini bilən bir mütəxəssisin anlaya biləcəyi bir neçə maddənin latınca adı verilir.

 

Ümumiyyətlə, əczaxanalarda satılan bu məhsullar "bütünlüklə bitki mənşəli" deyilərək satılır. Bizim insanımız isə tərkibi bitki mənşəli olan hər şeyin sağlamlığa zərərinin olmadığını düşünür. Əgər bir dərmanın üzərində "bitki tərkiblidir" yazılıbsa, həkim məsləhəti olmadan, sadəcə satıcının göstərişi ilə bu dərmanların istifadəsinə başlayan çox adam var.

 

Təyinatsız, kor-koranə qəbul edilən dərmanlar isə orqanizm üçün ciddi fəsadlar yaradır. Bəzən bu fəsadlar gizlin gedir və onun bizə vurduğu zərəri yalnız iş-işdən keçəndən sonra anlaya bilirik. Arıqlama dərmanlarının göstəriş kağızında isə bir qayda olaraq belə yazılır: "Əks təsiri yoxdur. Lakin hər hansı bir narahatlıq hiss etsəniz, həkimə müraciət edin və ya dərman qəbulunu dayandırın".

 

Amma yalnız həkimə gedəndən sonra bilirik ki, üzə çıxan əlamətlər aysberqin görünən tərəfidir, çünki o əlamətlərə qədər bədəndə gedən proseslərdən heç özümüzün də xəbərimiz olmur.

 

"Bitki tərkibli" hər şey xeyirli ola bilməz!

 

Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirir ki, arıqlama vasitələri kimi təqdim edilən dərmanların çoxu müvafiq qurumun qeydiyyatından keçmir: "İnsanlar dietoloqsuz, mütəxəssis rəyi olmadan bu vasitələri özbaşına qəbul edir, sonra problem yaşayırlar, şikayət edirlər. Bu kimi vasitələri ölkəmizə gətirənlər milli psixologiyamızı yaxşı öyrənib, bilirlər ki, üzərinə "bitki tərkibli" yazılan hər şeyi bizə rahat aldıra bilərlər. İnsanımız bilmir ki, elə bitki var ki, onun bir damla şirəsi zəhərdir".

 

Ekspert deyir ki, o vasitələr orqanizm üçün vacib olan doymamış yağ turşularının bədənə daxil olmasının qarşısını alır: "Arıqlamaq üçün qəbul edilən dərman vasitələri, çaylar çox təhlükəlidir, onlar, hətta orqanizmin xərçəng xəstəliyinə müqavimətini qırır, hormonal dəyişikliyə səbəb olur. O vasitələrdən istifadə etməzdən əvvəl öyrənmək lazımdır ki, niyə kökəlirik. Amma bunu öyrənmək, araşdırmaq əvəzinə, o piyləri əritmək barədə maraqlanırıq. Halbuki artıq çəkidən əziyyət çəkən hər kəs əvvəlcə həkimlə, mütəxəssislə piylənmənin səbəbini axtarıb tapmalıdır. Dərmanı atırlar, amma aktiv həyat tərzi keçirmirlər, oturaq iş piylənmənin birinci dostudur. Hər bir insan üçün fərdi arıqlama sistemi olmalı, bu sistemdə mütəxəssisin - həkimin, dietoloqun rəyi, göstərişi olmalıdır".

 

Həkim bildirir ki, bütün arıqlama əleyhinə dərmanlar psixozlar, asılılıq, baş ağrıları, aritmiya (nəbzin qeyri-müntəzəmliyi), hətta ürək tutmalarına və infarkta da gətirib çıxara bilər. Onun sözlərinə görə, qəbul olunan qidanın həzminə imkan verməyən və bağırsaqişlədici kimi istifadə olunan preparatlar isə bədəndə çox su itkisinə səbəb olur:

 

"Bu dərmanlar, hətta böyrək çatışmazlığı kimi ağır xəstəliklərə səbəb ola bilər. Bədənimizdə suyun itkisi elektrolit pozğunluğa, yəni lazımlı ionların itirilməsinə gətirib çıxarır. Bu dərmanlar insanlarda depressiya da yaradır".

Məlumat  www.xəbər.info saytından götürülüb.

 


Könül Muradova
Bu yazıya 1114 dəfə baxılıb.