Ölüm Bizi Unutmaz!


Səma Bəşirli
Bu yazıya 1204 dəfə baxılıb.

Yaşadığımız hər şeyin bir səbəbi vardır. Boş-boşuna yaşamamışıq... Lakin yaşadığımız hər bir şey həyatımızı zindana çevirəcək qədər ağır deyildir. Həyatda ən böyük ərdəm, yəqin ki, dürüstlükdür. Çünki bir insan ona güvəndiyimiz qədər insandır. Doğruluq günəş kimidir, bu gün batsa da sabah mütləq üzə çıxacaqdır.Yalan isə göy üzündə partladılan fişənglər kimidir, ilk anda hər kəsin diqqətini çəkər, lakin sonra pis qoxudan başqa bir şey qalmaz; yalan insanlıq kimi, yalan sevdalar kimi, boş ümidlər kimi...

Həyatda əsas olan var olmaq deyil, sən olmasan belə varlığı unudulmayan ola bilməkdir. Boşluğu doldurmaq asandır, yeri dolmayan olmaq bir başqadır. Hər şeyi sözlə bəyana ehtiyac yoxdur. Əgər o sözlərdə saxtakarlıq libası varsa, ürəkdə olan sahibinindir. Qarşınızda olan bunu hiss etsin, ya etməsin önəmli deyil. Ürəyiniz boş, dilinizin altı doludursa, süslənmiş sözlərlə ən gözəl libasınız saxtakarlıq olar. Heç zaman unutmayaq ki, rəssam nə qədər gözəl rəssam olsa da, təbiətin cüzi bir hissəsinin rəsmini çəkə bilər. Boyadan istifadə edərək gülləri, səmanı, dənizi olduğundan daha da rəngarəng edə bilər. Xəyalındakı gözəllikləri bir yerə yığar. Amma sadəcə rəsm çəkə bilər, o, təbiət ola bilməz. Rəssamın saatlarını, bəlkə də günlərini verdiyi rəsm bir su tökülməsi ilə necə yox olursa, saxtakarlıq da onun kimidir. Dürüstlüyun, doğruluğun suyu onu silər. Buna görə də yaşadığımız həyat çox önəmlidir. İnsan ömrü bir ziqzaq kimidir. Kim harada duracağını özü seçər. Kimi ən yüksəklərdə, kimi ortalarda, kimi də sonlarda yaşayar. İnsanın yaşam tərzi onun necə biri olduğunu göstərir. Həyatında seçdiyi seçimlər və ətrafındakı insanlar kimi…

İnsan bir müəmmadır. Bəzən vicdanını susduracaq qədər vicdansız, bəzən də içindəki sevgisini öldürəcək qədər qatil, qüruruna qurban gedəcək qədər acizdir. Bəzən hüzur verən varlığın adıdır insan, bəzən də hüzursuzluq verən, ya axtarılan, ya da itməsi üçün can atılan varlıqdır. Gah sevgi, gah da nifrətdir insan… Kiminin könlünün taxtı, kiminin könlünün xarabasıdır. Bəzilərinin ölçülməyəcək dəyəri, bəzilərinin də heç dəyər vermədiyi kəsdir. Kiminin vəfası, kimi üçün isə bir daşdır. Bəzən arxasını dönüb gedəcək qədər kor, bəzən də heç ummadığın zamanda yanında olacaq qədər diqqətlidir insan…

Həyatdakı seçimlər bizim əlimizdədir. Kim olacağımızı özümüz seçirik. Bitəcək olan bir həyat və heç zaman bitməyəcək olan arzularımız var. Yaşadığımız həyat bir dəftər kimidir. Hər səhifəsində bir hekayəmiz, xatirəmiz, arzumuz, sevdamız, ümidlərimiz var. Lakin bu bir həqiqətdir ki, o dəftərin bir səhifəsi var ki, onu heç bir zaman açmaq istəmərik. Zamanla unudulur o səhifə. Ona baxmaq ən sonda ağlımıza gəlir, amma gec olur. Biz onu unutsaq da, o, bizi əsla unutmaz. Ölüm bizi unutmaz. Yaşadığımız müddətdə onu heç zaman xatırlamaq istəmərik. Əslində, xatırlasaydıq o, bizə bitib tükənməyən arzularımızı, istəklərimizi unutduracaqdır. Peyğəmbərimizin (s.ə.s.)  buyurduğu kimi: “Bütün ləzzətləri kökündən kəsən ölümü çox xatırlayın”.

Amma insan xatırlamaq istəmir, çünki nəfsimizə ağır gəlir, rahat yaşamaq istəyirik. Lakin unuduruq ki, hər yaşanan bir gün xatirə olmağa məhkumdur.

 

 


Səma Bəşirli
Bu yazıya 1204 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI
  • Ölüm Bizi Unutmaz!