Zaman israfı


Osman Nuri Topbaş
Bu yazıya 1463 dəfə baxılıb.

İnsan oğlunun sahib olduğu bütün nemətlər Allahın lütfüdür. Nemətləri yoxdan var edən də, onları əldə etmək üçün bəndəyə güc-qüvvə verən də Allah təaladır. Məhz buna görə də insan övladı sahib olduğu nemətlərin əslində Allahın bir lütfü olduğunu unutmamalıdır. Bütün bunların bir gün hesabı veriləcək əmanət olduğunun şüurunda olmalıdır. Qurani-Kərimdə buyurulur:

Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz? (əl-Muminun, 115)

Sahib olduğumuz maddi və mənəvi nemətlərdən istifadə edərkən tamamən sərbəst buraxılmadığımızı və bunlardan Allahın rizasına müvafiq olaraq istifadə etmək məcburiyyətində olduğumuzu düşünməliyik.

Uca Rəbbimiz başqa bir ayədə də:

Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız! (ət-Təkasur, 8) buyuraraq hesab verəcəyimizi xatırlatmaqda və məsuliyyətimizin böyüklüyünü diqqətimizə çatdırmaqdadır.

Allah təala bəxş etdiyi nemətləri qazanmaq xüsusunda olduğu kimi onlardan istifadə edərkən də tabe olacağımız bəzi qanunlar qoymuşdur. Bunları da “halallar və haramlar” deyə bəyan etmişdir. İsraf da Allahın rəhmət və məhəbbətindən məhrum olmağa, ilahi qəzəbi cəlb etməyə səbəb olan haramlardan biridir. Ayədə belə buyurulur:

“...israf etməyin. (Allah) israf edənləri sevməz!” (əl-Ənam, 141)

Zaman israfı:

İnsan oğlunun qəflət səbəbi ilə ən çox işlədiyi xətalardan biri də zaman israfıdır.

Həyat Allah təalanın bütün canlılara yalnız bir dəfə istifadə etmək üçün bəxş etdiyi və müəyyən zamanla məhdud qıldığı son dərəcə qiymətli bir nemətdir. Zamanı ən layiq əməllərə sərf etmək şərtdir. Çünki həyatda hər an edə biləcəyimiz birdən çox iş vardır. Fəqət bunların o an üçün ən əhəmiyyətli olanlarını ön planda tutmaq və digərlərini də əhəmiyyət dərəcələrinə görə sıraya qoymaq zamandan səmərəli şəkildə istifadə edə bilmək üçün diqqət ediləcək mühüm bir düsturdur.

Məsələn; ananın övladına süd əmizdirməsi mərhəmət və şəfqətin təcəllisi olan gözəl bir davranışdır. Ancaq evdə yanğın baş verərsə süd verməyə davam etməsi böyük səhlənkarlıq və vəbaldır. O əsnada bir qab su ilə də olsa yanğını söndürməyə çalışmalıdır. Çünki bu vəzifə digəri ilə müqayisədə daha çox həyati əhəmiyyət daşıyır. Əgər o anda səhlənkarlıq edərsə az bir müddətdən sonra özü də, övladı da yanğında həlak olar.

Eynilə bunun kimi günümüzdə də zamanın əhəmiyyətini nəzərə alaraq digər işlərdən daha çox Allahın dininə vaxt ayırmaq bu xüsusdakı məsuliyyətimizdən irəli gəlir.

Vaxtı ən gözəl şəkildə qiymətləndirən əshabi-kiram üçün həyatın ən zövqlü anları insanlara tövhid həqiqətini çatdırdıqları zamanlar idi. Edam edilmək üzrə olan bir səhabə özünə üç dəqiqə vaxt verən bədbəxtə təşəkkür etmiş və:

“- Demək ki, sənə haqqı təbliğ edə bilmək üçün üç dəqiqəlik vaxtım var. Ümid edirəm ki, hidayətə gələrsən.” -demişdir.

Yaşadığımız günlərdə də bir çox insanlar imansızlıq və əxlaqsızlıq girdabında boğularkən onlara xoş üzlə yaxınlaşıb İslamın gözəlliklərini, zərafət və nəzakətini əks etdirmək hər bir möminin iman və vicdan borcudur.

Zamana andla başlayan bu surədə iman, saleh əməl, haqqı və səbri tövsiyə ilə ehya edilməyən zamanların israf edildiyi və bunun da ziyana səbəb olduğu bildirilməkdədir. Zamanı layiqincə dəyərləndirə bilənlərdən istisna ilə bəhs edilməsi də insanların bu xüsusda əksəriyyətlə aldandıqlarına işarə edən acı bir həqiqətdir.

Allah təala bəndələrinin zaman xüsusunda ziyandan qurtularaq ilahi lütflərə nail ola bilmələri üçün belə tövsiyə edir:

“(Ya Peyğəmbər!) Elə ki (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx (dua et)! (Axirət üçün çalış-vuruş!) Və ancaq Rəbbinə yalvar!” (əl-İnşirah, 7-8)

Yəni, ibadət və xeyirli işlərin biri bitdikdə tez digərinə tələsmək, zamanın ibadətsiz və xeyirdən uzaq keçməsinə fürsət verməmək lazımdır. Çünki həyat neməti axirət səadətini qazanmaq üçün bizə verilmişdir. Ölüm isə bir borc müqaviləsinin ödəmə zamanını göstərən sənədə bənzəyir. Bir tacirin aldığı borcu ödəmək üçün alıcı ilə bağladığı müqavilədə olduğu kimi dünya həyatı da bizə axirəti qazanmaq və ilahi rizaya nail olmaq üçün verilən möhlətdir. Borcunu ödəyəcəyi vədəni ciddiyə almayan, verilmiş möhlətdən istifadə edərək hazırlıq görməyən adamın ödəmə günü sıxıntıya düşdüyü kimi, Allahın verdiyi ömür möhlətindən lazımınca istifadə etməyən insan da xüsrana uğramaqdan qurtula bilməz. Çünki hər insan dünyaya göz açdığı andan etibarən məchul bir ölüm hökmünə məhkumdur. Bu hökmün gerçəkləşmə zamanı isə Əzrail (ə.s)-la qarşılaşacağı andır. Digər tərəfdən insan ömrünün mütləq nəhayəti məchul qılınmışdır ki, bu da hesab verməyə hər an hazır olmaq zərurətindən irəli gələn dəhşətli bir gerçəkdir.

Nemətlər əldən getdikdən sonra çəkilən peşmanlıq heç bir fayda verməz. O halda, fürsət varkən həyatımızı saleh əməllərlə dəyərləndirmək məcburiyyətindəyik. Hər bir üzvün şükrünü layiqincə əda etməyə çalışmalıyıq. Məsələn; dil nemətini qəlblərimizə şəfa olan zikrullah ilə ehya etməyə çalışmalıyıq. Həzrət Peyğəmbər (s.ə.s) möhtərəm xanımı Hafsa anamıza bu tövsiyəni etmişdir:

“Ey Hafsa, çox danışmaqdan çəkin! Allahın zikri xaric, çox danışmaq qəlbi öldürür. Fəqət Allahı çox zikr et! Çünki bu, qəlbi dirildir.” (Əli əl-Müttəqi, I, 439/1896)

Həyatdakı bütün nemətlər xüsusunda olduğu kimi zaman israfının da əsas səbəbi ölümü layiqincə dərk edə bilməmək və ya bu həqiqəti özümüzdən uzaq görmək qəflətidir. Halbiki hədisi-şərifdə:

“Bütün ləzzətləri kökündən yox edən ölümü çox xatırlayın!” -buyurulur. (Tirmizi, Qiyamət, 26) Bu tənbehlərə baxmayaraq davam edən səhlənkarlıqların bir gün acı əzabla nəticələnəcəyi danılmaz həqiqətdir.

Kainatdakı və öz üzərindəki ilahi təcəlliləri qəlb gözü ilə seyr edən bir insan dünya həyatını necə yaşayacağı xüsusunda özünü düşünməyə məcbur hiss edər. İnsanı həyatda məşğul edəcək ən böyük gerçək “ölüm” hadisəsidir. O möhtəşəm vidalaşma anı necə də böyük ibrət tablosudur. Ölümü dərk edən kəs fani ləzzətlərə, axirət yolçusu olduğunu dərk edən də dünya sarayındakı oyuncaqlara aldanmaz və vaxtını onlarla hədər etməz.

Bir adam dünyadakı bütün fani nemətlərə sahib olsa və səadət içində min il yaşasa nə fayda?! Son olaraq gedəcəyi yer üstünə basdığımız qara torpağın altı deyilmi?! Hər bir varlığın təravətinin zaman dəyirmanında durmadan üyüdüldüyünü insan dərk etmirmi? Axirətdən xəbərsiz yaşanan bir dünyada nəfsani həyatı bəsləyən iltifatları daimi, dünya oyuncaqlarını da həqiqi zənn etmək əbədi gələcək adına nə qorxunc aldanışdır!..

Qəflətlə yaşanan bir həyat uşaqlıqda oyun, gənclikdə şəhvət, ahıl yaşda qəflət, ixtiyarlıqda da əldən çıxanlara həsrət və peşmanlıqdan ibarətdir. Halbuki ölüm hər an insanı pusquda gözləməkdədir. Axirət düşüncəsindən məhrum vəziyyətdə dünya firavanlığına çalışan və bunun üçün dünyaya aldanaraq son günə qədər fani ləzzətlərlə yorulanların halı necə də böyük bir israfdır..! Heç ölməyəcəkmiş kimi zamanlarını hədər edənlər bir gün puç etdikləri zamanlar üçün çox böyük peşmançılıq çəkəcəklər...

Həzrət Mövlana dünya əsarətindən qurtulub əbədi səadətə qovuşmağın yolunu belə göstərir:

“Var-dövlətə çox bağlanma ki, vaxtı gəldikdə rahat tərk edə biləsən! Həm asanlıqla verib gedəsən, həm də savab qazanasan! Sən, səni möhkəm tutana bağlan! Çünki Əvvəl də Odur, Axir də Odur.”

“İnsanların çoxu bədənlərinin ölümündən qorxar. Halbuki əsl qorxulacaq xüsus qəlblərin ölümüdür.”

Fəridəddin Əttar tövsiyələrində belə buyurur:

“Dörd şey vardır ki, əldən çıxdıqdan sonra geri qaytarmaq imkansızdır: Qəflətən ağızdan çıxan söz, yaydan çıxan ox, baş vermiş qəza və boşa xərclənən zaman.”

Bir Allah dostu zamanın qiymətini dərk edərək qəflətə düşməmək və günlərimizi layiqli şəkildə dəyərləndirə bilmək üçün bu tövsiyələri verir:

“Tez-tez xəstəxanalara gedərək xəstələri ziyarət et! Oradakılar kimi xəstəliyə düçar olmadığını və sağlıq nemətini düşünərək şükr et! Tez-tez həbsxanalara gedərək oradakı məhkumların min bir iztirabla dolu zindan həyatını təfəkkür et! Cinayətlərin bir anlıq qəflət və ya qızğınlıq nəticəsində işləndiyini, digər tərəfdən məzlum olaraq həbsə düşüb o cəfaya qatlananların da olduğunu və sənin də onların yerində ola biləcəyini düşün! Səni bu hala düşməkdən qoruduğu üçün Allaha şükr et! Oradakılara da dua et! Sonra qəbiristanlığa get, məzar daşlarından yüksələn səssiz fəryadları, ah-nalələri dinlə, ömür neməti əldən çıxdıqdan sonra peşmançılığın bir fayda verməyəcəyini düşünərək keçən vaxtın qiymətini bil! Məzarda yatanlar üçün bir fatihə oxu və geri qalan günlərini həmd, şükr və zikrlə dəyərləndirməyə çalış!”

Mömin olan kəs heç bir zaman və məkanda Allahı unutmamalı və saleh ömür sürməyə cəhd etməlidir.

Zamanın qiymətini bilib onu qəlbi oyanıqlıq içində dəyərləndirmənin məcburiyyətini bildirən hədisi-şəriflərdə belə buyurulur:

“Beş şey gəlmədən əvvəl beş şeyi qənimət bil: Qocalıq gəlmədən əvvəl gəncliyini, xəstələnmədən əvvəl sağlığını, kasıblıqdan əvvəl zənginliyi, məşğul zamanlarından əvvəl boş vaxtlarını və ölümündən əvvəl həyatını!” (Hakim, əl-Müstədrək, IV, 341; Buxari, Riqaq, 3; Tirmizi, Zühd, 25)

“İki nemət vardır ki, insanların çoxu bu nemətlərdən istifadə etməkdə aldanırlar: Səhhət və boş vaxt.” (Buxari, Riqaq, 1)

İmam Qəzali həzrətləri vaxt israfı ilə bağlı belə bir tövsiyə edir:

“Oğul, fərz et ki, bu gün öldün. Həyatında qəflətlə keçirdiyin anlara nə qədər peşman olacaqsan. Ah, kaş ki... deyəcəksən. Lakin olan olmuşdur.”

Cüneyd Bağdadi həzrətləri də belə buyurur:

“Dünyanın bir günü axirətin min ilindən daha xeyirlidir. Çünki qazanc yeri bu dünyadır. Axirətdə nə qazanc var, nə də itki.”

Həyat axar su kimi axıb getməkdədir. Məhdud olan fani ömrümüzün günləri qabı dolduran damlalara bənzəyir. Son nəfəsimizi verərkən acı dramımızı seyr etməmək üçün hər gün həyatımızın bitiş nöqtəsinə doğru irəlilədiyimizi, dünyadan bir gün daha uzaqlaşaraq qəbrə yaxınlaşdığımızı unutmamalıyıq. Əcəl anı məchul olduğu üçün hər an Əzrail (ə.s) ilə qarşılaşacağımızı yaddan çıxarmamalıyıq. Şair Necip Fazıl nə gözəl söyləyir:

O dəmdə ki pərdələr qalxar, pərdələr enər;

Əzrailə “xoş gəldin” deyə bilməkdə hünər!..

Allah təala bizə Qurani-Kərimdə buyurduğu kimi yəqin (ölüm) gələnə qədər qulluq etməyi, israfdan uzaq bir ömür sürməyi və müsəlman olaraq can verə bilməyi nəsib etsin!

Amin!..


Osman Nuri Topbaş
Bu yazıya 1463 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.