Qurd Xəstəliyi


Vüqarə Məmmədova
Bu yazıya 16913 dəfə baxılıb.

Hazırda xüsusilə uşaqlar arasında tez-tez təsadüf olunan  qurd xəstəliklərinin yayılması artmaqdadır. Bunun səbəbləri, yaranma şəraiti haqqında çoxları bilir.  Əsas məsələ   profilaktika və müalicədir. Adətən, lyamblioz qurdu müalicəyə çətin tabe olan xəstəliklərdən sayılır. Mütləq mütəxəssis nəzarəti altında antiparazitar dərmanların qəbul edilməsi vacibdir.

Qurd insanın bədənində hansı orqanizm zəifdirsə o hissəni daha da zəiflədir. Məsələn, kiminsə saç tökülməsi varsa bunu daha da sürətləndirir. Əvvəllər dişin qıcanması, ağızdan su və pis qoxunun gəlməsi, arıqlamaq və s. digər hallar xəstəliyin əlamətləri kimi hesab edilirdi. Amma bir həqiqət var ki, qurd xəstəliyi,  ümumiyyətlə, müəyyən yaşdan sonra xroniki hala keçir. Xroniki hala keçdikdən sonra bu əlamətlər artıq yaranmır.

Qurdları qruplara ayırmaq olmur. Məhşur alim Bauman bu barədə deyib ki, “əsas qurd deyil, qurd üçün yaradılan şəraitdir”.

Buradan da aydın olur ki, hər bir qurdun özünə görə müəyyən riskləri var. Burada əsas olan onlara şəraitin yaradılmamasıdır. Qurdun sevdiyi bəzi şəraitlər var ki, onlar həmin fürsətdən yaxşı istifadə edirlər. Həmin şəraiti yaratmamaq üçün ilk olaraq düzgün qidalanmaq lazımdır. Yəni çalışmaq lazımdır ki, onun sevdiyi qidalar qəbul edilməsin. Belə olan halda həmin qurd yerləşdiyi yerdə çox qalmayacaq və orqanizm ondan təmizlənəcək.

Qurdlardan qurtulmağın ən yaxşı üsulu hidrokolon adlı aparatla mədə-bağırsağın təmizlənməsidir. Qurd bağırsaqlardan təmizləndikdən sonra isə müalicə aparıla bilər.

Adətən, yoluxma halları ictimai nəqliyyat, bağçalarda uşaqlara qida vasitəsilə ilə ola bilər. Son zamanlar qidadan yoluxma halları daha çox olduğu üçün insanlar buna xüsusi diqqət ayırmalıdırlar. Məsləhət görərdim ki, insanlar qurdlardan təmizlənmək üçün sirkədən istifadə etsinlər. 1 litr suyun içərisinə 5-6 damcı sirkə əlavə etsinlər. Daha sonra istifadə edəcəkləri meyvə-tərəvəzləri həmin suyun içində 15 dəqiqə saxlasınlar. Bu üsulla qidalardan qurdun yoluxması 80 faiz azalmış olur.

Həmçinin gigiyena qaydalarına riayət olunmalıdır. Əllər, ayaqlar, ağız boşluğu daima yuyulmalıdır. Bundan başqa bədənin immun sistemi güclü olmalıdır ki, qurda şərait yaranmasın.

Uşaqlarda qurd xəstəliyi varsa valideynlərə evdə həkimlik etməyi məsləhət görülmür. Yaxşı olar ki, belə hallarda həkimlərə müraciət etsinlər. Çünki evdə hansısa səhv müalicə pis nəticələrə səbəb ola bilər. Hər hansısa şübhə yaranan zaman mütləq həmin insan yoxlanışdan keçməlidir.

Ümumiyyətlə, təmizlənməyən qurd yoxdur. Bununla yanaşı qurda yenidən yoluxma riski də daima var. Çünki buna heç kim qarantiya verə bilməz. Bu insanın özündən asılıdır. Əgər həkim xəstəni sağaldırsa, xəstə sonradan yenə gigiyena qaydalarına riayət etmirsə, düzgün qidalanmırsa bu zaman qurd üçün yenidən şərait yaranır. Analiz üçün isə vaxtı özünüz seçə bilərsiniz. Yaxşı olar ki, il ərzində 6 ayda bir dəfə analiz verin.

Uşaqlar əksər hallarda 3-12 yaşlarında qurd xəstəliklərinə (helmintozlar) yoluxurlar. Uşaq orqanizmində eyni zamanda bir neçə növ helmintlər parazitlik edə bilərlər.

Helmintlər uşağın immuniteti azalmasına, allergiyaların, mədə-bağırsaq və sinir sistemi pozğunluqlarına səbəb olur. Praktiki olaraq bütün orqan və toxumaları zədələyən bu parazitlər uşaq orqanizminin fiziki və əqli inkişafını da ləngidir.

Buna görə də valideynlər helmintlərlə yoluxma təhlükəsini bir an da yaddan çıxarmamalı – uşağın yaşadığı evin gigiyenasına ciddi nəzarət etməli, uşaq böyüyəndə isə onun özünü gigiyena qaydalarına riayət etməyə öyrətməlidirlər.

Ancaq profilaktikaya əməl edilməsi heç də bütün hallarda balaca uşaqların bu xəstəliklərə yoluxmasının qarşısını ala bilmir. Bütün uşaqlar çirkli əllərini ağızlarına salır, həyətdəki it və pişiklərlə oynayır, çirkli meyvələri yeyirlər. Ona görə də 10 yaşına qədər olan bütün uşaqlar praktiki olaraq helmintlərə yoluxmuş olurlar.

Bir çox hallarda helmintozun diaqnostikası məqsədi ilə aparılan nəcisin müayinəsi, qanın bəzi göstəriciləri (eozinofillər, E immunoqlobulini) yoluxmanın olmasını təsdiq etmir. Bunu və helmintlərin uşaq orqanizmi üçün olan təhlükəsini nəzərə alaraq hər yaz və payız mövsümlərində həkim-helmintoloqun ilkin məsləhətindən keçməklə bütün ailə üzvlərinin helmintlərə qarşı profilaktik müalicəsini aparmaq məsləhət görülür.

 Lakin əsas müalicəyə əlavə olaraq xalq təbabəti vasitələrindən istifadə edilməsi xəstəliyin həm profilaktikasına, həm də müalicəsinə kömək edə bilər. Ən çox istifadə edilən vasitələr  aşağıdakılardır:

- 300 q təmizlənmiş balqabaq tumları əzilir (yaşıl örtüyü qalmaq şərtilə), alınan sıyıq bankaya tökülür, üzərinə 1\4 stəkan su və 100 q bal əlavə edilir, qarışdırılır. Səhərlər 1 saat ərzində az-az yeyilir, 3 saat sonra işlədici dərman qəbul edilir.

- 1 litr qaynar suda yulafın təmizlənməmiş dənləri dəmlənir, mayenin 1\4 buxarlanana kimi sobada saxlanılır, sıxılır, süzülür. Dəmləmə  gündə 3-4 dəfə  2 stəkan içilir. Müalicə kursu 1 aydır.

Ümumiyyətlə, turş meyvələr və göyərti (məsələn, turş alma və s.)xeyirlidir. Salatlara isə kətan və ya xardal yağı əlavə etsəniz daha çox fayda görərsiniz. Çalışın ki, qida rasionunuzda həmişə düyü dəmləməsi və qaragilə kiseli olsun.

 


Vüqarə Məmmədova
Bu yazıya 16913 dəfə baxılıb.