Azərbaycanda dinə qayıdış


Bu yazıya 1077 dəfə baxılıb.

Azərbaycanda dini şərait 1990-cı ildən başlayaraq, yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıya daxil olduqdan və dinc vətəndaşlara qanlı divan tutduqdan sonra dəyişməyə başladı.

Bütün tarixi faktlar və ictimai evolyusiya mərhələləri bir daha sübut edir ki, Azərbaycanda dinə qayıdış prosesi kortəbii şəkildə başlamış, yalnız sonradan müvafiq dövlət və ictimai qurumlar tərəfindən koordinasiya nəzarətinə alınmış, eyni zamanda kütləvi informasiya vasitələrinin ümumi axına qoşulmasıyla müəyyən ideoloji səviyyəyə yüksələ bilmişdir. Əvvələn, bu prosesə konkret tarixi hadisə - 1990-cı ilin 20 yanvarında totalitar kommunist rejimi tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüz aktı və 22 yanvar tarixində şəhidlərin dəfn mərasiminə Şeyxülislam A.Paşazadənin başçılıq etməsi faktı təkanverici qüvvə olmuşdur. Dövlətə və onun ideologiyasına inamını itirən Azərbaycan xalqı yeni mərhələnin ən uğurlu məfkurəsini öz qədim dinində və milli dəyərlərində tapdı. Şeyxülislamın: “Tarixin öz qanuna uyğunluqları var. Dünyanın gəlişi ilahi bir nizama bağlıdır. Şəhidlərin qanlarının axıdılmasına bais olanlar, bu ədalətsiz fərmana qol qoyanlar həm bu dünyada, həm də qiyamət günü tarix qarşısında, Allah-Təala qarşısında, layiqli cəzadan yaxa qurtara bilməyəcəklər... Biz bir şeyi dəqiq bilirik: yolumuz Haqq yoludur, İslam haqq yoluna çağırışdır. Ona görə də Allah-Təalanın köməyi həmişə bizim tərəfimizdə olacaq”- manifestindən sonra (20.01.1990. M.S.Qorbaçova telefonoqrammadan) ictimai fikirdə fövqəladə bir səhifə açıldı. Bundan sonra hakimiyyətə gələn liderlər Qurani-Kərimə əl basıb and içir, yeni evlənənlər şəriət qaydaları ilə nigah kəsdirir, əsgərlər Quran altından keçirilərək orduya yola salınır, matəm mərasimlərinin önündə din xadimləri “Ər-Rəhman” oxuyur, bir sözlə, gündəlik həyatın bütün təzahür formalarında İslam dininin ana xətti hiss olunurdu.

Ikinci vacib cəhət ondan ibarətdir ki, bütün bu hadisələr fövqündə Qafqaz Müsəlmanları İdarəsinin ictimai fəallığı güclənir və din-dövlət münasibətləri mahiyyətcə yeni bir mərhələyə daxil olur. İdarənin beynəlxalq ictimai və dini təşkilatlarla əlaqəsi Azərbaycan dövlətinin siyasi imicinə yardım etməyə başlayır. Bir sıra nüfuzlu təşkilatlar – islam Konfransı Təşkilatı, İslam İnkişafı Bankı,

Ümumdünya Sülhə Çağırış birliyi, Avrasiya İslam Şurası Azərbaycanı öz sıralarına üzv kimi daxil qəbul edir. Xristian və yəhudi dini konfessiyaları ilə yaxından əməkdaşlıq sayəsində Qafqaz Müsəlmanları İdarəsi regionun öndər ictimai qurumuna çevrilir. Bu dövrdə din-dövlət münasibətlərini tənzimləyən bir sıra qanun və qanunverici aktlar qəbul edilir. Konstitusiyanın 18-ci və 48-ci maddələrinin, 1992-ci ildə qəbul edilmiş (1996-cı ildə əlavələr və dəyişikliklər edilməklə təsdiqlənmiş) “Dini etiqad azadlığı haqqında” Dövlət qanununun, bir sıra müvafiq qanunvericiaktlarının verdiyi səlahiyyətlər çərçivəsində Qaqaz Müsəlmanları İdarəsi ölkə daxilində və bəzi xarici dövlətlərdə özünün fəaliyyət dairələrini yaradır və genişləndirir.

Üçüncü cəhət kütləvi informasiya vasitələrinin müstəqil Azərbaycanın dini həyatında baş verən hadisələrlə uzlaşması problemləri ilə əlaqədardır. Əvvələn, İslamın ümumbəşəri mənəvi-əxlaqi dəyərlərinin ölkəmizdə tədris, tətqiq və təbliği prosesində əsasən aşağıdakı təbliğat formalarından istifadə olunur:

1. Şifahi təbliğat – buraya ayrı-ayrı məclislərdə, toplantılarda, konfranslarda, görüşlərdə ilahiyyatçı alimlərin, ruhanilərin, din xadimlərinin islami dəyərlər barədə söhbətləri, çıxışları, mühazirələri daxildir.

2. Elmi-tədqiqat sahəsində novasiyalar – son illərdə ilahiyyatşünaslıq üzrə 20-dən artıq namizədlik dissertasiyası müdafiə edilmiş, BDU ilahiyyat fakultəsi və Bakı İslam Universitetinin yüzlərlə islamşünas məzunu olmuşdur.

3. Mətbuat vasitəsi ilə təbliğat – “İslam press”, “Nəbz”, “İslam həqiqətləri” qəzetləri, “Kəlam”, “İrfan” jurnalları və s.

4. Radio təbliğatı – yerli və xarici radiokanallarda, özəlliklə “Space”, “Burc FM” və Təbriz radiosunda gedən verilişlər.

5. Televiziya təbliğatı – müxtəlif yerli televiziya kanallarının verilişləri. “Haqqın dərgahı”, “Cümə söhbətləri” və s. ilə yanaşı, ölkəyə yayımlanan Türkiyə və Rusiya kanallarındakı İslama dair proqramlar.

6. Teatr təbliğatı – dini məzmunlu əsərlərin dövlət və özəl teatrlarda səhnələşdirilməsi.

7. Kino təbliğatı – dini filmlərin video prokatı və televiziyada nümayişi: “Çağırış”, “Həzrəti Əli”, “Məkkə” və s. filmlər, uşaqlar üçün nəzərdə tutulmuş dini motivasiyalı cizgi filmləri.

8. Təsviri sənət – divar xalçalarında, dekorativ-tətbiqi sənət əsərlərində dini məzmunlu şəkillər, portretlər və s.

Azərbaycanın kütləvi informasiya vasitələrində dini dəyərlərin cəmiyyətə təlqinində müəyyən addımlar atılır. Bununla yanaşı dövlətin ideoloji strategiyasında da İslam dininin təməl özəlliklərinə və mərasim atributlarına maraq hiss olunmaqdadır. Təbii ki, jurnalistikamızın hələ də bu sahədə qüsurları mövcuddur: bunlar əsasən ümumi diletantizmdən və islami biliklərin natamamlığından irəli gəlir. Lakin uğurlu məqamlar da diqqəti cəlb edir. Azərbaycan mətbuatında, radio və televiziya məkanında dini dəyərlərin mahiyyəti dərk olunmağa başlamış, islamın daşıdığı əxlaqi keyfiyyətlər önə çəkilmiş, neqativ elementləri dini təfəkkürdən ayırmağa cəhd edilmişdir.



Bu yazıya 1077 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.