İki qütb arasında ANA - QIZ


Gülnarə Seyidova
Bu yazıya 1428 dəfə baxılıb.

 

Ana olmaq çətindir, bir uşaq yetişdirmək də çətindir, amma qız anası olmaq daha çətindir. Ana və qız övladları arasındakı problemlər əsasən iki istiqamətdə baş verir.

Bəzi analar qızlarına ya çox dəyər verir, ya da gedərgi bir qonaq kimi diqqət yetirmirlər. Bu halda “yaşlandığımız zaman yenə qız övladı qapımızı açar” düşüncəsiylə təmkinli davrananlar da var.

Övlad sahibi olmağın mənəvi məsuliyyəti irəlidə çətin günlərimizdə bizimlə maraqlanmaları əsasına söykənməməlidir. Bu halda öz mənfəətimizi ön planda tutmuş olarıq. Halbuki tək qarşılıqsız dünyəvi sevgi ana-övlad arasındakı sevgidir.

Qız uşaqları, atalarından sevgi-qayğı görmək istəyərkən analarına daha yaxın olmağa çalışır. Çünki anaları öz cinsindəndir, anasını nümunə götürərək onunla  eyniləşmək istəyir. Təqlid və qaynaşma yolu ilə reallaşan bu hal, qız uşağının şəxsiyyətini şəkilləndirən çox əhəmiyyətli bir müddətdir. Yəni ana ilə qızı arasındakı sağlam ruhi ünsiyyət qız uşağının necə biri olacağını təyin edir. Özünə güvəni olan bir ana, bunu qız uşağına da əks etdirir və onun şəxsiyyət inkişafını dəstəkləyir.

Evdə ana-qız qarşıdurması

Ev işlərini öyrənmək və bəzi məsuliyyətləri üstləmək zamanı ana-qız qarşıdurması çox yaşanır. Ana qızının özünü təmsil etməsindən həm məmnun, həm də narahat olur. Qızlarının xoşa gəlməyən xüsusiyyətlərini “ata tərəfdən nənəsinə və ya bibisinə oxşamış” deyərək məsuliyyətsizliklərinə və bacarıqsızlıqlarına genetik bir səbəb axtarır!

Qızların şəxsiyyətini əldə etmə və həyatdakı rolunu öyrənmədə əhəmiyyətli bir problem də “sərt xarakterli” ana tipidir. Hər işi özü edib, etdiyi iş qədər təqdir edilməyə layiq olduğunu düşünən, özünü dəyərləndirib, başqalarını incitməkdən qəribə bir həzz alan analara qız övladı olmaq çox çətindir! Buyurduğu iş anında edilməli, onun öyrətdiyindən kənara çıxılmamalı, əylənilməməli və s... Qarşıdurma dərinləşər, sonda əlaqələr kəsilər! Artıq ana-qız iki dost deyil, bir-birinə qalib gəlməyə çalışan iki rəqib kimi olarlar. Oğlanların ev işiylə çox əlaqəsi olmadığı üçün anasıyla xoş dolanar, qız da təbii olaraq bunu qısqanar, amma səbəbinin cinsiyyəti olduğunu düşünər.

 Belə analar qızını tərbiyə etmək üçün atanı da qızını danlamağa məcbur edər. Bir ana-atanın münasibəti qızın irəlidəki qadın-kişi əlaqələri üçün təməlini meydana gətirər. Valideynləri tərəfindən döyülən bir qız uşağı irəlidə yoldaşının özünü döyməsini normal qarşılaya bilər, çünki uşaqlığında gördüyü və normal olaraq beyninə yazılan görünüş budur, bunu çevirmək mümkündür, amma güc və cəsarət lazımdır.

Ailə daxili problemlərdən depresiyaya düşən gənc qızların ilk reaksiyaları, ana-ataya üsyan, qeyri-ciddi münasibətlər, otağına qapanmaq, məktəbdən müxtəlif bəhanələrlə gec gəlməklə büruzə verər. Bu cür problemlərini həll etmə ümidiylə güvənilməyən insanlara sirlərini açan saf qızların sui-istifadə edilmələri tez-tez rast gəlinilən bir vəziyyətdir. Həm də qızlar yaradılışlarına əsasən incə ruhlu, həssas olduqları üçün həqiqətən asan aldadılırlar.

Oxumuş qızlar və ev işləri

Təhsilləri geriləməsin deyə qızlarına evdə heç bir iş etdirməyən analarımız da var. Sözün yeri gəldikcə də oxuduğu üçün qızının özünə heç kömək edə bilmədiyindən şikayət də edərlər. Səhv edirlər. Təhsilin məqsədi insana həyatını asanlaşdıracaq təməl bacarıqları qazandırmaq deyilmi? Otağında saatlarla qulaqlıqla musiqi dinləyən bir gənc qızın bir şorba bişirməyi öyrənəcək zamanı mütləq vardır. Bu baxımdan qiymətləndirildiyində, təhsil almaqda olan qızlarımız əslində acınacaqlı haldadır. Bunun səbəbi də yaxşılıq etdiyini zənn edən analardır. Qızlarının bir gün maaş sahibi olunca pulla hər şeyi həll edəcəklərini zənn edirlər. Xatirimdədir, bir rəfiqəm universitetdə oxuduğumuz illərdə özünə yumurta belə bişirə bilmədiyi üçün axşam anası evə gələnədək ac qaldığını söyləyirdi. Qadın məhsuldardır, quruluşçudur, əməyini əsirgəməz, gələcək bir qonaq üçün 5-10 növ yeməyi sevərək hazırlayar. O halda qızlarımızın dərs əzbərləməkdən və gözəl geyinməkdən başqa xüsusiyyətləri olmalı deyilmi?

Ləl-cəvahiratın qiymətini kim bilər?

Bəzi qadınlar evlilikdən tez sıxılıb, ilk qız övladlarına uşaq baxımı da daxil olmaqla, evin bütün ağır iş yükünü verirlər. Bunu etməklə onları həyata hazırladıqlarını, yetişdirdiklərini zənn edərlər. Ciddiliklə söyləyirəm ki, bu qızlar nə uşaqlıqlarını yaşaya bilir, nə də gəncliklərini. Boy atmağa, böyüməyə macalları qalmaz, əzilərlər. Bu cür qızları çalışqan tanındıqları üçün onlarla evlənmək istəyənlər də çox olar. Lakin onlar evliliyə nifrət edərlər. Belə etməyə hansı ananın haqqı vardır ?..

 Özün hər şeyi yaxşı bildiyini, təcrübəli olduğunu düşünən bir çox ana da nəhayət qızının evini və evliliyini idarə etməyə çalışar. Niyyəti yaxşılıq etməkdir, tövsiyə etdiyini zənn edər, amma qaş düzəldərkən göz çıxarar!

 Özünü sevməyən ana qızını sevə bilməz, öz səhvlərini qızının timsalında düzəltməyə çalışar. Ölkəmizdə bir çox qız evdən qaçır, çünki böyüklər yalnız özünü düşünür. Övladları ciddi qəbul edən, ayrılığı, ailələrini dağıtmağı ağlına belə gətirməməlidir.

Öz dəyər və davranışlarımızı yeni nəsillərə köçürməkdə böyük çətinliklər yaşayırıq. Bəzən yanlış olduğumuzu da etiraf etməliyik. Bütün xeyirli dualarımız onlar üçündür, lap yaxşı.. Bəs, onları yetişdirmək üçün lazım olan səyi göstəririkmi?

Qızlar günahsız, tərtəmiz yaradılmışlar, analara yetişdirilməsi, atalara da qorunması üçün əmanət edildilər. Bizlərə əmanəti qorumaq yaraşar!..

 

 

 

 


Gülnarə Seyidova
Bu yazıya 1428 dəfə baxılıb.