Əmanət, yoxsa...


Samirə Mahmudova
Bu yazıya 1256 dəfə baxılıb.

 

“Ruhları ayna kimi parlaq olan, gördüyünü dərhal hafizəyə yazan uşaqların ilk məktəbləri evləri, ilk tərbiyəçiləri isə analarıdır. Anaların orda-burda korlanmadan yaxşı bir tərbiyəçi kimi yetişdirilməsi bir millətin varlığı və gələcəyi üçün olduqca əhəmiyyətlidir.

Bir millət yaxşı yetişdirilmış nəsillər sayəsində var olur. Onun yaxşı yetişdirilməsi də cəmiyyətin kiçik nüvəsini təşkil edən ailələrdən irəli gəlir. Nəsillərin mənəvi tərbiyə, ədəb və əxlaqa sahib olması ailədə onların təlimi ilə məşğul olan anadan asılıdır. Atalar nə qədər evin divarları rolunu oynayırsa, ana o evin sütünları vəzifəsini icra edir. Allahın şəfqət, mərhəmət, incəlik və zərifliklə süsləyib mürəbbi, tərbiyəçi fitrəti ilə yaratdığı analar bu potensialından övladlarını həqiqi insanlığa yüksəltmək istiqamətində mütləq istifadə etməlidir.

 Uşaq yetişdirməyə qabiliyyəti çatmayan, çatsa da özünü məsul bilməyən bir ana ilə, ailənin heç bir problemi ilə məşğul olmayan bir atanın “tərbiyəsində “ böyüyən uşaqlar analı-atalı yetimlər sayılırlar.

Xüsusən də vaxtının çoxunu  uşaqları ilə birlikdə keçirən analar övladlarının ruhən və mənən sağlam yetişməsi üçün əlindən gələn səyi etməlidir. Övladlarını qız –oğlan ayrımı etmədən yaxşı tərbiyə etməli, birini o birindən üstün tutaraq qəlblərində inciklik və kin yaratmamalıdır. Lakin istər-istəməz analar bu balansı övladları arasında yarada bilmirlər. Oğlan uşaqlarına meyillilik qızlara nisbətən daha çox olur.

 Hər problemi atasına deməkdən çəkinən oğlanların əksəriyyəti qarşılaşdığı çətinlikləri  rahatlıqla anası ilə bölüşür. Anaların oğlanlarına olan bu bağlılığı zamanla xəstəlik halını alaraq, hər kəsdən qısqanmalarına gətirib çıxara bilir. Bəzi ailələrdə vəziyyət, hətta o həddə çatır ki, analar oğullarının ailədaxili məsələlərinə belə qarışmağı özlərinə haqq, hətta borc bilirlər. Bu da ər-arvad arasında problemlərin əmələ gəlməsi ilə ciddi bir hal alaraq bəzən boşanmalara səbəb olur. Boşanan ailələr ilə söhbət apardıqda qadınlar boşanmalarının əsas səbəbi kimi qaynanalarının onların ailəiçi məsələlərinə müdaxilə etdiyini səbəb göstərirlər. Analar övladlarını öz gözlərində zəif  və aciz düşünərək onların böyüyüb sərbəst qərarlar verəcək yaşa çatdığını unudur, hər mövzuda oğlanlarının həyatına müdaxilə edə biləcək haqqa sahib olduğunu düşünürlər. Bəzi analar isə özlərinin deyimi ilə “min bir əziyyətlə böyüdüb başa çatdırdığı övladlarının” onlara borclu olduğunu, nə edərsə etsin heç vaxt haqqını ödəyə bilmədiklərini düşünərək özlərinin fikir və düşüncələri istiqamətində hərəkət etməsini istəyir, övladlarının sərbəst həyatını yaşamasını  və şəxsinə aid qərarlar verməsini anaya itaətsizlik kimi qələmə verərək onları minnət duyğusu içində saxlayırlar. Analar unudurlar ki, övladları onların şəxsi əmlakı deyil, Allahın bir əmanətidir.

Müqəddəs kitabımız Qurani-Kərimdə Allah Təala insanlara verilən mal və övladı əmanət olaraq verdiyini belə ifadə edir:

“Bilin ki, mallarınız və övladlarınız bir imtahan səbəbidir. Böyük mükafat isə Allah qatındadır”. (Ənfal, 28)

Həqiqətən, övladlar insanlara verilən sərvət və mal-mülk imtahanın bir səbəbidir. Bu halda ona verilən bu əmanəti lazımınca qorumalı, əmanətə xəyanət etməməli və hesabının bir gün veriləcəyini yadından çıxartmamalıdır. Gözəl ədəb və əxlaqla yetişdirilən uşaqlar valideynləri üçün həm bu dünya həyatında, həm də axirət həyatında iftixar vəsiləsidirlər. Rəsulullah (s.ə.s.) buyurur ki:

“Öldükdən sonra bəndənin dərəcəsi yüksəldilir. Bəndə:

-Ey Rəbbim! Bu savab haradan gəldi? Deyə soruşar. Allah Təala ona:

-Arxanda qoyduğun xeyirli və saleh övladın sənin üçün istiğfar etdi,dua etdi – buyurur. (İbn Macə, Ədəb,1)

Bu xüsuslara diqqət yetirərək övladlarını Allah və  Peyğəmbər sevgisi və ətrafdakı  insanların haqq və hüquqlarına hörmət və sevgi ilə yanaşmağı öyrədənlər həm onların  dünya, həm də axirət səadətini əldə etmələrinə vəsilə olar.

Analar övladını nə qədər fəzilətli yetişdiriblərsə, o qədər “Övladım” deməyə haqqı çatar.

 


Samirə Mahmudova
Bu yazıya 1256 dəfə baxılıb.