Cəsur Ana Və Autizm


Bizim Ailədən
Bu yazıya 1456 dəfə baxılıb.

Övladının sağlamlığı üçün mübarizə aparan ana - Aytən EYNALOVA

Aytən xanım, zəhmət olmazsa özünüzü təqdim edin.

Eynalova Aytən “Birgə və Sağlam” İctimai Birliyinin rəhbəriyəm. Türkiyənin Ankara şəhərində yerləşən universitetlərdən birində təhsil almışam. Azərbaycana qayıtdıqdan sonra 12 il müəllim işləmişəm. Ailə qurduqdan sonra ilk övladım Həmzə dünyaya gəldi. Bir yaşından sonra Həmzənin yaşıdlarından fərqli olduğunu hiss etməyə başladım. Elə həmin vaxtdan artıq 10 ildir ki, biz Həmzənin sağalması üçün çalışırıq.

Aytən xanım, Həmzənin problemləri nədən ibarət idi?

Həmzə bir yaşına kimi tam normal inkişaf etdiyi halda birdən-birə geriləməyə başladı. Danışmırdı, göz kontaktı qurmurdu, adıyla çağırıldığı zaman cavab vermir, istəklərini, ehtiyaclarını bildirmirdi. Öz yaşıdları ilə oynamır, dönən əşyalara uzun müddət göz qırpmadan baxır, bir oyuncaqla saatlarla oynayırdı. Qeyd edim ki, normal uşaqlar bir oyuncaqla uzun müddət oynamır, tez sıxılırlar, onda isə belə deyildi. Qısacası, tam normal inkişafda olan bir uşaq birdən-birə gerilədi.

Bundan sonra Həmzəni təxminən bir il Azərbaycanda tanınmış bütün həkimlərin yanına apardım. Bu fərqliliyi təəssüflər olsun ki, heç bir həkim çözə bilmədi. Hər kəs uşağın normal olduğunu söyləsə də, mən bir ana kimi nə isə bir problemin olduğunu duyurdum. Və bu narahatlıqla biz Türkiyəyə yollandıq. Orada xəstəxanada həkim müayinəsi zamanı təxminən 10 dəqiqəyə övladımın xəstəliyi müəyyənləşdirildi. O, Autizm xəstəsi idi. Həkimlər dərhal anlamışdı.

Həmzənin xəstəliyinin dəqiqləşdiyi gün otağa qapılıb bağıraraq, saatlarla ağladığımı xatırlayıram. Bir insan üçün, əsasən də ana üçün övladı ilə imtahan olunmaq çox çətindir. Amma heç vaxt Allaha şükür etməkdən əl çəkmədim, özümü toparlayaraq çıxış yollarını axtarmağa başladım. Həmin gün bir az sakitləşdikdən sonra küçəyə çıxdım. Gəzərkən iki məsciddən ard-arda eşitdiyim sözlər də mənə çox təsir etdi. “Övladlarınız sizə imtahan olaraq verilir və bütün peyğəmbərlər də övladları ilə imtahan olunub”. O gündən sonra bu uşağın mənə nə üçün verildiyini düşünməyə başladım. Və özüm üçün dəqiqləşdirdim ki, əgər Həmzə mənə verilibsə bunda mütləq bir xeyir var.

Bəs Həmzənin müalicəsi üçün nələr etdiniz?

Əslində Türkiyəyə getməmişdən əvvəl bu diaqnozu internetdən araşdırmalarım vasitəsilə özüm də təyin etmişdim. Autizm xəstəliyinin əsas göstəricilərindən biri də elə normal inkişaf zamanı birdən birə geriləməkdir. Həmzənin xəstəliyinin nə olduğunu dəqiqləşdirdikdən sonra onunla bağlı araşdırmalar etməyə başladım. Bu xəstəliyin əsas mütəxəssisləri, araşdırmaları Amerikadadır. Oradakı həkimlərlə əlaqələr qurdum. Və anladım ki, bu xəstəliyin müalicəsi reabilitasiya təhsili ilə mümkündür. İtirilən bacarıqların bərpa olunması üçün dayanmadan məşqul olmaq lazımdır. Təxminən gün ərzində 4-9 saat məşqlər aparılmalıdır. Azərbaycanda isə 10 il bundan əvvəl autizm xəstələrinin reabilitasiyası üçün heç bir yer yox idi. Ona görə də biz Türkiyəyə köçməli olduq. Beş il orada yaşadıq. Mən işimdən çıxaraq bütün həyatımı Həmzəyə həsr etdim. 8 il dayanmadan onun sağalması üçün çalışdım. Bu müddət ərzində müalicə yollarını axtarmaq məqsədilə çox sayda konfranslara, konqreslərə qatıldım, layihələr hazırladım. Bunlardan birini sizə misal göstərə bilərəm. TİKA (Türk İşbirliyi və Koordinasiya Ajansı), Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və biz yoldaşımla birlikdə hazırladığımız layihə əsasında Gazi Universitetində “Zihinsel engelliler bölümü”ndə “müsafir öyrənci” adı altında 5 mütəxəssisimiz 7 ay dərslər keçdilər. Və bir sıra bunun kimi layihələr həyata keçirdik.

Beş ildən sonra Həmzənin təməl müalicələri başa çatdığında artıq onun yaxın qohumlarla da ünsiyyətə ehtiyacı olduğunu gördük. Və biz Azərbaycana geri qayıtdıq. Valideynlərlə yanaşı yaxın qohumların da ona müsbət təsir göstərəcəyinə əmin idik. Hazırda ailələrimizlə birlikdə onun müalicəsini davam etdiririk.

Aytən xanım, autizm xəstəliyi olan uşaqlarda necə problemlər müşahidə olunur?

Autizm uşaqlarda fərqli müşahidə oluna bilir. Əsasən inkişaf geriliyi baş verir. Bu uşaqlarda özünü ifadəetmə qabiliyyəti geriləmiş olur, çoxu özlərini idarə edə bilmir. Xəstəliyin əsas diqqət olunası zamanları var. Əgər o zaman ərzində yaxşı baxılarsa onları qurtara bilərsiniz, yox əgər bu zamanı keçirsəniz təəssüf ki, onların müalicəsi mümkünsüz bir hala gəlir. Özlərini ifadə edə bilmədiyi üçün daxildə olan aqressivliklə ətrafa ziyan vurmağa çalışırlar. Valideynlərinə belə zərər verən uşaqlar da müşahidə olunur. İnsanlar da bu səbəbdən onlardan uzaqlaşır.

Amma vaxtında ərkən müdaxilə və müalicə çox müsbət təsir göstərir. Önəmli olan uşaqların ailələrinin, əsasən də valideynlərinin çox sağlam olmasıdır. Çünki onlar çox çətin mərhələlərdən keçməli olacaqlar. İnsan öz həyatını və hətta yaşadığını belə unudur. Bütün həyatı ancaq uşağa həsr olunur. Əsas olan odur ki, müalicəyə ümid var və bu mümkündür. Bu gün universitetdə təhsil alan autizmli insanlar da var. Yəni onları yenidən həyata qaytarmaq mümkündür.

Onu da qeyd etmək istərdim ki, bəzən autizm xəstələrinə çox sayda nevroloji dərmanlar tətbiq olunur ki, onların demək olar ki, faydası yoxdur. Autizmli uşaqlar sırf reabilitasiya təhsili, sevgi və qayğı ilə müalicə oluna bilirlər.

Aytən xanım, bu gün Həmzə necədir?

Bu gün artıq reabilitasiya təhsilindən sonra Həmzə bir çox ehtiyaclarını və istəklərini bildirir, özünü ifadə edir, məktəbə gedir, 4-cü sinifdə yardımçı müəllimin dəstəyi ilə oxuyur, sözsüz ki, yenə də bizə bağlıdır. Amma bacardığı qədər özünü idarə edir.

Aytən xanım, son olaraq oxucularımıza nə demək istərdiniz?

Önəmli olan həyatda hər kəs kimi olmaq deyil. Əsas məsələ heç kimin köməyi olmadan həyata davam edə bilməkdir. Həmzənin xəstəliyini öyrəndiyim zaman mənim üçün dünya həyatı bitmişdi. Amma yenə də Allahın izni ilə ayaqda durmağı bacardım və oğlumun sağlamlığına qovuşması üçün əlimdən gələni etdim. Və artıq 10 il əvvəl özümə verdiyim sualın cavabını dəqiqləşdirdim. Bəli, Həmzənin mənə verilməsində mütləq bir xeyir vardı. Biz 2012 ci ildə “Birgə və Sağlam” İctimai Birliyini qurduq. Onun nəzdində reabilitasiya mərkəzi təşkil etdik. Burada çox sayda uşaqlar müalicə olunurlar. Bakıdan və rayonlardan gələn imkansız ailələrə əlimizdən gələn yardımı etməyə çalışırıq. Tez-tez bu və digər problemlərlə bağlı İctimai Birlik olaraq seminarlar, layihələr hazırlayırıq. Əgər bu gün biz Həmzə kimi uşaqlara yardım edə biliriksə deməli hər bir çətinlikdə bir xeyrin olduğunu dərk etməliyik.

Son olaraq bütün analara müraciət edərək demək istəyirəm ki, övladlarının hər kiçik şıltaqlıqlarından bezib onları cəzalandırmasınlar. Düşünün o şıltaqlığın həsrətində olan analar var!..

Aytən xanım, Allah Təalanın vəd etdiyi Cənnət imanlı, fədakar və zəhmətkeş anaların ayaqları altına sərilmişdir. İnşallah siz də əziyyətlərinizin qarşılığını dünya və axirətdə ən gözəl şəkildə alacaqsınız. Bizə vaxtınızı ayırıb, dəyərli hisslərinizi bizimlə bölüşdüyünüz üçün sizə təşəkkür edirəm.

 

 

 


Bizim Ailədən
Bu yazıya 1456 dəfə baxılıb.