20 yanvar. Matəm günüdür.


Mətanət Kərimova
Bu yazıya 3178 dəfə baxılıb.

Qanlı tarix! İllər, əsrlər ötsə də, bu söz dəyişməyəcək. Bu, həqiqətən də Azərbaycanın salnaməsinə yazılmış qanlı tarixdir. "1990-cı il 20 Yanvar".

Heç cürə inanmaq olmur ki, şəhidliyinizdən 23 il ötdü. 23 - bahar, 23 - yay, 23 - payız və bu qədər də qış...

Vətən şəhidlərini heç vaxt unutmayacaq. 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır. 23 il öncə Azərbaycan xalqının taleyində qorxunc günlər yaşanırdı.

Yığıncaqlar, mitinqlər... Uzun illərin sovet imperiyası boyunduruğundan azad olmaq istəyi... İnsanlarda sanki bir inam, stimul yaranmışdı...

Axşam saat 9-dan sonra şəhərin küçələrində şütüyən maşınlardakı meqafonla insanları - vətənini sevənləri XI Qızıl Ordu meydanına çağırırdılar. Hamı axın-axın yalnız bir səmtə - Biləcəri yoluna tərəf axışırdı. Lakin sadə insanların heç biri təsəvvürünə belə gətirə bilməzdi ki, "möhtəşəm" sovet əsgəri - tankı, hərbi texnikası Bakı nefti ilə təmin olunan ordu əliyalın xalqa silah tuşlayar, atəş açar...

Faciə törədildi, günahsız insanlar şəhid oldular...

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun hərbi hissələri və zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə Azərbaycanın bir çox şəhər və rayonuna yeridildi. Nəticədə beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəaları kobudcasına pozulmuş, millətçi ermənilərin respublikamıza qarşı bitib-tükənməyən ərazi iddialarına etiraz əlaməti olaraq öz torpaqlarının müdafiəsinə qalxmış xalqımıza vəhşicəsinə divan tutulmuşdur.

Keçmiş SSRİ rəhbərlərinin göstərişinə əsasən, həyata keçirilmiş xüsusi hərbi əməliyyat nəticəsində bir neçə istiqamətdə Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 132 nəfər mülki şəxsi amansızcasına öldürmüş, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 612 dinc, günahsız insan yaralanmış, yüzlərlə adam itkin düşmüş, 841 nəfər qanunsuz həbs edilmişdi. Cəbhə xəttini xatırladan, blokadaya alınmış, səmasında hərbi vertolyotlar fırlanan Bakıda ölçüyəgəlməz dağıntılar törədilmiş, yüzlərlə silahsız, sülhpərvər insan, o cümlədən yaşlılar, qadınlar, gənclər və uşaqlar misli görünməmiş, xüsusi qəddarlıqla qətlə yetirilmiş, inzibati binalara, yaşayış evlərinə, nəqliyyat vasitələrinə ciddi zərər vurulmuşdu. İnsanlıq simasını itirmiş hərbi canilər törətdikləri vəhşilikləri ört-basdır etmək, həlak olanların dəqiq sayını gizlətmək üçün cəsədləri belə məhv edirdilər.

Hücum zamanı qadağan edilmiş silah və sursatdan istifadə olunmuşdu. Azğınlaşmış hərbçilər bu fəlakətli gecədə mərhəmət hissini tamamilə unudaraq, ağır yaralıları yerindəcə

öldürürdü. Hətta yaralıları çıxaran təcili tibb yardımı maşınlarına və həkimlərə də atəş açılmış, onlarla tibb işçisi yaralanmış, şəhid olmuşdur.

20 Yanvar -- Ümumxalq Hüzn günü respublikamızda hər il qeyd edilir, xalqımız igid övladlarının fədakarlığını ehtiramla yad edir.

Faciə qurbanları xalqımızın müqəddəs and yerinə, ziyarətgaha çevrilmiş Bakıdakı və respublikamızın müxtəlif bölgələrindəki Şəhidlər xiyabanlarında uyuyur. Xalqımız həlak olmuş oğul və qızlarının milli azadlıq mübarizəsi uğrunda nümayiş etdirdiyi birliyi heç vaxt unutmayacaq, ölkəmizin bu günü və gələcəyi, taleyüklü prioritet məsələlərin həlli, qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, dövlətimizin daha qüdrətli olması naminə öz milli həmrəyliyini daha da möhkəmlədəcəkdir.

20 Yanvar faciəsi kütləvi insan itkisi ilə nəticələnən terror hadisələri sırasında öz mahiyyətinə və miqyasına görə dəhşətli bir cinayətdir. Lakin həmin qanlı cinayətə bu günə kimi beynəlxalq hüquqi qiymət verilməmişdir.

Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.

İndi nəyin bahasına olursa-olsun biz hamımız azadlığımızı qorumalıyıq. Budur bizim şəhidlər qarşısında müqəddəs borcumuz!

Ruhunuz şad olsun! Sizin Azərbaycanın suverenliyi, müstəqilliyi, azadlığı, firavan gələcəyi uğrunda axıtdığınız qan hədər getməyib.

Hər birimiz Şəhidlər xiyabanına gedərkən içərimizdə xəfif titrəyiş hiss edirik. Oradan qayıdanda isə bu titrəyiş qürur hissi ilə əvəz olunur. Başqa cür ola da bilməz!

Yox, bu gün ürəyimiz ağrısa da, biz ağlamayacağıq! Hər bir şəhid - istər yaşlı, istər gənc, istərsə də körpə - bizim hər birimizin vüqarıdır.


Mətanət Kərimova
Bu yazıya 3178 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.