Ailə Həyatında Qadının Rolu


Fatimə Zəhra
Bu yazıya 1305 dəfə baxılıb.

Qadın, ailənin səadət və hüzur tavanına asılmış büllur bir çilçıraq kimidir. Nikahın bolluq və nuru ilə cəmiyyəti işıqlandırar. Ailənin iffət və namusunu qoruyar. Qadın, günah girdabı və uçurumlarına qarşı ailənin istinad divarı olmalıdır. Əks halda nəsillər itər, insanlıq məhv olar. Nəslin itməsi isə qohumluq bağlarının qopmasına və bu da cəmiyyətin sanki şüşə qırıqlarıyla dolmasına səbəb olar. Bu təqdirdə fitnə əqrəbləşər. Zərif və incə duyğular bitər. Rüsvayçılıq və narahatlıqlar tüğyan edər. Bunlar da bir cəmiyyətin dağılma əlamətləri və fəlakət həyəcanlarıdır.

Qadın, evlənərək qurulan yuva sayəsində yeni bir dünyaya daxil olar. Bəlkə daha əvvəl heç tanımadığı, onun üçün tamamilə məchul olan bir bəy ilə bir yerdə yaşamağa başlayar. Ancaq Allahın evliliyə lütf etdiyi ayrı bir xüsusiyyət vardır ki, nikah sayəsində bir araya gələn cüt, daha əvvəl iki xarici insan ikən bir anda dünyanın bir-birinə ən yaxın iki insanı olar. Qurduqları yuva da çox zaman ayrıldıqları ata ocağından daha isti gələr. Necə ki, Rəbbimiz:

 Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” (ər-Rum, 21) buyurmaqdadır.

Quran və sünnənin ruhaniyyəti içində yaşayan dinc bir ailə yuvası dünya səadətinin təməli və Rəbbimizin ən böyük lütfkarlıqlarından biridir. Bu nemət və səadətin davamı isə iki tərəfin də ruhaniyyət iqlimi içərisində qarşılıqlı fədakarlıq və anlayışına bağlıdır. (Bir Nəsihət Min bir İbrət s. 183-184)

 

***

 

Ana, sırf fiziki xüsusiyyətlərinə görə deyil, üstün ruhi xüsusiyyətləri ilə anadır. Əgər bir qadın bunlara, başqa sözlə qadınlığına, analığına vida etsə, artıq o bir şəfqət abidəsi deyil, duyğusuz bir ovçuya çevrilər, neçə övladları məhv edər. Onun üçün qadınlar, analıq xəzinəsinə heç itki vermədən, digər məxluqatdan daha üst səviyyədə mühafizə etməlidir. Çünki digər məxluqat üçün axirət aləmində övladlarıyla qarşılaşıb hesaba çəkilmək yoxdur. Ancaq insanlar üçün vardır. Yəni övladları, məhşər günündə ya xeyr olaraq, ya da şər olaraq insanların qarşısına çıxacaq. Bu baxımdan övladlara göstəriləcək ən şəfqətli və üstün analıq onları cəhənnəm atəşindən qoruyacaq şəkildə yetişdirmək və cənnətə vəsilə olacaq bir fəzilət dərəcəsi qazandırmaqdır. Bunun üçün dini təhsil, gözəl ədəb, yəni əxlaqi tərbiyə və qulluq şüuru verilməsi lazım olanların ən başında gəlir.

Bir atalar sözündə; “əl-ümmü mədrasətün: ana məktəbdir”, deyilir. Qadın, evdə uşaqları ilə daha çox birlikdə olduğu üçün uşaqlara gözəl nümunələr sərgiləyərək, onların ruhunda qalıcı izlər buraxaraq “ilk və ən böyük tərbiyəçi” olacaq.

İslam, ananı sırf bioloji bir quruluş olaraq görməz. Ananın mənəvi quruluşunda tərbiyəetmə xüsusiyyəti vardır. Yəni həya və ədəb sahibi olan bir nəsil yetişdirmə… Nəsil yetişdirmə məsuliyyətinə laqeydlik edilsə, aqibət kədərli olar. Övlad, ailəyə yadlaşar. Mənən yadların övladı və nəsli olar. Onun bioloji mənsubiyyəti belə itər. Anaların fəryad və qışqırıqları fayda verməz.

Bunun üçündür ki, qüsursuz bir övladımızın olmasını arzu ediriksə, qüsursuz bir ana-ata olmağa məcburuq. 

Ananın söylədiyi hər söz, uşağın şəxsiyyət binasına qoyulan bir kərpic kimidir. Ana ürəyi, uşağın təhsil aldığı bir sinifdir. Şəfqətin ən böyük mənbəyi, anadır. Ana tərbiyəsindən məhrum uşaqların düzgün yetişdirilməsi çətinləşər. Güclü xarakterli insanları, daha çox salehə analar yetişdirər.

Ev işləri, övlad tərbiyəsi, böyüyünə xidmət kimi qiymətli vəzifələri vəfalı çiyinlərinə alan salehə bir ana, sevgiyə, dərin hörmətə və ömürlük təşəkkürə layiqdir.

Yaxşı bilmək lazımdır ki, millətlər; kişiləri ilə yüksələr, lakin qadınlar da bu yüksəlişi tamamlayar. Kişisiz irəliləmə ola bilməyəcəyi kimi, qadınsız da irəliləmə və yüksəliş olmaz, olsa da nöqsanlı olar. Bu əlaqə ona görədir ki, ailədə narahat olan bir kişi, çox zaman işində də müvəffəqiyyətli ola bilməz. Onun üçün deyə bilərik ki, məmləkət, qadının yetkinliyi və uzaqgörənliyi sayəsində yüksələr. Təbii ki, bunun tərsi də eynilə etibarlıdır. Yəni məmləkət və millət, qadının alçalması nəticəsində dəyərini və gücünü itirər. Tarix səhifələri bu gerçəyin saysız nümunələriylə doludur. Bax, bunun üçün sağlam ailə təməllərinə ehtiyac qaçınılmazdır. (Bir Nəsihət Min bir İbrət s. 189-190)

 

Bu yazı Osman Nuri Topbaşın əsərləri əsasında hazırlanmışdır.


Fatimə Zəhra
Bu yazıya 1305 dəfə baxılıb.