Qadınlar Arıqlamaq üçün həyatını riskə atır


Könül Muradova
Bu yazıya 1260 dəfə baxılıb.

Televiziyalarda sayı gün-gündən artan reklamlar, apteklərə girən kimi az qala piştaxtalardan yerə axan dərmanları görəndə başa düşürsən ki, arıqlamaq “sezon”u yetişib. Əksər qadınlar arıqlama reseptləri, fitness klub ünvanları, dərmanların sorağına düşəcəklər. Qışda yığılan piydən, yağlardan bircə ayın içində qurtulmaq istəyən zərif cinsin nümayəndələri üçün nələr etmək lazımdır?

Dünyanın ən məşhur dietoloqları da bildirirlər ki, əslində, hər orqanizm spesifik olduğu üçün onun tətbiq olunacaq pəhriz formulu da spesifik olmalıdır. Yəni həkim nəzarətindən keçmədən, qan, təzyiq, şəkər analizləri vermədən hansı pəhrizin insana uyğun gəldiyini bilmək olmaz. Bundan başqa, eyni vaxtda həm ac qalıb, həm aktiv idmanla məşğul olanlarda az-çox nəticə görünür. Yəni sərt, alman pəhrizi ilə 5-6 kilodan qurtulan elə eyni sürətlə də o kiloları geri alır.
            Xatırladaq ki, bu sayaq həblərin tərkibində mərkəzi sinir sisteminə, baş beyinə təsir edən maddələr var və onlar birbaşa maddələr mübadiləsini pozur. Bəzi hallarda bunlar pasienti depressiv vəziyyətə də gətirib çıxarır. Məhz həmin səbəbdən bir çox inkişaf etmiş ölkələrdə onların istifadəsi, ümumiyyətlə, qadağan edilib.

            Bəzi gözəllik salonlarında bir-iki seansla arıqlama təminatı verirlər. Maraqlıdır ki, əslində bu arıqlama vədi bədənin konkret nahiyələrində piylərin götürülməsi yolu ilə edilir. Əksər gözəllik salonlarında LPC deyilən müxtəlif cür aparatlar var. Bu aparatlar dərinin üstündən sürtülür, amma dəri altından birbaşa piylərə yox, onun üstünə nüfuz edir. Həkimlər hesab edir ki, bu üsulla arıqlama da əslində çox ziyanlıdır. Çünki dəri üstündən aparatla təsir edəndə dərialtında olan 3 komponent - fibrinogen, kollagen, elasten sıxlaşır. Bunun hesabına incəlmə gedir. Halbuki piy dərialtı təbəqədə qalır, getmir. 
            Mütəxəssislər onu da bildirir ki, əslində, burada söhbət piyin əriməsindən yox, dərialtı təbəqənin preslənməsindən gedir. Və bu preslənmə qısa müddət sonra öz sözünü deyir. Yəni bir-birinə bitişmiş 3 komponent - fibrinogen, kollagen, elasten aralanmağa başlayır. Bədən yenidən köhnə şişmiş formaya qayıdır. Kilonun getməsi, arıqlama üçün piyin özünə təsir etmək lazımdır. Xatırladaq ki, əksər gözəllik salonlarında və fitness klublarda daha çox bu arıqlama metoduna üstünlük verilir. Nəticədə isə qadınlar qısa müddət aldadıcı arıqlıq hissi ilə yaşayır. Ardınca xoş gəldin, yeni kilolar...
            Araşdırma zamanı bir qədər bahalı və az sayda olan fitness klublarda iynəbatırma, yəni akupunktura ilə arıqlama metodunun da tətbiq olunduğunu öyrəndik. Bu mərkəzlər daha çox Türkiyədə kurs keçmiş və ya türkiyəli mütəxəssisin rəhbərliyi ilə fəaliyyət göstərən klublardır. Onlarla maraqlandıqda isə məlum olur ki, bu arıqlama metodu Çin təbabətinə, akupunkturaya, iynəbatırmaya əsaslanır. Arıqlama proqramında blasterli qulaq iynələrindən və qızıl suyuna salınmış gümüş iynələrdən istifadə olunur. Bu iynələrlə bədənin müxtəlif nöqtələrindən iştah mərkəzlərinə, doyma mərkəzlərinə təsir edilir. 5 gündən bir keçirilən seanslarda xüsusi qulaq iynələri qulağa yapışdırılır. Pasient evinə, işinə-gücünə gedə bilər. 3 aylıq proqramda vaxtın uzanması xəstədə metobolik proseslərin bərpa olunmasından asılıdır. Çəkisi 100 kilodan çox olanlar 4-5 ay seansa gələ bilər.

Daha bir üsul isə təbii ki, estetik cərrahiyyədir. Artıq Azərbaycanda qadınların daha intensiv olaraq bu xidmətə müraciət etmələri də statistikadan bəllidir. Qadınlar daha tez və əziyyətsiz üsul kimi, əməliyyat vasitəsilə piylərdən, artıq çəkidən qurtulmağa üstünlük verməyə başlayıblar. Həkimlər hesab edir ki, estetik cərrahiyyə də insanın özünü aldatması deməkdir. Çünki əməliyyatla alınan kilolar da tezliklə geri qayıdır.

 


Könül Muradova
Bu yazıya 1260 dəfə baxılıb.