Qurani-Kərimin ecazı


Fidan Seyfullazədə
Bu yazıya 1184 dəfə baxılıb.

 

Ecaz, lüğətdə “bir kimsəni aciz buraxmaq” mənasında işlədilir. Termin olaraq Qurani-Kərimin istər bəlağəti yönündən, istərsə də qeybi xəbərləri cəhətdən, onun bir bənzərini gətirməkdən bütün bəşəriyyətin acizliyini ifadə edir. Allah Təala bəşəriyyətə lütf etdiyi son kitabın ən mükəmməl bir surətdə və ərəb dili ilə inzal buyurmağı murad etdiyindən, bu dil ilə danışan insanlara Quranın nazil olmasından çox əvvəldən başlayaraq bir təlaqat (danışma gözəlliyi), bəlağat (söz gözəlliyi) və ədəbiyyat təmayülü vermişdir.

Quran hər yönüylə möcüzədir. Yəni Quranın həm ləfzi, həm də mənası Allaha aiddir. Bundan ötrü Quranın yalnız mənasıyla rəvayət edilməsi uyğun görülməmişdir. Quran endirilməyə başladığı zamanlarda ərəb dilinin ən yaxşı dövrü idi. Söz söyləmə və şeir yazma bu dövrdə çox önəmli bir iş olaraq qəbul edilirdi. Gözəl danışan, gözəl sözlər söyləyən, verdikləri nitqlərlə insanları və topluluqları təsirləyib sehrləyən kəslər çox idi. Onlar bununla fərqlənirdilər. Elə məhz bu dönəmdə, belə bir ortamda enməyə başlamış olan Quran, dil və üslubun əlçatmazlığı, təqlid edilməzliyi ilə dərhal diqqət çəkdi. Hətta şairlərdən biri olan Lebid, Bəqərə və Əli-İmran surələrinin enməsi üzərinə “Artıq bundan sonra mənə şeir yazmaq yaraşmaz”-dedi. (Quranın üstünlüyü qarşısında mənim şeirim bir məna daşımır”-demək istəyirdi).

Quran ərəb dilinin o günə qədər görülməmiş, daha sonra da görülə bilinməyəcək olan bir şah əsəri, bir zirvəsi idi. Quranın ecazının ən yüksək yönü, dilində, yəni nəzmində, üslub və bəlağətindədir. Quran xüsusilə bu yönüylə meydan oxumuş, ən kiçik bir bölümünün belə tənqid edilə bilməyəcəyini elan etmişdir. Quranda hərflərin kəlmələrə, kəlmələrin ayətlərə, ayətlərin surələrə yerləşdirilməsi, surələrin Quran içindəki mövcud düzülüşü ancaq Allahın ortaya qoya biləcəyi fərqlilikdə bir tərtib və qaydadır. Onun deyil bir kəlməsini, bir hərfini belə yerindən oynatmaq mümkün deyildir. Quranın nəzmində heç bir əskiklik və artıqlıq ola bilməz. Quran ərəbcədir, amma heç bir ərəb Allahın Quranda etdiyi kimi bu dilin kəlmələrindən seçib Quranın  ən kiçik bir surəsi qədər olsun sehrli və təsirli bir mətn ortaya qoymamışdır.

Elmi ecazı

Elmi cəhətdən də ecazkar olan Qurani-Kərim, göylərin və yerin əvvəlcə bir-birinə birləşmiş olduğunu, sonradan bunların bir-birindən ayrılıb hər canlı olan şeyin sudan yaradıldığını söyləyir:

“Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər? (Göylər ilk yaradılışda bir-birinə bitişik bir təbəqə olduğu halda, onların arası hava ilə açılıb yeddi təbəqəyə ayrılmış, yer də bir təbəqə ikən sonra yeddi təbəqəyə bölünmüşdür. Bu, Allahın qüdrətini, əzəmətini sübut edən ən tutarlı dəlillərdəndir).

Elm də kainatın başlanğıcda bir tək kütlə halında olduğunu, sonradan bu kütlədən ətrafa parçalar ayrılıb göy cisimlərinin, ulduzların meydana gəlmiş olduğunu deyir. Qurani-Kərimin işarət etdiyi bir gerçəyi elm də əsrlər sonra qəbul edir və Quranı doğrulayır.

Ayətdə canlı cisimlərin vücudlarının böyük qisminin su olduğuna da işarət vardır. Bilindiyi kimi canlılar hüceyrədən meydana gəlir. Hüceyrələrin də böyük qismi sudur.

Qurani-Kərim dağların yeridiyini deməklə dünyanın döndüyünə işarət etmişdir:

(O gün) dağlara baxıb onları donmuş (hərəkətsiz durmuş) zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi bacarıqla (yerli-yerində) edən Allahın gördüyü işdir. Həqiqətən, O, etdiyiniz (bütün) əməllərdən xəbərdardır!”

Qurani-Kərim, yüksəyə çıxmaqla hava təzyiqinin düşməsinə də işarət edir:

“Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam (dini) üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar. O, sanki (sıxıntının şiddətindən) göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər!”

Qurani-Kərim arı balının insanlara şəfa olduğunu bildirir:

“Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal); Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get! (Və ya: “Rəbbinin yollarını itaətlə tut!”) (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şübhəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!”

Qurani-Kərimin dediyi kimi balın insan vücuduna bir çox yararları vardır. Bal, bir çox xəstəliyə şəfadır.

Qurani-Kərim, küləklərin səbəb olduğu bitkilərin mayalanmasına da işarət etmişdir:

“Biz (buludla) yüklənmiş (bitkilərə, ağaclara həyat verən, onları tozlandıran) külək göndərdik, göydən yağmur endirib sizə su verdik (içirtdik). Yoxsa onu yığıb saxlayan (bir yerə toplayan) siz deyilsiniz! (Allah yağış suyunu saxlayıb istədiyi vaxt, istədiyi yerə yağdırar).

Canlılar mayalanma ilə meydana gəlir. Bitkilər də canlıdır. Onlarda da dişi və erkək vardır. Erkək toxumlar dişi toxumlar üzərinə qonmaq surətiylə mayalanma olur. Mayalanma olmazsa, nə bitki, nə də meyvə olar.

Bitkilər hərəkətsiz olduğuna görə onlar arasında mayalanmanı başlatmağa bir səbəb olmalıdır. Bu səbəb də çiçəkdən-çiçəyə qonan arılar, böcəklər və böyük ölçüdə olan küləklərdir.

Qurani-Kərimin yönətdiyi düşüncə ilə İslam alimləri bir çox kəşf və icadlar etmişlər. Quranda ehkama dair 150 ayət varkən, elmə dair 750 ayət vardır. Quran, insanları araşdırmağa, düşünməyə çağırır. Allahın yaratdıqlarınının yanından düşünmədən, kor-koranə gəlib keçənləri qınayır.

 

 


Fidan Seyfullazədə
Bu yazıya 1184 dəfə baxılıb.