Üç Aylıq Mənəvi Səfər


Mətanət Kərimova
Bu yazıya 1081 dəfə baxılıb.

 

Qarşımızda “Üç aylar” adını verdiyimiz ilahi rəhmətin yağdığı bir mövsüm bizi gözləyir. Hər biri bir təsbehin dənələri kimi gələn bu mübarək gün və gecələr bizi Ramazana hazırlayır. İnsanın könlü xoşdursa, bütün yollar və zamanlar ona qısa gəlir. Sevdiyimiz biri ilə söhbət ediriksə vaxt nece keçir bilmirik. “Üç aylar”da elədir. Bir gəldiyini bilirik, bir də bitdiyini. Allahın lütfünə çatmağımız, günahlarımızın bağışlanması üçün, fürsətdir ki, bu aylardan istifadə edib faydalanaq!  İbadət etmək, oruc tutmaq, Allahdan bağışlanma diləyib tövbə etmək və duayla məşğul olmaq adları çəkilən aylarda daha çox tövsiyə edilmişdir. Müsəlman şəxs bu zaman çərçivəsində mənəviyyatını kamilləşdirmək və nuraniyyətini artırmaq üçün gözəl şans qazanır. Bu üç ayın hər birinin özünəməxsus fəzilət və bərəkəti, eləcə də, bir çox dua və əməlləri vardır. Allah, bu mübarək ayları ibadətlə keçirən bəndələrinə dünya və axirət səadəti vəd etmişdir. Bəli, bu ayların birincisi Rəcəb ayıdır.

Rəcəb ayı, hicri təqviminin 7-ci ayıdır. Bu ay, Allahın müsəlmanlara bəxş etdiyi lütfdür. Bu ay, İslamda müqəddəs, mübarək, kəramətli ay hesab edilir. İmam Kazımın  təbiri ilə desək, “Rəcəb Behiştdə süddən ağ, baldan şirin bir nəhrin (çayın) adıdır”. Eyni zamanda, Rəcəb ayı haram sayılan aylardan biridir. Bu aylarda müharibə etmək haramdır. Quranda “haram aylar” haqqında belə buyurulur: “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü haram aylardır”. (Tövbə, 36) Deməli, Rəcəb ayı həm də rahatlıq, arxayınlıq ayıdır. Müsəlmanların bu ayda daha çox ibadət və itaət etmək imkanı vardır. 

Həzrət Peyğəmbər (s.ə.s.) bu ayın fəziləti haqqında bir hədisində belə buyurur: “Rəcəb ayı böyük aydır, hörmət və fəzilətdə heç bir ay ona çatmaz və kafirlərlə mübarizə bu ayda haramdır. Rəcəb Allahın ayı, Şaban mənim ayım, Ramazan isə mənim ümmətimin ayıdır. Rəcəb ayında bir gün oruc tutan şəxs Allah Təalanın razılığına səbəb olar, İlahi qəzəb ondan uzaq olar və cəhənnəm qapılarından biri onun üzünə bağlanar”. Gördüyümüz kimi hədisi-şərif böyük məna kəsb etməkdədir. Hədisdə bu ayın böyüklüyündən, hörmət və fəzilətindən bəhs edilmişdir. Peyğəmbərimiz (s.ə.s.)in “hörmət və fəzilətdə heç bir ay ona çatmaz” buyuruğunda bu ayın fəziləti açıqca bəyan edilmişdir. 

Rəcəb ayının Allahın ayı olduğunu vurğulaması, bir daha bu ayın möhtəşəmliyindən, əzəmətindən xəbər verir. Bu ayda bircə gün belə oruc tutmağın hansı qazancın əldə edilməsinə səbəb olmasından danışılır. Rəcəb ayının bir xüsusiyyəti də vardır ki, bu ayda ibadət edən bəndələrin “həsənə” (yəni yaxşı olan) əməllərini Allah-Təala bir neçə dəfə artırır, pis əməl və günahları yuyub aparır (yəni bağışlayır). İmam Kazim  buyurur: “Rəcəb bir əzəmətli aydır ki, Allah Təala o ayda yaxşı əməlləri neçə dəfə artırar və günahları o ayda məhv edər...” Bizim üzərimizə düşən vəzifə, bu ayın bərəkətindən istifadə edib faydalanmaq və bu ayı gözəl şəkildə dəyərləndirməkdir.   

Rəcəb ayı həmçinin tövbə etmək, Allahdan günahların bağışlanmasını istəmək üçün də münasib və əlverişli aydır. Bu ay bizlərə fürsət verir ki, Allah dərgahında tövbə edək, günahlarımızın silinməsini, səhvlərimizin bağışlanmasını Allahdan istəyək. Allahın tövbə qapısı hər zaman bəndələrinin üzünə açıqdır, amma Allah bu ayın xatirinə tövbə edənlərin tövbəsini daha tez qəbul edir. Odur ki, daha çox “istiğfar” etməli, Allahın rəhmətinə sığınıb bu mübarək ayda günahlarımızın bağışlanmasını diləməliyik!

İlahi, bizləri bu ayda tövbə və “istiğfar” edənlərdən və tövbələri qəbul olunmuş kimsələrdən et. Amin! 

 


Mətanət Kərimova
Bu yazıya 1081 dəfə baxılıb.