Şıltaq uşağın dərmanı nədir?


Bu yazıya 1341 dəfə baxılıb.

Bir qadının sözə baxmayan oğlu vardı. Qadın nə söyləsə, uşaq onun əksini edirdi. Uşaq məktəbdə də özünü yaxşı aparmırdı. Dərslərini də oxumurdu. Anası acıqlansa da, döysə də xeyri yox idi. Atası otağa salıb cəzalandırsa da uşaqla bacara bilmədi.

Çarəsiz qadın, bir gün uşağı məktəbə apararkən yolda “ayı oynadan” gördü. İnsanların maraq içində ətrafına toplaşdığı ayı oynadan dəf çalır, burnunda halqa taxılı ayı da tullana-tullana oynayırdı. Qadın dayanıb düşündü. Öz-özünə güldü: “Mən bir uşağı tərbiyə edə bilməzkən, bu kişi ayını tərbiyə edib!”

Sonra ayı tərbiyəçisinin yanına yaxınlaşıb “Mən bir uşağı tərbiyə edə bilmirəm, sən necə oldu ki, vəhşi bir ayını tərbiyə etdin?”-deyə soruşdu.

Kişi təbəssümlə cavab verdi: “Hər işin bir yolu var, o da mən də gizlidir”.

Qadın, “xahiş edirəm mənə kömək edin. Uşağımla bacara bilmirəm”, deyə yalvardı.

Ayı oynadıcısı uşağa baxdı, “Çətin deyil. Sən bunu bir həftə mənim yanıma gətir, mən onu da sözəbaxan edərəm”, dedi.

Qadın çox sevindi.

Uşağı ayı oynadanın yanına aparmağa başladı. Bir neçə gün keçməsinə baxmayaraq uşaqda olan əvvəlki davranışlar yavaş-yavaş düzəlməyə başladı. Uşaq artıq anası ilə mübahisə etmir, söz dinləyirdi. Bir həftə sonra uşaq tam qadının istədiyi hala gəlmişdi. Qadın çox sevindi.  Ayı tərbiyəçisinə də çox dua etdi.

Qonum-qonşu bu vəziyyətə çox təəccüb etdi. O söz dinləməyən, üsyankar uşaq getmiş, yerinə səssiz, sakit, ağıllı bir uşaq gəlmişdi. Müəllimi uşaqdakı bu dəyişikliklərdən çox məmnun olaraq qadını təbrik etdi.

Ancaq uşaqdakı bu dəyişiklik çox çəkmədi. Əvvəllər olduğu kimi, əsəbi, nadinc, hirsli deyildi, amma bu səfər də yoldaşlarının əşyalarını oğurlamağa, gizli işlər görməyə, göz görə-görə yalanlar söyləməyə başladı. Müəllim uşağın anasını çağırıb “Nə edəcəksiniz bilmirəm, amma uşağınız bir qəribə olub. Artıq oğurluq etməyə, yalan danışmağa başlayıb”, dedi. Qadın çox kədərləndi. Yana-yana yenə ayı tərbiyəçisini axtardı, amma tapa bilmədi. Kişi oralardan getmişdi.

Qadının bu çarəsiz halını görən dünyagörmüş bir qonşusu, “Kədərlənmə”-dedi, “Mənim könlü geniş bir alim tanışım var. İstəsən bir də onunla məsləhətləş”.

Qadın onunla razılaşdı. Uşağını o alimin yanına apardı. Alim, vəziyyəti dinlədi, “Sən bir həftə bu gözəl oğlanı mənim yanıma gətir, bir baxım nə problemi var”, dedi.

Qadın razı oldu.

Uşağı aparıb gətirməyə başladı. Artıq iki dəfə görüşdükdən sonra alim çox ürkdü. Uşağın anasına çönüb “Sən bu uşağa nə etmisən! Mən uşaqda heyvan siması görürəm”, dedi.

 

Qadın çaşdı, “Mən bir şey etməmişəm”, dedi. Sonra xatırlayıb söylədi: “Amma bir zamanlar çox dəcəllik etdiyinə görə bir ayı tərbiyəçisinin yanına aparıb uşağı ona tərbiyə etdirmişdim”, dedi.

Alim kədərlənərək dedi: “Ay xanım, heç heyvan tərbiyəçisinə uşaq tərbiyə etdirilərmi! Heyvanlar qorxu ilə, insanlar vicdanı ilə tərbiyə olunar. Bəzən heyvanlar qışqırılaraq, döyülərək, cəzalandırılaraq, ayaqları yandırılaraq tərbiyə olunar. Hələ sahibini dinləmirsə, qaranlıq otaqlara salınıb, çarəsiz qoyularaq tərbiyə olunar. Bunlar heyvana zülm ikən, sən necə olur ki, öz uşağını heyvan tərbiyə edərcəsinə yetişdirdin?”-dedi.

Sonra davam etdi: “Həm də unutma, uşaq tərbiyəsi uşağa istədiklərini etdirmək deyil. Uşağın könlünü alıb ona şəfqətlə təsir edə bilməkdir əsl tərbiyə. İndi isə uşağını götür get, əvvəl öz vicdanını laqeydlikdən qurtar, sonra da onu qoynuna al, qucaqla, özünü ona ver. Sən özünü nə qədər yumşaldar və “quzum” deyə özünü uşağına həsr etsən, uşağın da o qədər yumşalıb “anam” deyə sənə yönələr. Onun dərmanı nə ayı tərbiyəçisi, nə də mən, yalnız sənsən!”

 

 



Bu yazıya 1341 dəfə baxılıb.