ANA


Bizim Ailədən
Bu yazıya 1434 dəfə baxılıb.

Ana

Var-dövlət bir yana, hər şey bir yana,

Dünyadan böyükdür, dünyada ana.

 

Nə qədər sevinsək, nə qədər gülsək,

Məsud günlərimiz bir gün bitəcək.

Ananın həyatda qədrin biləməsək,

Üz tuta bilmərik cənnət yoluna,

Bu böyük şanına qurbanam, ana!

 

İlk dəfə qürbətə sənsiz gedəndə,

Sənsiz yaşamağa dözmədim mən də.

Uşaqlar ailədən söhbət edəndə,

İlk dəfə sən düşdün mənim yadıma,

Silinməz adına qurbanam, ana!

 

Sözündən çıxanda, hərdən vurardın,

Ağlayıb, küsəndə sığallayardın.

Biz sitəm çəkəndə, sən ağlayırdın,

Hər zaman zülm etdin yazıq canına,

Cəfalı canına qurbanam, ana!

 

Nə qədər dəysək də xətrinə sənin,

Bizə azalmadı öz məhəbbətin,

Sənin bu dünyada arzu, niyyətin,

Xoşbəxtlik verməkdir balalarına,

Sənin bu halına qurbanam, ana!

 

Ac qalıb yeməzdin, biz yeyək deyə,

Köhnəylə keçindin, biz geyək deyə.

Ağlamaz, gülərdin biz gülək deyə.

Qəlbini göl etdin göz yaşlarına,

Sənin göz yaşına qurbanam, ana!

 

Həyatda yaşayan ən yazıq bəndə,

Anasız körpədir uşaq evində.

Qayğısız, sevgisiz gecələrində,

Min həsrət hiss edir ana bağrına,

İsti qucağına qurbanam, ana!

 

Əlacım olsaydı deyərdim ki, mən,

Ay zaman, bir dayan, getmə ömürdən.

Anamın saçında görünən ağ dən,

 Heç aman verməyir göz yaşlarıma,

Ağaran saçına qurbanam, ana!

 

Ay Eldar, unutma, dünya kələkdir,

Yaşayan hər insan solan çiçəkdir.

Anasız bu dünya nəyə gərəkdir?

Ana tək bir insan baxmaz insana,

Sənin varlığına qurbanam, ana!

 

Eldar Kərimov

 


Bizim Ailədən
Bu yazıya 1434 dəfə baxılıb.