Quran elmi Möcüzələri Açıqlayır


Pərvanə ƏFƏNDİYEVA
Bu yazıya 1119 dəfə baxılıb.

Quranın Allah sözü olmasını sübut edən müxtəlif möcüzəvi cəhətləri var. Onun bu cəhətələrindən biri yalnız  XX-XXI əsrlərin texnologiyası ilə aydınlaşdırılan bəzi elmi həqiqətlərin 1400 il əvvəl Quranda xəbər verilməsidir. Göndərildiyi dövrdə elmi izahı mümkün olmayan bu məlumatlar Quranın Allah sözü olmasını bir daha sübut edir.

Quranın nazil olduğu VII əsrdə ərəblər elmi məsələlərlə bağlı cürbəcür xurafata və batil inanclara sahib idilər. Kainatı və təbiəti tədqiq etmək üçün heç bir texnologiyaya malik olmayan ərəblər nəsildən-nəslə ötürülən əfsanələrə inanırdılar. Məsələn, onlar göyün yuxarıda dayanmasını dağların yerdə olması ilə əlaqələndirirdilər. Bu inanca görə dünya düz idi və hər iki tərəfində yüksək dağlar olduğu üçün onlar göyü saxlaya bilirdilər.  Ancaq ərəblərin bu batil inancları Quran tərəfindən alt-üst olundu.

“Gördüyünüz göyləri dirəksiz olaraq yüksəldən... (Rad surəsi, ayə 2) ayəsi bu yanlış fikri aradan qaldırdı. Həmin dövrün insanlarının heç birinin bilmədiyi əksər məsələlər Quranda öz izahını tapdı. İnsanların astronomiya, fizika və ya biologiya haqqında çox az məlumatları olduğu bir dövrdə Quran kainatın yaradılmasından tutmuş insanların əmələ gəlməsinə, atmosferin quruluşundan Yer kürəsindəki nizama qədər ən müxtəlif mövzularda əsas məlumatları xəbər verir.

1957-ci il oktyabr ayının 4-də SSRİ-nin “Sputnik” peykinin kosmosa göndərilməsi ilə kosmik fəzanın tədqiqat və kəşfetmə işləri başlandı. İnsanların Aya ayaq açması isə amerikalıların 1969-cu il iyul ayının 20-də “Apollo 11” orbital gəmisinin kosmosa göndərilməsi ilə baş verdi.

Quran 1400 il əvvəl insanların gələcəkdə belə bir sahədə nail olacağı inkişafa və Yerin orbitindən kənara çıxmağın mümkün ola biləcəyinə işarə edir. Allah-Təala “ər-Rahmən” surəsinin 33-cü ayəsində belə buyurur: “Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından (çevrəsindən) kənara çıxa bilərsinizsə, çıxın. Siz (oradan) ancaq (qüdrət və) qüvvətlə (Allahın sizə bəxş etdiyi elmin qüdrətilə) çıxa bilərsiniz!” Bu ayədə insanların göylərin və yerin dərinliklərini heç vaxt keçə bilməyəcəkləri deyil, ancaq güc və qüvvətlə keçə biləcəkləri vurğulanır. Allahın Quranda bildirdiyi bu məsələ XX əsrdə ən yeni texnologiya sayəsində həyata keçdi.

“Qəmər” surəsi 1-ci ayədə Ayın torpaq və daş olması və kəşf edilməsi tarixi əbcəd hesabına əsasən hicri-qəməri tarixinə uyğun gəlir. Ayədə “şəqqə” sözü ərəb dilində “iki yerə parçalanmaq, ayrılmaq” mənası ilə yanaşı “torpağı belləmək, torpağın qazılması kimi mənalarda da işlədilir. 14 əsr qabaq Quranda verilən bu xəbər 1969-cu ildə öz təsdiqini tapdı. Amerikalı astronavtlar Ayda tədqiqat apararaq oradan 22 kq daş-torpaq nümunəsi toplamışlar və nümunə olaraq Yerə gətirmişlər.

“Muminun” surəsi 78-ci ayədə ana bətnində insan əzalarının inkişaf ardıcıllığı göstərilir: “Sizə qulaq, göz və ürək verən Odur...”, Nəhl surəsi 78-ci ayədə: “...Sonra sizə qulaq, göz və qəlb verdi ki, (Allahın əmrlərini eşidib, qüdrətini və əzəmətini görüb, vəhdaniyyətini duyub) şükür edəsiniz!”, Ənam surəsi 46-cı ayədə: “...əgər Allah sizin qulaqlarınızı və gözlərinizi əlinizdən alsa, ürəklərinizə möhür vursa...”, İnsan surəsi 2-ci ayədə: “Biz onu eşidən, görən yaratdıq”.

Yuxarıdakı ayələrdə Allahın insana bəxş etdiyi duyğu orqanlarından bəhs olunur. Diqqəti çəkən əsas budur ki, Quranda bu duyğu orqanlarından həmişə müəyyən bir ardıcıllıqla danışılır; eşitmək, görmək, hiss etmək və başa düşmək.

Embrioloq həkim Keyt Mur İslam Tibb Assosiasiyası  jurnalına dərc edilən bir məqaləsində daxili orqanların ilk halının təyin edilə bilinməsindən sonra məhz gözün əmələ gəlməyə başladığını ifadə edir. O hissetmə və dərketmə mərkəzi olan beynin isə qulaqlar və gözlərdən sonra inkişaf etməyə başladığını bildirir.

Ana bətnindəki uşaq fetus halında olarkən, yəni hamiləliyin 22-ci gününə kimi erkən bir dövrdə qulaqlar yaranır. Və hamiləliyin 4-cü ayında isə qulaqlar tam funksional hala gəlir. Demək, yeni doğulan bir uşaqda eşitmə hissi həyati əhəmiyyət kəsb edən və böyük funksiyalar yerinə yetirən digər duyğu üzvlərindən daha əvvəl əmələ gəlir. Quran ayələrindəki müvafiq sıralanma məhz bu yönündən yetərincə diqqət cəlb edir.

Qiyamə surəsi 4-cü ayədə insan barmaqlarının izləri ilə bağlı deyilir: “Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik!”

Cəbəllütariq boğazında Ağ dənizlə Atlantik okeanının sularının bir-birinə qovuşması və iki dəniz arasında görünməyən sərhədin mövcud olması ilə bağlı “ər-Rahmən” surəsi 19-20-ci ayələrdə deyilir: “(Suları şirin və acı olan) iki dənizi O qovuşdurdu (bir-birinə qovuşmaq üçün açıb buraxdı). Amma onların arasında maneə vardır, bir-birinə qatışmazlar (özləri üçün müəyyən edilmiş həddi aşmazlar).

Qoruyucu tavan rolunu oynayan atmosfer təbəqələri ilə bağlı Bəqərə surəsi 29-cu ayədə: “Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir!”

Quranın təbiri ilə desək, “ağıl sahiblərinin düşünüb nəticə çıxarması üçün” daha neçə belə faktları nümunə göstərmək olar.

 


Pərvanə ƏFƏNDİYEVA
Bu yazıya 1119 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI
  • Quran elmi Möcüzələri Açıqlayır