Sosial media ya da yeni tərbiyəçimiz


Gülnarə Seyidova
Bu yazıya 851 dəfə baxılıb.

Sosial media ya da yeni tərbiyəçimiz.

Sosial media insanların ünsiyyətini asanlaşdırmaq, insanları məkan və məsafə fərqindən asılı olmayaraq yaxınlaşdırmaq məqsədi ilə yaradılıb. Təəssüflər olsun ki, insanlar özləri bəzən bilərəkdən, bəzən isə istəmədən onun əsarətinə keçirlər. Və özlərini onsuz təsəvvür etmirlər. Bu zaman biz nədənsə sosial medianı günahlandırırıq. Amma insanların ağıllı və şüurlu varlıqlar olduğunu nəzərə alsaq problemin adresini daha dəqiq görərik. Sosial medianın əsarəti altında olanlar həyat yoldaşlarını, uşaqlarını, valideynlərini, yaxın dostlarını zamanla itirmə təhlükəsi ilə üz-üzədir. Onun sayəsində ailələr dağılır, uşaqlar evlərindən qaçır, insanlar bir-birinə yadlaşır. Saatlarla sosial şəbəkələrdə söhbət edən insanlar üz-üzə gələrkən sanki danışmağa söz tapmırlar, çünki mesaj vasitəsi ilə danışmağa alışırlar. Əsrimizin ixtiralarından sayılan sosial medianın sözsüz ki, üstün cəhətləri də mövcuddur. Ondan düzgün və yerində istifadə etdikdə insanlara çox faydalı da ola bilər. Bəs sosial media nədir? Nə üçün yaradılıb? Və necə fəaliyyət göstərir?

Sosial media insanlar arasında sosial ünsiyyət və paylaşım vasitəsidir. Sosial media vasitələrinə internet üzərindən yayımlanan informasiya saytları, sosial şəbəkələr, bloqlar, mikro bloqlar, ani ünsiyyət proqramları, forumlar daxildir.

Sosial media nümunələri

Xəbər saytları – bu elə saytlardır ki, istifadəçilər həm oxuya və həm də münasibət bildirə bilirlər. İnformasiyanı bölüşmək və müzakirəyə çıxarmaq üçün də internet alətləri mövcuddur.

Sosial şəbəkələr (Facebook, Twitter, Goggle+ və s.) – Sosial şəbəkələr bizim fiziki dünyamızın virtual formasıdır. Sosial qarşılıqlı əlaqələr, sosial obyektlər (adamlar və ya təşkilatlar) və kommunikasiyalar arasında sosial struktur düyünlərindən ibarət olan qrupdur.

Sosial şəbəkə nədir? 

Sosial şəbəkə - İnternet istifadəçilərinin bir-biri ilə tanışlığı, informasiya mübadiləsi, müxtəlif mövzular ətrafında müzakirələrin aparılması üçün yaradılmış internet saytlardır. Misal olaraq, son zamanlar daha çox yayılmış Facebook-u göstərmək olar.

Ünsiyyət vasitələri – (msn, skype, Google Talk və s.) – heç bir xərc ödəmədən bütün dünya ilə canlı telefon bağlantısı, internet üzərindən görüntülü video konfranslar.

Forum – insanların bir-birilə ünsiyyətinə və informasiya mübadiləsinə şərait yaradan sayt və proqramlar sayəsində internet istifadəçiləri axtardıqları və maraqlandıqları məlumatları əldə etmiş olurlar.

Bloqlar – hər bir fərd öz bloqunu yaradır və onu gündəlik kimi istifadə edir.

 

Facebook bizə nə edir?

Müasir həyatımızda facebook adlı bir ailə üzvümüz peyda olub. Nəyə görə ailə üzvü deyirəm bilirsinizmi? Çünki çoxları axşam yatarkən ən son onunla görüşür, səhər yuxudan ayılarkən ilk olaraq onu görür, hətta yemək yeyərkən də onunla birlikdədir. Bu yeni ailə üzvümüzlə bir az yaxından tanış olaq. Facebook nədir, necə və nə üçün yaranıb?

Facebook, insanların yoldaşlarıyla ünsiyyət qurması və məlumat alması məqsədi ilə yaradılan bir ictimai veb saytıdır. 2004-cü il fevralın 4-də Harvard Universitetinin tələbəsi Mark Zuckerberg tərəfindən qurulan facebook, əvvəlcə universitetin tələbələri üçün qurulmuşdu. İstifadəçilər profilləri, fotoşəkilləri, maraq sahələri, gizli ya da açıq mesajları və yoldaş qrupları sərgiləyir. Profillərin nümayişini yalnız yoldaşlara görünəcək şəkildə və ya müəyyən şəbəkələrin xaricindəkilərə açıq olmayacaq şəkildə məhdudlaşdırıla bilər.

Bəs facebook-un İctimai təsiri nədən ibarətdir?

Bəli, facebook bəziləri üçün sadəcə müasir ünsiyyət vasitəsidir. Vaxtaşırı dostları və tanışları ilə görüşür, fikirlərini, düşüncələrini paylaşır, maraq dairəsində olan məlumatları alır və s. Lakin bu hər kəsdə bu cür deyil. Bəziləri artıq xəstəlik dərəcəsində facebook şəbəkəsinə bağlanmışlar ki, özlərini bir an belə onsuz təsəvvür etmirlər. Bu insanlar çox gülünc və bəzən də qorxunc görünürlər. Yedikləri yeməkləri, geyimləri, evlərini, işlərini, ailə üzvlərinin hər anını sosial şəbəkədə yayımlamaq, kişi qadın ayırımı etmədən hər kəsin gözləri önünə sərmək həm gülünc, həm də qorxunc dediyim məqamdır.

Xanımların bişirdikləri yeməklərin şəkillərini paylaşmasını anlaya bilmirəm. Özlərini, ya yeməklərini reklam edirlər? Yoxsa ac olan insanlaramı əzab çəkdirmək istəyirlər? İnsanların nəfsindən, göz haqqından, yoxsa qul haqqından damı qorxmurlar? Bir balaca dayanaq və düşünək. Bu yeməklərin rəsmlərini yayımlayarkən onu əldə edə bilməyən bir uşaq, hamilə bir qadın, ya da hansısa xəstəliyi səbəbindən onu yeyə bilməyən bir insan hansı hissləri keçirir? Bu özünü tərif hissləri bizi daha hansı günahlara batıracaq?

Daha çox xanımların şəxsi səhifələrində rast gəldiyim üçün onlara müraciət edirəm. Şəxsi həyatınızı, ailənizi, övladlarınızı, həyat yoldaşınızla necə xoşbəxt olduğunuzu insanlara göstərməkdə nə məqsədiniz var? Ailə qurmayan xanımlara yoxsa övlad sahibi ola bilməyən qadınlara həsəd hissi yaşatmaq istəyirsiniz? Bu əsla gözəl bir davranış deyil. Siz düşünmədən, istəmədən insanları incidə bilərsiniz.

Bütün bunlarla yanaşı fikrimcə facebook-un ən mənfi cəhəti zaman israfıdır. Daim vaxtın azlığından şikayət edənlər saatlarla facebook-da vaxt keçirə bilirlər. Bunun yerinə uşaqları ilə zaman keçirib onlara faydalı bir şey öyrətsələr, qohum-qonşu ziyarəti etsələr, ya da bir kitab oxusalar, nə qədər gözəl və bərəkətli vaxt keçirmiş olarlar.

Bu dünya bir xəzinədir. İstəyən onun zənginliyindən xoşbəxtlik üçün yararlanar, istəyən də anlamsız bir həyat sürmək üçün. Seçim bizimdir…


Gülnarə Seyidova
Bu yazıya 851 dəfə baxılıb.