Halal və Haram loğma


Osman Nuri Topbaş
Bu yazıya 1031 dəfə baxılıb.

Cənabı Haqq Adəm övladını qidalanmaq ehtiyacı ilə yaratmışdır. Bu ehtiyacını qarşılayarkən qidaların halal olmasını əmr etmişdir. Beləki, ayəyi kərimədə buyurulur: “Ey insanlar! Yer üzündə olanlardan halal və təmizini yeyin...” (əl-Bəqərə, 168)

Rəsulullah (s.ə.s.) da bu hədisi şərifi ilə halal və haram xüsusunda bizə nə qədər ehtiyatlı olmaq gərəkdiyini çox gözəl və aydın şəkildə bəyan etmişdir:

“Şübhəsiz halal bəllidir. Haram da bəllidir. Lakin bu ikisi arasında (halal və ya haram olduğu açıq bəlli olmayan) bəzi şübhəli şeylər vardır ki, çox insanlar onları bilmir. Şübhəli şeylərdən qaçınan bir kimsə, dinini və əxlaqını qorumuş olar. Şübhəli şeylərə diqqət yetirməyənlər isə tez-gec harama düşər. Diqqətli olun! Hər padşahın girişi qadağan olan bir ərazisi vardır. Unutmayın ki, Allahın qadağan ərazisi də haram qıldığı şeylərdir” (Buhari, İman 39).

Sözsüz ki, haram və şübhəli şeylərlə bəslənən bir kimsədə ibadət sevgisi və qulluq həyəcanı olmaz. Haram və şübhəli qidalardan qəlbə ancaq zülmət, ağırlıq və qəflət sirayət edər. Seçimlər nəfsani arzulara görə formalaşmağa başlar. Beləcə, qəlb qatılaşıb, hissiyyatsız olar, yalnız öz mənfəətini düşünər. Mənfəət və şəfqət füqərasına çevrilər. Belə qəlb və bədənlər başdan-başa pislik məskəni, əxlaqsızlıq yuvasına dönər. Nəticədə, İslam əxlaqı və uca fəzilətlər sanki unudular.

Bu hikmətə əsasən İbrahim Desuki (k.s.) belə buyurmuşdur:

“Ey qardaşlarım! Haram yediyiniz müddətdə hikmət və mərifət haqqında bir şey əldə edəcəyinizi zənn etməyin”.

Halbuki, ağızdan keçən hər loğma halal olarsa insana feyz və mənəvi güc verər. Könül aləmini inkişaf etdirər. Bədən üçün də səhhət və rahatlıq vəsilə olar.

Haram loğmanın qəlbimizə mənfi təsirləri haqqında Haqq dostlarının çox mühüm xəbərdarlıqları vardır. Məsələn, Həzrəti Mövlana bu mövzuda:

“Bu səhər məndən ilham kəsildi. Anladım ki, vücuduma bir neçə şübhəli loğma girdi. Bilgi də, hikmət də halal loğmadan doğar. Eşq də, mərhəmət də halal loğmadan doğar. Əgər bir loğmadan qəflət meydana gələrsə bil ki, o loğma şübhəli və ya haramdır”, buyurmuşdur. HəzrətAbdulqadir Qeylani də bizləri belə xəbərdar etmişdi:

“Haram yemək qəlbi öldürər, halal yemək isə əhya edər. Loğma var səni dünya ilə, loğma var səni axirət ilə məşğul edər. Loğma var səni Xaliq Təalaya rəğbət etdirər”.

Mahmud Sami Ramazanoğlu (k.s.) da belə buyurur:

“Əgər yeyilən loğma halal deyilsə, o kimsənin ixlaslı və hüzurlu olması, masivayı tərk edib Haqqa yönəlməsi çox çətindir”.

Dolayısilə halal və harama qarşı diqqətli olmaq insan həyatının maddi və mənəvi yönlərinə təsir edən mühüm səbəblərdən biridir. Və halal loğmanın tədarükü üçün də qazancın halal olması zəruridir.

Bir həqəqətdir ki, qazanılan pullar mənəvi təmizlikdən asılı olaraq layiq olduğu yerə xərclənər, sahibinin iradəsini də o istiqamətə yönləndirər. Yəni hakimiyyət çox zaman sahibində deyil, puldadır. Bu hadisə buna tipik nümunədir:

Haqq dostlarından Əbu Abbas Nihavəndiyə ticarətlə məşğul olan zəngin tələbələrindən biri gələrək zəkatını kimə verməsinin daha münasib olacağını soruşur. O da:

“Qəlbin kimdə qərar qılsa ona ver!” buyurur.

Ustadının yanından ayrılan tələbə yolda gözləri görməyən bir dilənçi görür. Qəlbi ona isinir. Zəkatı olan bir kisə altını çıxarıb ona verir. Kisəni əli ilə yoxlayan dilənçi sevinclə oradan ayrılır.

Ertəsi gün eyni yerdən keçən tələbə, bir gün əvvəl zəkatını verdiyi dilənçini başqa bir ilə danışarkən görür. Kefi elə yaxşı idi ki, dostu ilə yüksək səslə, sevinclə danışırdı. Bu səbəblə də danışdıqları rahatlıqla eşidilirdi. Tələbə də yaxınlıqdan keçərkən, qeyri ixtiyarı bu cümlələri eşitdi:

“Bilirsənmi, dünən mənə bir bəy bir kisə altın verdi. Mən də heç vaxt itirmədən gedib, içki içdim, kefləndim...”

Eşitdiyi bu sözlər tələbənin halını pisləşdirdi. Düz Həzrət Əbu Abbasın hüzuruna getdi. Hadisəni danışmaq istəyərkən, Əbu Abbas onun danışmasına imkan vermədən satdığı papağın pulunu infaq etməsi üçün ona uzadıb önünə çıxan ilk insana verməsini tapşırdı.

Tələbə bir söz demədən verilən vəzifəni yerinə yetirmək üçün oradan ayrıldı. Ona tapşırıldığı kimi qarşısına çıxan ilk insana o pulu verdi. Ancaq böyük bir maraq içərisində o insanı izləməyə başlaydı. Kişi, bir az qarşıda olan xarabalığa daxil olaraq paltarının altındakı ölü bir kəklik çıxarıb, yerə qoydu. Daha sonra kişi oradan çıxmaq istərkən tələbə önünə çıxıb soruşdu:

“Ey igid! Allah üçün doğrunu söylə, bu nə haldır? Bura atdığın ölü kəklik hardandır?”

Kişi, ona pulu verən insanı qarşısında görərkən həyəcandan kəkələyərək bunları söylədi:

“Yeddi gündür, bir şey tapıb uşaqlarıma yedirə bilməmişəm. Mən və xanımım səbr edirdik, amma uşaqlarımın artıq taqəti qalmayıb. Buna baxmayaraq dilənib insanlardan bir şey istəmək edə bilməyəcəyim bir işdir. Bu iztirab içində qıvrılarkən sənin gördüyün, çürüməyə başlamış o ölü kəkliyi tapdım. Zərurət səbəbilə onu uşaqlarım yesin deyə evə aparacaqdım. İçimdən də Allaha yalvarır: “Ya Rəbbim, halıma inayət et!” deyib, niyaz edirdim ki, sən qarşıma çıxıb pul verdin. Mən də Rəbbimə şükür edərək yeyilməyəcək vəziyyətdə olan o kəkliyi bu xarabalığa qoydum. İndi bazara gedəcəm və verdiyin bu pula ərzaq alacam...”

Bu hala çaşıb qalan tələbə, dərhal Həzrət Əbu Abbasın yanına gəlir. O, tələbəsinin yenə bir söz deməsinə imkan vermədən belə buyurur:

“Övladım! Deməli sən qazancına şübhəli və ya haram bir şeyin qarışıb-qarışmadığına diqqət etməmisən. Bu səbəbdən də verdiyin möhtaca diqqət etdiyin halda zəkatın şəraba getdi. Çünki, qazanılan şeylər, haradan və necə əldə edilmişsə, elə də əldən çıxar. Yəni sənin bir kisə altınının müqabilində mənim bir xırda pulum saleh bir insanın əlinə keçməsi də, onun halallığından qaynaqlanır...”

Həzrət Mövlana belə buyurur:

“Bu yer üzündə, bu göy üzündə nə varsa, zərrə-zərrə hər şey kəhraba kimi öz cinsini çəkməkdədir! Mədə çörəyi çəkib alır, əridir, ciyərdəki hərarət də suyu çəkib sümürür”.

Yəni halal mal, sahibini halala sövq edər və haramlardan qoruyar, haram mal da sahibini harama meyl etdirər, halala yönəltməz. Bundan dolayı Haqq dostları qəlb aləmlərinin inkişafı üçün bu iki xüsusiyyətə diqqət yetirmiş və belə buyurmuşlar:

“Yeyərkən yediyinizə, danışarkən söylədiklərinizə diqqət edin!..”

Cənabı Haqqa Peyğəmbər (s.ə.s.)in niyazıyla müraciət edirik:

“Allahım! Mənə halal ruzi nəsib edərək haramlardan qoru! Lütfünlə məni Səndən başqasına möhtac etmə!”

Amin...


Osman Nuri Topbaş
Bu yazıya 1031 dəfə baxılıb.