İnternetin Əsarəti Və Ya İnsafsız Əsarət


Fatimə Zəhra
Bu yazıya 957 dəfə baxılıb.

Ataların və anaların vəzifələrini axsatmaları və övladlarına lazımlı mənəvi təhsili verməmələri nəticəsində göz nuru balalarımız fəlakətə sürükləyən medianın övladı olaraq materialist bir zehniyyətlə böyüyürlər. Televizor onları sanki qidalandırır, saçlarını oxşayır, duyğu və xəyallarını müəyyənləşdirir. Bu halda ana-ata yalnız onların istəklərini yerinə yetirmə funksiyasını daşıyır. Televizor, internet və s. ilə əxlaqsızlıq çuxurlarına sürüklənən övladlarımızın vəziyyətləri ürək ağrıdandır. Ürəkləri parçalayan bu hallara razı olmaq, ana və atalar üçün hesabı verilə bilməyəcək bir əzab siqnalıdır. Təəssüflər olsun ki, bu gün müsəlman bir uşaq bəzi yerli və xarici, idmançı və artistlərin həyat hekayələrini əzbərləyib, onları nümunə götürür, onlara bənzəmək üçün çırpınır. Ancaq həqiqət və səadət yolunun rəhbərləri olan peyğəmbərlərin adlarını belə bilmir, onları tanımır, onların gözəl əxlaqından bixəbər böyüyür və onlar haqqında Qurani-Kərimdəki mesajlardan ibrət götürə bilmir. Bu kədərli gerçəyin mənası, “uşaqlarımızı biz deyil, xaricilər yetişdirir” deməkdir. Yəni fiziki böyümə yükü ana-atalara, ruhlarını yönləndirmə isə xaricilərə əmanət olunur. Əziyyəti ana-atalar çəkir, mənfəəti xaricilərə qalır. Onlar bu mədəniyyət və təhsil qalibiyyətini əllərində tutduqca bu hal sabah onlar tərəfindən bizə qarşı başqa qalibiyyətlərə qədər gedər, Allah qorusun. Onun üçün övladlarımızı zəmanəmizin ən amansız mədəniyyət döyüşləri və təhsil döyüşləri arasında təhsil verdikdə tarix önündəki imtahanımızı yenə müvəffəqiyyətlə möhürləməliyik. Öz şərəf və ləyaqətimizə görə onları yetişdirməliyik. Ruh dünyasından geyim keçimə qədər övladlarımız öz kök və gövdələri üzərinə yaşıllaşmalıdır.

 

***

 

Bu gün uşaqlarımıza ortaq olan o qədər çox şey var ki... Ən başda televizorun əxlaqsız proqramları ortaq olur. Uşaqları televizor yetişdirir, qidalandırır. Hətta hər kəsin cibinə girən və bəzən bir əqrəbə dönən cib telefonları uşaqlarımıza ortaq olub. Belə davam etdikcə iblisin ortaq olduğu övladlar çoxalır..

Küçələrin insafı nə qədərdir? Küçələr nə qədər müsbət enerji, nə qədər mənfi enerji verir? Cavab məlumdur. Təhsil sistemi nə qədər tərbiyə edir və ya əksinə? Bunun cavabı da məlumdur.

Uşaqlarımız televizor, internet və cib telefonlarını istifadə edir, yoxsa bu cihazlar övladlarımızı idarə edir?

Uşaqlarımızı kim şəkilləndirir? Hansı anlayışla və kimin arzusu ilə tərbiyə olunurlar?

Uşaqlarımızın könüllərində, ideallarında, hədəflərində hansı misallar, hansı şəxsiyyətlər var?

Uşaqlarımızın daxili aləminə sanki bir ayna tutan xarici görünüşləri, geyim keçimləri kimlər müəyyənləşdirir?

Əgər bu sualların cavabı, həqiqi və səmimi bir şəkildə "Biz" olmazsa; təbiət kimi, övladlarımızın könlü də boşluq qəbul etməyəcək və "bizim" yerimizi özgələri alacaqlar.

 

***

 

Gələcəyin memarları olacaq uşaqlarımız dərin bir qəflətlə televizor və internetin əsarətinə, küçələrin insafına tərk edilir. Beləcə İslamdan bixəbər böyüyən gənclərimiz, dələduzluğa və nəfsin əsarətinə təslim olaraq, seldə süründürülən və hara dəyəcəyi bilinməyən kötüklər kimi sonu fəlakətlə nəticələnəcək bir məcraya doğru axıb gedir. İçki, narkotik və iffət zəifliyi artmağa davam edir.

Bu gün yenidən silkənib, başdan sona ədəb, nəzakət, zəriflik və mədəniyyətdən ibarət olan İslamı idrak etməli, onun ruhani quruluşundan feyzlənməliyik.

Bu gün insanlıq əksəriyyətlə sekulyarizmin pəncəsində bir həyat yaşayır. Dünyəviləşmə və maddiyyatla birləşən qloballaşma, sanki böyük bir fırtınaya çevrilərək bütün dünyanı zəbt edir.

Artıq sərhədlər də, məsafələr də əvvəlki kimi deyil, hər kəs bir-birinə çox yaxındır. Ağrı dağının ətəyindəki bir daxmada yaşayanla, dünyanın ən hərəkətli şəhərində yaşayan, təxminən, eyni vəziyyətdədir. Televizor və internet dediyimiz vasitələrin daxil olmadığı yer qalmadı. Çox təəssüf ki, bu vasitələrlə edilən nəşrlərin çoxu da, insanın daxili aləmini çürüdür, əridir, boşaldır, yerinə öz dünya görüşünü və dəyərlərini doldurur.

Qlobal mədəniyyət və moda, daim eqoist arzuları iştahlandırıb istehlakı təşviq edir, insanı əsarəti altına alır. Nəticədə, insanı sanki idarə olunan bir robot halına gətirərək istiqamətləndirir, şəkilləndirir, qəlibdən qəlibə qoyur.

 

***

 

İndiki vaxtda xüsusilə televizorun mənfi proqramları və internetin səhv ünvanları, gəncləri eqoist bir cazibə məngənəsinə salır və bunun nəticəsində yaşanan əxlaqi erroziya ilə cəmiyyət sanki bir qurdlar vadisini xatırladır. Bu keşməkeşli həyat şərtləri, xüsusilə qız övladlarının mənəvi tərbiyəsi və gələcəyə hazırlanması üzərində daha çox qayğı ilə yanaşmalı olduğumuzu göstərir. Çünki zamanın mənfi şərtləri və ana-ataların mənəvi və əxlaqi nöqsanları, övladların təhsil və tərbiyəsinin yanlış ünvanlarda axtarılmasına səbəb olur. Dünyəvi diplom və dərəcə qayğılarıyla yalnız zahiri yetkinləşməyə və inkişafa prioritet verilərkən, hüzur və səadətə qovuşmaq mümkünsüz hala gəlmişdir.

Halbuki möminin ən mühüm təhsil kitabı Qurani-Kərimdir. Könüllərin əvvəlcə Qurani-Kərim və onun izah və şərhi olan Sünnənin bolluq və ruhaniyyətiylə yetkinləşməsi şərtdir.

Bunun sayəsində möminlər; əsrlərcə irq, qövm və məzhəb kimi fərqliliklərinə baxmayaraq, daim birlik içində yaşamışlar. Bu qardaşlıq, fərdlərin və cəmiyyətlərin ən böyük hüzur və səadət qaynağı olmuşdur. Bu hüzuru itirmək isə, fərdi və ictimai itkilərin ən betəridir.

 

***

 

Unutmamalıyıq ki, insanlar vərdişlərini özləri meydana gətirirlər. Lakin daha sonra vərdişlərinin əsiri olurlar. Günahsız bir maraqla başlayan bir məşğuliyyətin daha sonra insanın həyatını tam dəyişdirməsi mümkündür. Məsələn, istirahət zamanlarını faydalı kitablar oxuyaraq qiymətləndirən bir gəncin həyatıyla, kompüter oyunları və internetin eqoist saytları başında vaxt israf edən gəncin həyatı eyni keyfiyyətdə yaşanmayacaq. Faydalı işlərlə məşğul olan bir adam həm dünyasını, həm də axirətini zənginləşdirərkən, vaxt israfı olan hobbilərlə zaman öldürən adam da böyük bir iflas və peşmanlığa sürüklənəcək.

 

***

 

Bu yazı Osman Nuri Topbaşın əsərləri əsasında hazırlanmışdır.

 


Fatimə Zəhra
Bu yazıya 957 dəfə baxılıb.