XOŞBƏXT AİLƏ NECƏ OLUR?


Firəngiz Sabirqızı
Bu yazıya 849 dəfə baxılıb.

Sağlam ailə 4 təməl üzərində qurulan müqəddəs bir qurumdur. Bu dörd təməl aşağıdakılardır:
1. Sevgi
2. Etimad
3. Fədakarlıq
4. Güzəşt
( dözüm, səbir )
      Təməllərdən birinin sarsılması bütöv ailəni sarsıda bilir. Bu baş verməsin deyə həyat yoldaşları bir-birini sevməli, bir-birinə güvənməlidirlər. Biri digərində qüsur axtarmamalıdır. Belə araşdırmalar cütlüklər arasındakı sevgi və hörməti sarsıdır.
Sirlərinizi başqalarına söyləməyin. İkiniz arasında qalmalı olan sirlər olacaq. Onları başqalarına açıqlamaqla bir-birinizi çətin və gülünc vəziyyətə qoymayın. Nə qədər ki, sirri saxlayırıq biz ona hakimik, başqalarına açıqladığımız təqdirdə sirrimizin əsirinə çevrilirik.

Yoldaşınızın sizə etdiyi bir yaxşılığa görə ona təşəkkür etməyi gecikdirməyin.
Həyat yoldaşınızdan inciyərkən ondan uzaq olmağa çalışmayın. Kimin doğru olduğunu deyil, nəyin doğru olduğunu anlamaq üçün zaman sərf edin.
 “Səs salma” əvəzinə “səs salmasan sənə minnətdar olaram” demək daha düzgün seçim olar.
   Unutmamalıyıq ki, heç bir vəzifə ailədəki vəzifəmizdən üstün ola bilməz və olmamalıdır. Qazanc arxasınca qaçanda olduğu kimi, qazandığımızı xərcləyəndə də ailəmizi düşünməliyik. 
Bir-birinizi ruhən dəstəkləmək üçün bir-birinizdən razı olduğunuzu yaxın qohumlara: ata-anaya deyin. Bu aranızda olan etimad və sevgini artırar.Ancaq qəti şəkildə bir xanım yoldaşının xüsusiyyətlərini başqa xanımlara açıqlamasın, bir kişi də xanımının özəlliklərini başqa kişilərlə bölüşməsin. Bu işdə xeyir yoxdur.
Evə daxil olarkən bir-birinizi şirin dil və gülər üzlə qarşılayın. Bu cür davranmaq insanın öz problem və sıxıntılarını da azaldır.Evinizə çox gecikmədən qayıtmağa tələsin, şübhə doğuran səbəblərin yaranmasına imkan verməyin.Yoldaşınızı qısqandırmağa çalışmayın, özünüzü çətin vəziyyətə qoyar, sıxıntı yaratmış olarsınız.
Bir-birinizdən heç bir şey gizlətməyə çalışmayın, şübhə doğurmuş olar, qarşı tərəfin etimadını itirərsiniz. Hər məsələdə məsləhət edin. Belə olarsa sonra baş verə biləcək problemləri də paylaşmış olarsınız.
Övladlarınızın tərbiyə işində də bir ata və ana kimi cavabdeh olduğunuzu düşünərək onlara gözəl nümunə olmağa çalışın.Uşaq tərbiyəsində ixtilafa yol verməyin, razılaşdırılmış şərikli metod seçin.
Aranızda anlaşılmazlıq olarsa, bu vəziyyəti başqaları, hətta ən yaxınlarınızla (dost-tanış, valideyn) belə bölüşməyin. Çünki söhbətlər həyat yoldaşınızı günahkar vəziyyətə salacaq, sonda problemlər, anlaşılmazlıqlar öz həllini tapanda  siz utanacaq, xəcalət çəkəcəksiniz.
  Həyat yoldaşınıza göstərdiyiniz sevgi və hörməti onun valideynləri və ailə üzvlərinə qarşı da göstərin.
Gözəl həyat yoldaşı deyil, həyat yoldaşınızda gözəl keyfiyyətlər arayın, hər kəsdə mütləq gözəl xüsusiyyətlər vardır. Bir-birinizdə yaxşı cəhətləri görməyə çalışın.

Həyat yoldaşınızın bəyənmədiyi insanları evinizə dəvət etməyin.
  Çalışın böyüyüb boya-başa çatdığınız mühitin adət-ənənələri yeni qurduğunuz ailədə mübahisəyə səbəb olacaq problemlərə çevrilməsin.
Ailədə qarşılıqlı nəzakət və ədəblə, nəcib, alicənab davranın. Çox vaxt ailələr nəcib və nəzakətli davrandıqlarını yalnız yad insanlar yanında nümayiş etdirirlər. Halbuki məhz ailə fərdləri nəcib və ədəbli davranışa layiq kəslərdir. Əgər nəzakətlə davranmağı bacarırıqsa, ilk öncə bunu ailə üzvlərimizə qarşı tətbiq etməliyik.
  Ailədə iş bölgüsünə də diqqət etmək vacibdir. Bunun üçün kağız-qələm götürüb yazmağa ehtiyac yoxdur. Həyat özü fərdlər arasında vəzifə  bölgüsü aparmışdır. Yetər ki, ər-arvad bir-birinə qarşı anlayışlı olsunlar. Bəzi dar düşüncə tərzlərinin həlli mümkün olmayan problemlər yaratmasına imkan verməyin.

  İki fərqli insanın hər bir hal və vəziyyətdə eyni düşünüb, eyni əməl etməsi mümkün deyildir. Bu insan fitrətinə yaddır. İxtilaflar mütləq baş verəcəkdir, bu qaçınılmazdır. İnsan bəzən öz-özü ilə ixtilafa düşür. Belə olduğu halda, bəzi məsələlərdə cütlüklər arasında baş verən mübahisələri təbii qarşılamaq lazımdır. Başqa sözlə desək kiçik anlaşılmazlıqları böyüdüb problem şəklinə salmadan həll etməliyik.Onu da unutmayaq ki, böyük yanğınlar kiçik qığılcımlardan yaranır. Qığılcımları bir  ovuc su söndürər. O zaman bir ovuc su ilə sönə biləcək atəşi böyüdərək fəlakət halına gətirməyək.
Bir-birinizə qarşı davranışlarınızın təməlində yalnız Allahın razılığını qazanmaq niyyəti olsun. Məhz bu halda hüzur tapar, xoşbəxt və müqəddəs ailə yuvanızın davamlı olmasında yardımçınız Uca Allah olar.


Firəngiz Sabirqızı
Bu yazıya 849 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.