Gingivit Nədir?


Vüqarə Məmmədova
Bu yazıya 3206 dəfə baxılıb.

Gingivit – damağın selikli qişasının iltihabi prosesidir. “Gingivit” sözü latın dilindəki gingiva sözünə “it” şəkilçisi (tibdə iltihabi prosesləri xaraterizə edən şəkilçidir) əlavə edilməklə əmələ gəlir.

Gingivit – yetərincə yayılmış bir xəstəlikdir. Gingivitə tez-tez yeniyetmələrdə və hamilələrdə rast gəlir. Bu kateqoriya insanlarda xəstəlik adətən daha ağır keçir, çünki onların bədənində hormonal dəyişikliklər baş verir.

Gingivitin müalicə edilməyəndə inkişaf etməsi daha ağır fəsadlarla nəticələnə bilər, məsələn, paradontitə,  dişlərin tökülməsinə gətirib çıxarır.

 

Gingivitin yaranma səbəbləri

Gingivitin yaranma səbəbləri çox müxtəlifdir. Onları şərti olaraq daxili və xarici qruplara bölmək olar.

Daxili səbəblərə aiddir: dişlərin böyüməsi (böyüyən diş damağı zədələyir) və onların səhv yerləşməsi (prikusu), vitamin çatışmazlığı, həzm sisteminin xəstəlikləri (bütün sahələr bir-biri ilə əlaqədədir), immunitetin  zəifləməsi (ağız boşluğu üçün daha çox yerli immunitet əhəmiyyət daşıyır) və s. səbəblər.

 

Xarici səbəblər: fiziki (travma, yanıq, şüa təsiri), kimyəvi (aqressiv maddələrin təsiri), bioloji (infeksiya) və tibbi (yatrogen) amillər. Diş daşı, ərp, qida qalıqları, səhv salınan plomblar, ağızla nəfəs alma, siqaret çəkmə, kimyəvi qıcıqlanma, infeksiyalar daha çox gingivit yaradır. Böyük və uşaqlar üçün məhz infeksion gingivitlər daha aktualdır. Uşaqlarda gingivit lazımi gigiyena olmadıqda yaranır. Məsələ ondadır ki, yerli immun müdafiə 7 yaşa qədər hələ inkişaf edir, onun tam formalaşması isə yeniyetmə dövrü başlayanda bitir. Buna görə xroniki iltihab ocaqları olmadıqda belə yaranma riski uşaqlarda daha böyükdür. Kariesi olan uşaqlarda isə bu risk daha da artıqdır. Məhz müalicə edilməmiş çürük dişlər gingivitin yayılmış səbəbidir. Gingivitlər həmçinin revmatizm, vərəm, şəkərli diabet, qaraciyər və öd kisəsi xəstəlikləri, nefropatiyası olan uşaqlarda əmələ gəlir. 

 

Gingivitin əlamətləri

Gingivitin bir neçə növləri vardır: kataral, xoralı-nekrotik, hipertrofik və atrofik gingivit.

 

Xəstəliyin kəskin və xroniki formaları vardır. Xroniki forma əksərən qışda və yazda kəskinləşir (bu artan qanaxma ilə büruzə verir) və daha çox böyük insanlarda rast gəlir.

 

Əgər xəstəlik bir və ya hər iki çənənin bütün dişləri əhatə edən damaqda əmələ gəlirsə, o zaman bu yayılmış gingivitdir. Yerli gingivit isə damağın bəzi yerlərində bir və ya bir neçə diş nahiyyəsində əmələ gəlir.

 

Kataral gingivitin kliniki simptomları: iltihabi prosesə əsaslanan qızartı, damağın selikli qişasının şişkinliyi, qan axmalar. Gingivitin bu formasında xəstənin subyektiv hissləri dişlərdə cüzi qaşınmadan, yemək zamanı ağrılardan ibarətdir.

 

Xoralı-nekrotik gingivit zamanı damağın selikli qişasında yaralar və nekroza uğramış sahələr əmələ gəlir. Onun kliniki simptomları bunlardır: qalitoz (ağızdan xoşagəlməz qoxu), damağın ağrılı olması; orqanizmin ümumi vəziyyəti həmçinin ağırlaşır: xəstə ümumi əzginlik hiss edir, bədən hərarətinin 39 dərəcəyədək yüksəlməsi, limfa düyünlərinin böyüməsi mümkündür.

 

Hipertrofik gingivitdə damaq məməciklərinin böyüməsi baş verir və dişin bir hissəsi örtülür. Xəstəliyin ilkin mərhələlərində hər hansı bir simptom olmur. Sonradan isə damağa toxunanda və ya yemək yeyəndə qan axma və ağrılar başlayır.

Atrofik gingivitdə isə, əksinə, damaq toxumasının atrofiyası (azalması) baş verir, və damağın səviyyəsi zamanla aşağı düşür və dişin dibi görünməyə başlayır. Atrofik gingiviti olan insan bunu  isti və soyuq yeməklərə həssaslıqda hiss edir.

 

Gingivit bəzən sadəcə parodontit (dişin dibini, sümük alveollarını və damağı əhatə edən toxumanın iltihabı) yaxud parodontoz (iltihab destruktiv proseslərdən daha az olur) əlamətləri ilə büruzə verir.

 

Profilaktikası:

 

Gingivitin profilaktikası üçün tədbirlər görmək lazımdır:

müntəzəm olaraq stomatoloqun müayinəsindən keçmək;

hər gün diş ərpini diş pastası və ipək sap vasitəsiylə aradan qaldırmaq;

dişləri təmizləmək üçün hər 3-6 ay stomatoloqa müraciət etmək.

  

Ağırlaşmamış gingivit tez bitir, adətən, 7-10 gün ərzində. Xroniki isə intensiv müalicə tələb edir. Əgər gingivit müalicə edilməzsə, bu parodontit əmələ gəlməsinə və dişlərin tökülməsinə gətirə bilər (kariesdən fərqli olaraq, gingivit diş tökülməsinin daha yayılmış səbəbidir).

 

Həkim nə edə bilər?

 

Gingivitin müalicəsi sadəcə stomatoloq tərəfindən aparılmalıdır. Müalicə diş piləklərinə təsirdən, yerli və ümumi amilləri aradan qaldırmaqdan ibarətdir. Bəzi hallarda cərrahi müdaxilə zəruridir (küretaj).

Bundan başqa əksər hallarda xüsusi vasitələrə əl atmaq lazım olur, həm də sadəcə xəstəliyin kəskin fazasının müalicəsi üçün deyil, həmçinin ciddi ağırlaşmaları dayandırmaq və ya qarşısını almaq üçün müxtəlif preparatlardan istifadə olunur: antibiotik, iltihaba qarşı vasitələr, yerli immunomodulyatorlar.

 

Yoluxucu-iltihabi proseslərdən əmələ gələn gingivitlərdə infeksiyanın törədicisini aradan qaldırmaq lazımdır. Buna görə həkim antibakterial vasitələr və ya göbələyə qarşı dərmanlar təyin edə bilər.

 

Siz nə edə bilərsiniz?

 

İlk növbədə əsaslı şəkildə ağız boşluğunun gigiyenasına riayət etmək lazımdır. Həkim sizi bütün lazımi tövsiyələrlə təchiz edəcək.

 

Atlasmedical.az

 

 


Vüqarə Məmmədova
Bu yazıya 3206 dəfə baxılıb.