Ərik Cavanlıq Mənbəyidir


Kəmalə Hüseynova
Bu yazıya 1723 dəfə baxılıb.

Ərik mart-apreldə çiçəkləyir. Çiçəkləri ağ və ya açıq çəhrayı rəngdədir. Çiçək saplaqları qısadır. Meyvələri iyun-avqustda yetişir. Meyvələri birçəyirdəkli olub, rəngi ağ, sarı və qırmızı-narıncı olur. Meyvəsinin ağırlığı 3-18 q, forması isə müxtəlifdir. Ətliyi şirəli, şirin və ya turşa-şirindir. Adi əriyin tərkibində 20%-ə qədər şəkər (əsasən saxaroza), 2,6% üzvi turşu, 1%-ə qədər pektin, karotin, B1 və B2 vitaminləri vardır. Çəyirdək ləpəsində 40%-ə qədər badam yağına oxşar qurumayan yağ, 20%-ə qədər zülali maddə, 10% karbohidrat vardır. Ərik təzə halda istehlak edilir. Ondan kompot, şirə, mürəbbə, cem, marmelad, jele, karamel üçün içlik hazırlanır, həmçinin qurudulur. Çəyirdəyi ilə birlikdə qurudulduqda uryuk, çəyirdəksiz bütöv qurudulduqda qaysı, iki yerə bölünüb qurudulduqda isə kuraqa adlanır. Qurudulmuş ərikdən tamlı qatqı kimi bir çox xörəklərin hazırlanmasında istifadə olunur. Çəyirdəyinin qabığından aktivləşdirilmiş kömür, budaqlarının ifraz etdiyi qətranlardan isə kley hazırlanır.

Əfsanəsi

Əriyin vətəni Orta Asiya hesab olunur. Əfsanəyə görə Babilistanı tərk edən sakinlər Qafqaz dağlarından aşaraq özləri ilə ərik ağacının tinglərini aparmış və onları yol boyu əkmiş və bundan sonra gözəl ərik bağı yaranmışdır. Bundan sonra yaxınlıqda yerləşən kəndlərin sakinləri gümrahlığı və uzunömürlülüyü, qızlar isə qeyri-adi gözəlliyi ilə fərqlənməyə başladı. Qədim Yaponiyadan bizə gəlmiş mövhumata əsasən məlumdur ki, əriyin yumşaq əti və şirəsi həyatı uzadır və orqanizmi cavanlaşdırır.

Xüsusiyyətləri

Ərik  - Zaqafqaziyada və Orta Asiyada geniş yayılmışdır. Azərbaycanda bu bitki çoxdan bəri becərilir və onun bir sıra rayonlarda ildən-ilə becərilməsi genişləndirilir.

Meyvələrini yetişən vaxt toplayıb həm təbii, həm də konservləşdirilib yeyinti sənayesində istifadə edirlər. Bundan başqa konserv zavodlarında çox vaxt meyvələrin tumlarını ayırıb atırlar. Son illərə kimi ərik ağacının meyvələrinin tumları konserv zavodlarının tullantısı hesab olunurdu. Lakin hazırda əriyin tumlarından əla keyfiyyətli tibb üçün yararlı, badam yağını əvəz edən piyli yağ istehsal olunur. Bu yağdan əczaçılıqda kamfora yağının hazırlığında istifadə edilir. Ərik ağacının toxumlarında 60 %-ə qədər əla keyfiyyətli piy yağı vardır.

Ərik ağacının meyvələri çox xeyirlidir. Meyvələrinin lətli hissəsində bir sıra müalicə əhəmiyyətli maddələr vardır. Bunlardan: karotini, B1 qrupu vitaminləri, pektin və aşı maddələrini, şəkəri,  üzvi turşuları, kalsiumu, maqneziumu və fosfat duzlarını göstərmək olar. Meyvələrindən xalq təbabətində sinəyumşaldıcı və bəlğəmgətirici, tam yetişməmiş meyvələri isə qurdqovucu dərman kimi işlədilir. Tam yetişmiş meyvələri mədənin həzmolma prosesini yaxşılaşdırır, maddələr mübadiləsinə və ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir.

Ərikdə olan A vitamini, çoxalma və böyümədə; infeksiyalara qarşı müqavimətin artmasında əhəmiyyətli təsirə malikdir. Digər tərəfdən A vitamini normal vücud hüceyrələrinin bədxassəli hüceyrəyə çevrilməsinin qarşısını ala bilir. Bundan başqa A vitamini  hüceyrələrin müqavimətinin artmasına vəsilə olaraq xərçəngə qarşı qoruyucu vəzifəni yerinə yetirir. Beləliklə, sərbəst radikalların meydana gəlməsi və hüceyrə ölümünə səbəb olan protein və yağ turşularının pozulma reaksiyalarının dayandırılması təmin edilir.

Ərikdə natrium az, potasium isə çox olduğuna görə ürək çatışmazlığı, böyrək xəstəlikləri, hepatit, siroz müalicəsində və ürək əzələlərinin güclənərək düzgün işləməsinə müsbət təsir göstərir. Bununla yanaşı, əriyin tərkibindəki maqnezium və kalsium qırtlaq yanmalarının qarşısını alır.

Xalq təbabətində ərikdən həzm prosesini yaxşılaşdıran, susuzluğun qarşısını alan, eləcə də xroniki qəbizlikdə yüngül işlətmə dərmanı kimi istifadə edilir. Dərman məqsədilə ərik ağacının yapışqanından da istifadə olunur.

Ərik böyüməyə kömək edir, görmə qabiliyyətini artırır, şəkər xəstəliyi riskini azaldır, immuniteti gücləndirir, qanı artırır. Dəmirlə zəngin olan qaysı sinir sisteminin və ürəyin fəaliyyətini yaxşılaşdırır, qəbzlik və bəzi xərçəng növlərinin qarşısının alınmasında faydalıdır, zərərli maddələrin bağırsaqlarda qalma müddətini azaldır.

Ərik şirəsi ürək əzələsini möhkəmlədir və dəridən artıq maddələrin çıxarılmasına kömək edir. O, həm onkoloji xəstəliklər, anemiya, həm də uşaqlara və hamilə qadınlar üçün çox faydalıdır.

Quru ərik

Quru əriyin tərkibi bol miqdarda B1, B2, B3, B6, A, C, E vitaminləri və kaliumla zəngindir. Həzm problemlərinə yaxşı təsir edir, stresin və qan azlığının qarşısını alır. Təkibində olan A vitamini  dəri probleminə qarşı da faydalıdır. Quru ərik görmə funksiyasını yaxşılaşdırır, şəkər xəstəliyinin inkişafına mane olur, immunitet sistemini gücləndirir. Əzələlərin və sinirlərin yaxşı işləməsini təmin edir. Ərik lifli bir meyvədir. Zərərli maddələrin bağırsaqda qalma müddətini qısaltdığı üçün xərçəng xəstəliyindən qorunmada da faydalı olduğu müəyyən edilib

Ərik yağının ev şəraitində maskaların tərkibində istifadəsi cildi təravətləndirir, dəridəki qırışları açır. Bu yağın özəlliyi də ondadır ki, o, dəridəki hüceyrələri hər zaman nəmli saxlayıb, ölmüş hüceyrələri bərpa edir.

Ərik maskası

Ümid edirəm ki, gözəllik meyvəsindən hazırlanan maskalar hər bir xanımın ürəyincə olacaq. İstifadə edin, cildinizdəki dəyişiklik 1 həftəyə gözə çarpacaq.

5 ədəd ərik götürülür, şirəsi çıxarılıb 50 qram südlə qarışdırılır. Göz və burun üçün dəliklər açılmış tənzif məhlula batırılır, ancaq tənzifi çox sıxmayın. Üz dərisinə 20 dəqiqə yapışdırılır, daha sonra cild ilıq su ilə yuyulur və üstündən nəmləndirici krem çəkilir. Əgər sizin maska hazırlamağa vaxtınız ya da həvəsiniz yoxdusa, iki hissəyə bölünmüş əriyi üzünüzə sürtün.


Kəmalə Hüseynova
Bu yazıya 1723 dəfə baxılıb.