İlahi Lütf Qaynağı Olan Bayramlar


Samirə Mahmudova
Bu yazıya 715 dəfə baxılıb.

Bayramlar Allah Təalanın insanlara bəxş etdiyi sevinc və bərəkət qaynağıdır. Ehsan və ikramların, yardımlaşma və mərhəmətin, sevgi və səmimiyyətin təzahür etdiyi günlərdir. Ramazan və Zilhiccə ayında əmr edilən ibadəti uca Yaradanın razılığını qazanmaq və mərhəmətinə nail olmaq məqsədilə yerinə yetirməyə çalışan möminlərə, Allah Təalanın bu məşəqqətli imtahandan sonra lütf etdiyi ikramlardır.

İnsanlar bu fərəhli günlərdə Allahın razı qalacağı davranışları etməyə can atar, kasıbları, möhtacları və kimsəsizləri sevindirər, qohum-əqrəba ziyarətlərinə gedərək qohumluq əlaqələrini gücləndirməklə Allahın qoyduğu prinsiplər çərçivəsində o günləri dəyərləndirərlər.

Ramazan bayramının qeyd olunması ilə əlaqədar olaraq Rəsulullahdan (s.ə.s.) belə bir hədis rəvayət edilir: “Rəsulullah (s.ə.s.) Məkkədən Mədinəyə hicrət etdikdən sonra bir gün mədinəlilərin əyləndiklərini görür. Onlara əylənmələrinin səbəbini soruşanda onlar: “Cahiliyyə zamanında biz bu iki gündə bayram edib əylənirdik” dedilər. Allah Rəsulu (s.ə.s.): “Allah o iki günün yerinə sizə bunlardan daha xeyirli olan iki bayramı ehsan etmişdir. Bunlardan birisi qurban, digəri isə ramazan bayramıdır”, - cavabını vermişdir. Allah Rəsulunun bayram namazlarını qıldırdığı təvatür yolu ilə sabitdir. Onun ilk dəfə qıldırdığı bayram namazı hicrətin II ilində olmuşdur. Bu mövzuda ibn Abbas (r.a.)dan gələn rəvayətə görə:

“Rəsulullah (s.ə.s.), Əbu Bəkir, Ömər və Osman (r.a.) ilə birlikdə Ramazan bayramı namazında birlikdə idik. Peyğəmbər (s.ə.s.) namazı xütbədən əvvəl qıldırandan sonra xütbə oxudu. Sonra səflərin arası ilə irəliləyərək arxaya qadınların olduğu yerə yaxınlaşıb Mümtəhinə surəsinin 12- ci ayəsini oxuyaraq sədəqə vermələrini təşviq etmiş, onlar da qızıl və gümüşdən olan zinət əşyalarını Bilalın (r.a.) açdığı önlüyün üzərinə atdılar”.

Görüldüyü kimi bayramlarda sədəqə vermək, sırf Allah Rəsulu (s.ə.s.) tərəfindən təşviq edilən bir sünnə olub gələn rəvayətlərlə sabit olmuşdur. Allahın əzəmət və qüdrətini dərk edərək bayramlarda verilən fitrə və sədəqələr edilən ibadətlərin Allah qatında tam və əskiksiz qəbul olunmasına da bir işarətdir. Bir sözlə mömin bəndə sədəqə və fitrəsini verməklə etdiyi ibadətlərin kamil olduğunun zəmanətini qazanmış olur.

İslam dininin bayramlarda riayət edilməsi xoş gördüyü bəzi xüsuslar vardır ki, bunları belə sıralamaq olar:

Bayram günü səhər tezdən durmaq, bədən təmizliyinə diqqət edərək gözəl libasları geyinmək və bayram namazına tələsmək, qohum - əqrəba ziyarətlərini etmək, yetim, kimsəsiz və kasıb ailələrə baş çəkərək onları sevindirmək və s.  

Bayram sabahı möminin edəcəyi ən xeyirli işlərdən birisi də bayram namazını qılmaqdır. Rəsulullah (s.ə.s.) bayram namazına getdiyi yoldan deyil, fərqli yollarla qayıdarmış. Gedərkən yolda görüşdüyü insanlarla hal-əhval tutduğu, onlarla gülərüzlə danışması mömin qardaşlarının bayramını təbrik edərək bayram sevincini onlarla paylaşmaq İslamın xoş gördüyü əməllərdəndir. Rəsulullah (s.ə.s.) da daha çox insanla görüşməklə bayram sevincini və coşğusunu onlarla bölüşmək üçün başqa yollarla qayıdarmış.

Ramazan bayramında bayram namazından əvvəl məscidə getməmiş xurma kimi şirin şeylər yemək sünnə sayılmışdır. Xurma yediyi zaman tək olmasına diqqət edərmiş. Yəni; bir, üç, beş, yeddi və s.

Bureydədən (r.a.) rəvayət edildiyinə görə: “Rəsulullah (s.ə.s.) Ramazan bayramında yemək yemədən evdən çıxmazdı. Qurban bayramında isə namazı qılmamış bir şey yeməzdi”. Bu hər halda qurban kəsilib ətindən yeyilməsi üçün belə uyğun görülmüşdür. Amma qurban kəsilməsə də, bir şey yeyilməsi kərahət sayılmır.


Samirə Mahmudova
Bu yazıya 715 dəfə baxılıb.