Əfv və Bağışlanma Mövsümü - Ramazani-Şərif


Fatimə Zəhra
Bu yazıya 877 dəfə baxılıb.

Oruc ayı olan Ramazani-Şərif, feyzli bir həyatın yaşandığı mübarək bir mükafat ayıdır. Nail olduğumuz saysız nemətlərin qədrini xatırladan bu ayda, fani ləzzətlərdən imtina edib, baqi ləzzətlərə nail olmanın sirrinə Haqq Təalanın əmr buyurduğu oruc neməti ilə qovuşar.

Bu ibadət, nəfsin yemək, içmək və şəhvətdən yana bitməz-tükənməz arzularına qarşı insanın şərəf və ləyaqətinin qoruyucu bir qalxanıdır. Oruc; sahibini, əzmu səbat, qənaət, hala razılıq, mətanət və səbir kimi əxlaqi gözəlliklərə çatdırmanın fəziləti ilə birgə məhrumiyyət və aclıqla nemətlərin qədrini xatırladar və bu vəsilə ilə yoxsulların hallarını düşündürüb onlara mərhəmət və şəfqət hissləri ilə ürəklərimizi həssaslaşdırar, təşəkkür duyğularını canlandırar. Bu xüsusiyyəti ilə oruc, ictimai həyatdakı kin, həsəd, qısqanclıq kimi kütləni narahatlığa boğan mənfilikləri aradan qaldırmaqda ən təsirli bir İlahi əmrdir.

İslamiyyətdə fərz qılınan ibadətlər, müxtəlif mənəvi xəstəliklər üçün dərman kimidir. Eqoist arzular, dünya bəzəklərinə aldanmaq, zövq və əyləncəyə meyl göstərmək də, mənəvi-ruhani xəstəlikləri ortaya çıxaran səbəblərdəndir. Bütün varlıqlarını itirən və həyatlarından yana narahat olan müsəlmanların Məkkə dövründə, bu cür xəstəliklərə tutulma ehtimalı yox idi. Hicrətdən sonra isə, kafirlərin zülmündən xilas oldular. İslam yayılmağa, iqtisadi vəziyyət yavaş-yavaş düzəlməyə başladı. Mənəvi xəstəliklərə tutulmamaq üçün pəhriz saxlamaq lazım idi. Bu səbəbdən artıq orucun vaxtı gəlmişdi və ya gəlmək üzrə idi. Nəticədə hicrətin ikinci ilində müsəlmanlara oruc fərz qılındı.

Həqiqətən oruc, bir çox maddi və mənəvi xəstəliyə bir növ dərman kimidir. İnsan, bir dərmanı daim istifadə edərsə, bədən ona alışar və artıq dərmanın bir faydası görülməz. Maddi və mənəvi həyat üçün bir dərman olan orucun da vəziyyəti belədir. Əgər ölçüsü aşılsa, oruc, həm maddi, həm mənəvi həyat üçün kamil bir fayda verməz. Belə ki, Peyğəmbərimiz (s.ə.s.) “Mən bundan sonrakı həyatımı həmişə oruclu olaraq keçirəcəyəm!” deyən səhabəsinə qarşı çıxaraq etiraz etmişdi.

Digər tərəfdən orucun müəyyən bir ayda tutulması, bütün müsəlmanların eyni zamanda bu dini vəzifələrini yerinə yetirməsi və İslamın birlik anlayışının ortaya qoyulması üçündür. Beləcə saylı günlərdən ibarət olan oruc, yenə saylı günlərdən ibarət olan həyatımıza incəlik, dərinlik və zəriflik qazandırır.

Bununla yanaşı Ramazani-Şərif ayının, ilin bütün mövsümlərini gəzməsi də ayrı bir hikmət ifadə edir. Beləcə ilin müxtəlif mövsümlərində yaşanan isti, soyuq, sərin və mülayim günlər ilə uzun və ya qısa müddətli bütün günlərə sırasıyla Ramazan günləri rast gəlir və oruc müəyyən zamanlarda ilin bütün günlərini bərəkətləndirir. Bu vəziyyət, eyni zamanda oruc tutanlar üçün çətin və asan olmaqla könüllərə müxtəlif mənəvi həzzlər yaşadır.

Orucun bütün faydaları hədisi-şərifdə nə gözəl buyurulmuşdur:

“Oruc tutun ki, (maddi və mənəvi) səhhət tapasınız!” (Təbərani)

Orucun əsl məqsədi və faydası mənəvidir. Bu səbəbdən oruc, bir ibadət olduğundan, sırf o məqsəd ilə icra edilməlidir. Onun tək zahiri faydaları məqsəd halına gətirilsə, oruc, ibadət olmaqdan çıxar. Yəni orucumuzda az yemək, arıqlamaq kimi məqsədlər olmamalıdır. Belə oruclarda ilahi razılıq düşünülə bilməz. Bədəni hərəkətlərin faydasını nəzərdə tutaraq və ya qəflət və huşusuz qılınan namazlar belə bu qəbildəndir. İbadətlər, yalnız ilahi məqsəd ilə edilər. Bu məqsədin reallaşması üçün, ürəyin səviyyə qazanması, xamlıqdan xilas olub kamala çatması zəruridir.

Ramazani-Şərifdə Həzrəti Peyğəmbər (s.ə.s.)in də tövsiyələrində iştirak edən müəyyən bəzi xüsuslara diqqət yetirmək gərəkdir:

a. Kəliməyi-şəhadət,

b. İstiğfar və zikr,

c. Cənnəti qazana bilmək üçün çoxlu əməli saleh,

d. Cəhənnəmdən qurtuluş üçün haramlardan və günahlardan çəkinmək,

e. İmkanlar nisbətində xeyriyyəçilik etmək, qəlbi qırıq və qəmli kəslərin duasını almaq,

f. Oruclu bir kimsəyə iftar vermək. Və s...

Ramazani-Şərif, möminlərə fəzilət və yetkinlik qazandıra biləcək ilahi bir rəhmət mövsümüdür. Oruclu ikən bir şey yeməməklə yanaşı ağızdan çıxan kəlama da diqqət yetirilməlidir. Dedi-qodu və insanları incitməkdən çəkinməli və orucun fəzilətini azaltmamalıdır. Allah Rəsulu -sallallahu əleyhi və səlləm- buyurur:

“Oruc, orucluya yaraşmayan şeylərlə zədələnmədikcə (tutan üçün) bir qalxandır”. Deyildi ki:

“(Oruclu) onu nə ilə zədələyər?” Buyurdular:

“Yalan və qeybətlə...” (Nəsai; Mucəmul-Əvsat)

Çünki yalan və qeybət sahibləri, gündüzlər halal yeməklərdən nəfslərini məhrum qoyaraq oruc tutarlar, ancaq yalan və qeybətləri səbəbi ilə də mənən insan əti yeyərək haramla iftar etmiş sayılarlar. Yəni qeybət edib yalan danışaraq oruclarını mənən şikəst edənlər, orucun əsl matlub olan bir qisim yüksək fəzilətindən tamamilə məhrum qalarlar. Buna görə də dünya qayğıları ilə bulandırılmış, riya, nümayiş və həsədlə çirklənmiş oruclar və namazlar haqqında Həzrəti Peyğəmbər (s.ə.s.) belə buyurur:

“Nə qədər oruc tutanlar vardır ki, özünə orucundan quru bir aclıqdan başqa bir şey qalmaz! Gecələri nə qədər namaz (təravih və təhəccüd) qılanlar olar ki, namazlarından özlərinə qalan tək yuxusuzluqdur” (Tabərani).

Namazlar, xüsusilə gecə namazı olan təravih və təhəccüdlər, qəlbə hüzur verməlidir. Bu mübarək ayda namazlara daha da etina etməli, Qurani-Kərimi huşu ilə oxumalı, zikrlə ruhumuzu təmizləməli, zəkat və sədəqələr ilə də vicdan dincliyinə qovuşmalıyıq. Qurani-Kərim Ramazan ayında dünya səmasına endirildiyi üçün bu mübarək ayda ibadətlər Quran tərbiyəsilə canlanmalıdır.

Ramazani-Şərifin digər bir qiyməti də möminlərə bolluq və bərəkət dolu bir Quran həyatı yaşatması baxımından mütaliə olunmalıdır. Ramazan, oruc və Quran arasında incə bir rabitə və dərin bir yaxınlıq vardır. Həyat və ölüm öyüdlərini, Qurani-Kərimdən başqa hansı səlahiyətli kürsüdən dinləmək mümkündür?

Orucun əcri Cənabı Haqq qatında məhfuzdur. Hədisi-qüdsidə buyurulur:

“Adəm övladının hər əməl və hərəkəti özünə aiddir. Oruc isə belə deyil! Çünki o, mənim üçündür. (Çünki mən yemək, içmək və bütün bəşəri sifətlərdən uzağam). Bu səbəbdən mən, onun mükafatını (xüsusi bir şəkildə) qat-qat verəcəyəm” (Buxari).

Ayəyi-kərimədə belə buyurulur:

“Oruc tutan kişilərlə, oruc tutan qadınlar, məhrəm yerlərini qoruyan kişilərlə, məhrəm yerlərini qoruyan qadınlar, Allahı çox zikr edən kişilərlə, Allahı çox zikr edən qadınlar yoxdurmu? Allah Təala onlara böyük mükafat hazırlamışdır” (əl-Əhzab, 35).

Görüldüyü üzrə Cənabı Haqq, oruca olan rəğbəti bəyanın yanında ona verəcəyi mükafat və qarşılığı, bəşərin oruca olan rəğbətini təmin məqsədilə gizli tutmuşdur. Eynilə bir müsabiqədə cazibəni artırmaq üçün gizli tutulan çox böyük bir mükafat kimi...

Oruc, nemətlərin qədrini bildirən, təşəkkür hissləri oyandıran, yoxsulların, çarəsizlərin halını anladan, eqoist arzu və təmayülləri aradan qaldıran, maddənin əsarətindən qurtarıb “səbir” deyilən ən yüksək əxlaqi bir məziyyətə çatdıran bir ibadətdir.

Ramazani-Şərif orucu, təravih namazı, sahur və səhər oyanıqlığı baxımından çox mühümdür. Allah Rəsulu -sallallahu əleyhi və səlləm- buyurur:

“Allah, sizə Ramazani-Şərif orucunu fərz etmişdir. Mən də onun qıyamını, yəni Ramazan gecələrində təravih etməyi sizin üçün sünnə etdim. Əgər bir kimsə imanlı bir ürəklə və savabına çatmaq üçün Ramazani-Şərif orucunu tutub, təravih namazını qılsa, anadan doğulduğu kimi günahlarından xilas olar” (Əhməd bin Hənbəl, Nəsai).

Allah Rəsulu -sallallahu əleyhi və səlləm- buyurur:

“Ramazan ayı girdiyi zaman cənnət qapıları açılar;                                                                                       cəhənnəm qapıları kilidlənər; şeytanlar zəncirə vurular” (Buxari, Müslim).

Yəni bəşəri cinayətlər və günahlar, gerçək oruc tutanlarda minimum bir səviyyəyə enər. Şeytanın şəri də bitər. Ancaq nəfsin şərinə qarşı diqqətli olmaq lazımdır...

Müəyyən bir vaxt insanın özünü bəzi maddiyyatlardan uzaq tutması və çəkinməsinin adı olan oruc, zahiri istəklərdən başqa qəlbi həyatı da, eqoist arzu, meyl və pisliklərdən qorumaq deməkdir. Belə ki, əhli mədəniyyət nəzərində bu vəziyyət də orucdan sayılmışdır. Yəni insanın yemək-içmək kimi zahiri meyllərdən uzaq dayanmaqla kifayət etməyib könül aləmini də qeybət, yalan kimi hər cür dünyəvi hallardan da mühafizə etməlidir. Allah Rəsulu -sallallahu əleyhi və səlləm- buyurur:

“Oruc tutan kimsə yalan və bu kimi şeylərə müraciət etməməlidir. Çünki insanları yemək və içməkdən saxlayacaq bir oruca Cənabı Haqqın ehtiyacı yoxdur” (Buxari, Kitabus-savm; Tirmizi, babus-savm; Əbu Davud, savm, 236; ibnMacə, 122).

Bu hədisi-şərifə görə oruclarımızı şikəst edəcək bütün laqeydliklərdən çəkinmək lazımdır. Xüsusilə hirsdən şiddətlə uzaqlaşmalıdır. Başqa bir hədisi şərifdə buyurulur:

“Oruc, yalnız yemək-içmək və sairədən kəsilmək deyil. Kamil və savablı oruc, ancaq faydasız sözdən, boş vaxt keçirməkdən, pis söz söyləməkdən (dedi-qodudan) və nəfsi istəklərin bütün təmayüllərindən imtina etməkdir. Əgər biri səni söyər, yaxud sənə qarşı yanlış bir hərəkət etsə, öz-özünə: “Şübhəsiz ki mən orucluyam!” de; səbr et!” (Hakim, Bəyhaki).

Oruclarımızı Allah ilə birgə olmaq şüuru ilə tuta bilmək üçün “sahur, təravih, zikr, Quran və dua” kimi mənəvi istinadlardan ləzzət almaq lazımdır. İftar zamanı da duaların qəbul olduğu xüsusi bir andır. Həzrət Peyğəmbər (s.ə.s.) buyurur:

“Kim bir orucluya iftar versə, oruclunun əcri kimi –oruclunun savabından heç bir şey azalmadan- əcr alar” (Tirmizi, Savm, 81).

Bu müjdəni eşidən səhabələrdən kasıb olanları Rəsulullah (s.ə.s.)ə özlərinin zənginlər kimi oruclunu doyuracaq dərəcədə iftar yeməyi verməyə imkanlarının olmadığını hüznlə ifadə etdiklərində də Allah Rəsulu (s.ə.s.) belə buyurdu:

“Kim bir oruclunu bir xurma ilə, su ilə və ya dadımlıq bir süd ilə iftar etdirsə, Allah Təala, ona eyni savabı verər”(İbni Huzeymə, Səhih, III, 191)

Əməllərin qiymətləndirilməsi Allaha aiddir. Allahın sonsuz kərəmindən ümid edilər ki, mübarək Ramazan ayı, Hz.Peyğəmbər (s.ə.s.)in buyurduqlarına riayət etməklə onun qiymətini daha çox bilib, dəyər verərək daha çox savab, daha az günah qazanmağımıza səbəb olar.

Çünki Ramazani-Şərif, başdan-başa bir bağışlanma mövsümüdür. İslamın dörd şərtinin həyəcanla yaşandığı mübarək bir aydır. Ruhu təmizləyib dərinləşdirən Ramazani-Şərif, “rəfəs”, “fısk” və “cidal”ın qadağan edildiyi həssas həcc ibadətinə ruhən bir hazırlıqdır.

Ramazan, bütün xeyr-hasenatın qat-qat savabla mükafatlandırıldığı ilahi bir lütf mövsümüdür. İçində min aydan xeyirli bir Qədir gecəsi olan Ramazani-Şərifi layiqi ilə canlandıranlar saysız nemətlərə nail olarlar. Ona laqeyd qalanlar isə, dəhşətli bir məhrumiyyətə düçar olarlar.

Peyğəmbər (s.ə.s.) bir hədisi-şərifində belə buyurur:

 “...Cəbrayıl (ə.s.) mənə göründü və; “Ramazana çatıb günahları bağışlanılmayan kimsə rəhmətdən uzaq olsun!” dedi. Mən də “Amin!” dedim...” (Hakim, IV, 170/7256; Tirmizi, Dəvət, 100/3545)

Xoşdur, bu İslami gözəlliklərlə Ramazani-Şərifi əhya edib ilahi əfv fərmanını alaraq həqiqi bayrama çata bilənlərə!..  Xoşdur, hər gecəsini Qədir, hər gördüyünü Xıdır bilib bu əbədi qazanc fürsətlərini qiymətləndirə bilənlərə!..

Cənabı Haqq cümləmizi iman incəliyi ilə din qardaşlığını yaşayıb yaşadan saleh qullarından etsin. Bütün bir ömürümüzü rizasına müvafiq əməllərlə canlandıraraq əbədi bayrama qovuşdursun!

Amin...

 

 


Fatimə Zəhra
Bu yazıya 877 dəfə baxılıb.