Sağlamlıq Və Sevgidə İsraf


Əlif Güldar
Bu yazıya 997 dəfə baxılıb.

İnsanın sahib olduğu nemətləri lazımsız və həddindən artıq istehlak etməsi, İslam dinində doğru hesab edilməmiş və insanoğlunun yemək, içmək və xərcləmək mövzusunda müəyyən bir tarazlıqda olması istənmişdir. Cənabı Haqq, Qurani-Kərimin müxtəlif yerlərində bu xüsusa işarə etmişdir: "Əlini bağlı olaraq boynuna asma. Onu tamamilə də açıb saçma. Sonra qınanmış peşman bir halda oturub qalarsan" (əl-İsra, 17/29). Burada "boynuna asma" təbirində xəsislik etmək nəzərdə tutulduğu ifadə edilir. "Açıb saçma" təbirində isə, israf olduğu ifadə edilir. Bu iki xüsus da bir-birinə zidd olan, lakin təsdiq edilməyən vərdişlərdir. İkisində də həm adama, həm də cəmiyyətə saysız zərərlər var.

İsraf lazımsız ölçüdə xərcləmək, bədxərclik, hər cür imkanı və varlığı saçıb-sovurmaqdır. Bütün nemətləri Allah Təalanın insanlara verdiyi bir əmanət sayan İslam dini, bunları yalnız onun razılığını əldə etməyə, insanlara xidmətdə istifadə etməyə əmr edir. İsraf və xəsislik ürəyin mənəvi xəstəliklərindən sayılır.

Allah Təala Əraf surəsi, 31-ci ayədə belə buyurur; "Ey Adəmoğulları! Hər məsciddə zinətinizi geyinin (gözəl və təmiz geyinin). Yeyin, için lakin israf etməyin. Çünki o, israf edənləri sevməz". İsrafın bəziləri bunlardır; meyvə və tərəvəzlərin çürümələrinə icazə vermək israfdır. Çörək başda olmaqla hər cür qidaların qorunmaması, atılması israfdır. Paltar, parça, kitab kimi əşyaların mühafizə edilməməsi israfdır. Çörəyin bir hissəsini yeyib, içinin və ya kənarının zibilə atılması israfdır. Ehtiyacımızdan çox ərzaq, çörək almaq israfdır. Suyu, lampanı, elektriki, qazı lazımsız və boş yerə xərcləmək israfdır.

Rəbbimiz biz insanoğullarına saysız nemətlər və ikramlar etmişdir. Bunların hamısı da bizə bir əvəz ödəmədən və qarşılıqsız təqdim edilmişdir. Bunların qədir və qiymətini bilmək, kifayət qədər istifadə etmək, lazım olduğundan çoxundan çəkinmək bizim insani bir vəzifəmiz olduğu qədər, eyni zamanda dini bir öhdəçiliyimizdir.

İsraf deyilincə, ilk ağla gələn şey; yalnız yemək-içmək olsa da, heç şübhəsiz, yalnız bunlarla məhdud deyil. Sağlamlıqda, zamanda, düşüncədə, inancda və söhbətdə edilən israf da bizlərin Rəbbimiz qarşısında məsul olduğumuz israf növlərindəndir.

İnsanoğlunun qəfləti səbəbiylə ən çox içinə düşdüyü səhvlərdən biri də zaman israfıdır. Rəbbimiz insana hər şeyi bir neçə dəfə verməklə yanaşı, ömür nemətini bir dəfə yaşamağı lütf etmişdir. Bunu layiqi ilə idrak edə bilməmək və bu gözəl neməti lazımsız yerə xərcləmək, bizə bəxş edilən bu sərmayəni xeyirli bir şəkildə istifadə edə bilməmək ən böyük qüsurlarımızdan biri olar.

Rəsulullah -sallallahu əleyhi və səlləm- bir gün:

"Ölüb də peşmanlıq duymayacaq heç bir kimsə yoxdur", buyurmuşdur.

Əshabı-kiram:

"-Onun peşmanlığı nədir, ya Rəsulullah?" deyə soruşdular.

Peyğəmbərimiz (s.ə.s.):

"-Muhsin bir adamdırsa, bu halını daha çox artırmadığına; pislik edən bir adamdırsa, o pislikdən çəkinmədiyinə peşman olacaq", buyurdu. (Tirmizi, Zühd, 59)

Bir çox ayəyi-kərimələrdə və Peyğəmbər (s.ə.s.)in hədisi-şəriflərində israfın hər növünün haram olduğu buyurulur. Çox varlı, imkanlı ola bilərik. Buna baxmayaraq, imkanı olmayanların da sahib olduğumuz imkanlarda haqlarının olduğunu unutmamalıyıq.

Qurani-Kərimdə "Qohuma, yoxsula və yolda qalmış yolçuya haqlarını ver, lakin saçıb-sovurma" (İsra Surəsi 26). Sonrakı ayədə də "Çünki saçıb sovuranlar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı çox nankorluq etmişdir", (İsra Surəsi 27) buyurulur. Rəbbimiz bizləri israfa düşməyin şeytanla qardaşlıq olacağını ifadə edərək çox ciddi şəkildə xəbərdar edir.

Rəbbimizin bildirdiyi haqq yolundan başqa səhv etiqadlara könül vermək, əxlaqi, milli və mənəvi dəyərlərimizin xaricindəki dəyərlərə qapılmaq, Xaliqimiz tərəfindən bizə verilən sağlamlıq və can əmanətinə lazım olduğu kimi sahib çıxa bilməmək, böyük bir məsuliyyətdir.

İsrafın ən əhəmiyyətlilərindən biri də, heç şübhəsiz, sağlamlığımızın israfıdır. Həyat, sevinc, xoşbəxtlik və çətinliklərlə birlikdə yaşanır. Bir çox dərd və çətinlik insanın qarşısına çıxa bilər. Ancaq bütün bu problemlər sağlamlıq qədər əhəmiyyətli deyil. Tək bir nəfəsin belə dəyəri bilinməlidir. Bütün dünya insanın olsa belə, sağlamlıq olmayınca heç bir əhəmiyyəti olmur. Qanuni Sultan Süleymanın xəstə yatağında söylədiyi söz bunu nə gözəl ifadə edir:

"Xalq içində mötəbər bir məqam yox dövlət kimi,

Olmaz dövlət dünyada bir nəfəs səhhət kimi".

Həyatda qarşılığı, geri qaytarılması mümkün olmayan sevgi və söhbət israfıdır. Bu qısa ömrümüzdə Rəbbimizin bizə lütf etdiyi sevgi nemətini nələrə xərcləyirik? Bu yalan dünyada haralara könül bağlayırıq? Söhbətimiz nələrə yönəlir? Dünyadakı keçici sevdaların arxasındayıqmı? Yoxsa həqiqətəmi sevdalıyıq?

Dünyada bizə bəxş edilən "Sevgi" nemətini başqa şeylərdə israf etmək yerinə Rəbbimizə, Peyğəmbərimizə, Allah dostlarına, yönəldə bilmişiksə nə xoş halımıza...

Ürəyimizdəki sevgi, milli-mənəvi dəyərlərimizin, vətənimizin, torpağımızın və bayrağımızın sevgisi ilə dolu olmalıdır. Ürəyi bu hiss və duyğularla dolu xeyirli nəsillər yetişdirə biliriksə, ancaq bu şəkildə məsuliyyətdən xilas olmuş olarıq. Allah bizləri israf qəflətindən uzaq olan və hesab gününə üzüağ çıxanlardan etsin. Amin! 


Əlif Güldar
Bu yazıya 997 dəfə baxılıb.