Müxtəlif Dinlərdə Ailəyə Münasibət


f.f.d. Əmanət PAŞAZADƏ
Bu yazıya 757 dəfə baxılıb.

Ailə, fərd və cəmiyyət həyatı baxımından son dərəcə önəmli bir qurumdur.O, bir tərəfdən qadın və kişi arasındakı münasibətlərin qanuni cərcivədə davam etməsini  təmin edir, digər tərəfdən ailə fərdlərinin səmimi və rahat yaşaması ücün müvafiq bir şərait yaradır. Sağlam cəmiyyətin əsasında sağlam bir ailənin durduğunu nəzərə alsaq, ailənin əhəmiyyətini daha yaxşı anlaya bilərik. Bu baxımdan ailənin bütün dinlərdə və mədəniyyətlərdə xüsusi bir yeri vardır.

Yəhudilərdə ailə, sadəcə sosial bir qurum deyil, eyni zamanda dini bir icmadır və patriarxal dəyərlər sayəsində varlığını davam etdirir. Subaylıq bu ailə kultunun dağılması ilə nəticələnəcəyi ücün qəbul edilməmişdir. Yəhudi ailəsi patriarxal bir ailə olduğu üçün qohumluq, qəbilə münasibətləri və miras da kişiyə görə müəyyən olunur. Tövrata görə qadın kişinin qabırğasından yaradılmışdır. Bu yaradılış, kişinin hakimiyyəti və qadının ona tabe olmasına şərait yaratmışdır. Həmçinin, ailənin, nəslin davamında oğlan övladlarının mühüm bir yeri vardır. Bu səbəblə, oğlan övladı olmadan vəfat edən bir kişinin soyunu davam etdirmək üçün dul qadının qaynı ilə evlənməsi (levirat) önəmli bir dini vəzifə olaraq qəbul edilmişdir. Evlilik əsasında riayət olunacaq qaydalar, ər və arvadın bir-biri qarşısında yerinə yetirdikləri vəzifələri “ketubba” deyilən əqdlə müəyyən olunur. Bundan əlavə evlilik əsasında qadına müəyyən qədər pul və ya mal (mobar) verilir. İlk dönəmlərdə boşanma zamanı sadəcə kişinin iradəsi müəyyənedici olurdusa, sonralar qadının istəyi də diqqətə alınmağa başladı.

Xristianlığın ailəyə, qadına münasibətində isə bir təzad mövcuddur. Bir tərəfdən ilkin günaha qadının səbəbkar olduğuna görə qadından uzaq durmaq, subaylıq, heç evlənməmək mühüm bir möminlik meyarı sayılarkən, digər tərəfdən ailə çox önəmli bir dini qurum sayılmış və evlilik aktı müqəddəs ayinlərdən (sakriment) biri olaraq qəbul edilmişdir. İlkin günahın Xristian dinində mühüm olduğunu və İsa Məsihin insanlığı bu günahdan qurtarmaq üçün göndərildiyi inancı xüsusi qeyd olunmalıdır. Məhz bu anlayışın nəticəsi olaraq ailədə kişinin (ərin) hakimiyyəti daha çox nəzərə çarpır. Müqəddəs ayinlə birləşən və bununla da tək bir bədən hesab olunan ər və arvadın boşanmalarına da izn verilməmişdir. Zamanla boşanma yasağı Xristian Qərb cəmiyyətində tətbiq olunmaz hala gəlmiş, hətta tam tərsinə boşanma Qərb cəmiyyətində daha çox yayılmışdır.

Digər mədəniyyətlərdə və toplumlarda da keçmişdə əsasən patriarxal ailə quruluşu daha çox nəzərə çarpır. Bu ailələrdə atanın və ya ərin hakimiyyəti, bəzən romalılarda və İslama qədərki ərəb toplumunda olduğu kimi mütləq, bəzən də qədim türklərdə olduğu kimi daha yumşaq və nisbidir. Evlilik öncəsi qız tərəfinə müəyyən qədər pul və ya mal verilməsi əksər toplumlarda mövcud olmuşdur. Çoxarvadlılıq bir çox toplumlarda mövcud olsa da, sadə əhalı arasında geniş yayılmamışdır.  


f.f.d. Əmanət PAŞAZADƏ
Bu yazıya 757 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.