Salamlaşmaq


Nuranə İBRAHİMOVA
Bu yazıya 1139 dəfə baxılıb.

Musafaha – toxalaşmaq, əl sıxışmaq deməkdir. Musafahanın şəkli bir kimsənin əlinin içinin başqasının əlinin içi ilə birləşdirməsi, bir-birinin əllərini bu vəziyyətdə tutmaları tərzində olur. Musafaha sünnətdir.

 İlk qarşılaşdığın zaman musafaha etmək sünnət, hər qarşılaşmada musafaha etmək müstəhəbdir (Əməl yerinə yetirildikdə axirət savabı yazılan, yerinə yetirilmədikdə isə heç bir günah yazılmayan əməldir). Qarşılaşan zaman əvvəl salam verirlər, sonra əl tuturlar. Musafaha üçün əlini uzadandan üz çevirmək və əl uzatmamaq doğru bir davranış deyil. Ədəbə tərs bir davranışdır.

Musafaha əsnasında halal və harama diqqət etmək lazımdır. Bir-birlərinə baxmaları haram olanların toxunmaları da haramdır. Qadınların kişilərlə musafaha etmələri caiz deyil (Hər hansı bir baxımdan edilməsinə, görülməsinə, işlənməsinə icazə verilən).

Musafaha edənlər bir-birinə dua etmiş olurlar və iki müsəlman görüşərkən bir-birinin əllərini sıxırlar, əllərini ayırmadan hər ikisinin ağacdan yarpaq töküldüyü kimi günahları tökülür. (Əbu Davud, Ədəb, 12). İki müsəlman qarşılaşdıqları zaman musafaha etsələr, hər ikisi Allaha həmd edib bağışlanmalarını diləsələr məğfirət olunarlar.

         Salam kəlməsi dünya və axirət sıxıntılarından qurtulmaq, rahatlığa qovuşmaq mənasını ifadə edir.

         Salam Allah Rəsulunun sünnətinə görə “Əssəlamu Aleykum” şəklində, digər dinlərə mənsub qövmlərin salamları isə və bəzi işarələr şəklindədir.

Digər dinlərdə salamlaşma şəkli

Xristiyanlarda salamlaşma zamanı əli ağıza qoyurlar. Yəhudilərdə barmaqları ilə işarət edirlər və ya baş əyib bellərini bükürlər. Məcusilərdə əyilmək şəklindədir.

Kim kimə salam verməlidir?

Balaca böyüyə, minikdə olan piyadaya, ayaqda gedən oturana, sayca az olanlar da çox olanlara salam verməlidirlər. (Buxari, 6231-6232)

İnsanların Allah qatında ən məqbulu və ona ən yaxın olanı öncə salam verəndir.

Abdullah ibn Amr ibn Ass (r.a.)dan xəbər verildiyinə görə bir adam Rəsulullah (s.ə.s.)dən soruşmuşdur:

-         İslamın hansı xüsusiyyəti daha xeyirlidir?  

Rəsulullah (s.ə.s.)

-         Yemək yedirmək və tanıdığı, tanımadığı hər kəsə salam verməkdir.

Salam vermək “sünnət”, almaq topluluğa “fərzi-kifayə”, tək insana isə “fərzi-ayn”dır.

Əs-Salam Uca Allahın gözəl adlarından biridir. Lüğətdə salamatlığa çıxardan, rahatlığa çatdıran, təhlükəsizlik verən kimi mənaları ifadə edir.

İslama görə salamlaşma “Əs-Salamu Aleykum” və ya “Səlamun-Aleykum” şəklindədir. Peyğəmbərimiz (s.ə.s.) qürur xəstəliyindən uzaq olması və təvazö tacı ilə taclanması səbəbilə insanlarla qarşılaşdığı zaman ilk salamı özü verərdi. Yolda gedərkən uşaqlara belə salam verər, əhvallarını soruşardı.

Əbu Hüreyrədən (r.a.) rəvayət edildiyinə görə Peyğəmbərimiz (s.ə.s.): “Müsəlmanın müsəlman üzərində 6 haqqı vardır:

1.     Qarşılaşınca salam vermək.

2.     Dəvətinə getmək.

3.     Nəsihət etmək.

4.     Asqırıb həmd etsə “yarhəmukallah” demək.

5.     Xəstələndikdə ziyarət etmək.

6.     Öldükdə cənazəsində iştirak etmək. (Darimi, İstizan: 5; İbn Macə, Cənaiz: 43)

Salamın verilib alınmayacağı yerlər

1.     Ayaq yolunda və hamamda salam verilib alınmaz.

2.     Günaha səbəb olan və ya günahla məşğul olduğu halda salam verilməz və alınmaz.

3.     Quran oxuyana, hədis rəvayət edənə, vaaz edənə, azan oxuyana və bunları dinləyənlərə, qamət gətirənə, elm müzakirə edənlərə salam verilməz.

4.     Fitnəyə səbəb olacağı narahatlığı ilə gənc və yad qadınlara salam verilməz. Onların salamına səsli cavab verilməz.

Rəsulullahın yanına bir adam gələrək “Əs-Salamu Aleykum” dedi. Rəsulullah salamını aldıqdan sonra “sənə on savab var” buyurdu.

Başqa birisi gələrək “Əs-Salamu Aleykum və rahmətullah və Bərəkətüh” deyə salam verincə “sənə də otuz savab vardır”, buyurdu. (Əbu Davud, Ədəb, 132; Tirmizi, İstizan, 2)

Hz.Aişə belə buyurmuşdur:

“Yəhudilərdən biri Rəsulullahın hüzuruna gələrək Əs-Salamu Aleykum (Allahin rəhməti üzərinə olsun) deyəcək yerdə, qısa olaraq “Əs-Səmu Aleykum (Ölüm üzərinə olsun)” deyir. Rəsulullah da Aleykum (sizə olsun) buyurdu”. Hz.Aişə deyir ki: Ölüm və lənət sizə olsun dedim. Bundan sonra Rəsulullah :

-Ya Aişə, Allah Təala hər şeydə yumşaq davranmağı sevər buyurdu. Mən də:

-Onların dediklərini eşitmədinmi?- dedim.

Rəsulullah:

-Mən də “Aleykum (sizə olsun)” deyərək onu onlara geri qaytardım.

( Buxari. əl-Came əs-Səhih. Hədis № 3231; Müslim. əl-Came əs-Səhih. Hədis № 1795)

İşlədiyi günahı açıqca deməkdən çəkinməyən kimsələrə (fasiqlərə) salam vermək məkruhdur. (Məkruh əməl yerinə yetirildikdə heç bir günah yazılmayan, lakin bəyənilməyən əməldir). Salam verib almaq bir dostluq nişanəsi, sevgi əlamətidir. Fəqət salam verərkən aşağıya doğru bükülmək məkruhdur. Belə ki, bəzi alimlərə görə salam verərkən rükü halına yaxın əyilmək səcdə etmiş kimidir.

Evə girildiyi zaman ev xalqına salam verilməlidir (Nur, 27-29). Bu, Allah-Təalanın əmridir. Bir kimsə öz evinə girincə, evdə adam olmasa belə salam verməsi müstəhəbdir. Boş bir evə və ya boş bir məscidə girəndə “əs-səlamu aləynə və alə ibədilləhis-salihin” şəklində salam verilir.

 


Nuranə İBRAHİMOVA
Bu yazıya 1139 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.