Ataların Qızları


Tərgül Şirinova
Bu yazıya 795 dəfə baxılıb.

Bir qız uşağı dünyaya gəldiyi andan etibarən anasına meylli, atasına isə heyran olar. Anasının qucağında şəfqət axtararkən, atasının qucağında özünü daha güclü hiss edib onunla oyun oynamaq üçün, əylənmək üçün min çarə axtarar. O, əmindir ki, atası yanındaykən heç kəs ona zərər verə bilməz. Onun atası yer üzünün ən güclüsü, ən böyüyü, ən biliklisi və bir dənəsidir. Buna görə də nəsillərdən bəri heç bir uşaq üçün dəyişməyən bir həqiqət vardır; onun atası bütün ataları döyər.

Uşaqların tərbiyəsində, təhsilində və inkişafında əsas vəzifələri təkbaşına daşıyan anadan bir addım geridə olan; varlığını, münasibətini və sevgisini hər zaman hiss etdirən ataların yeri çox önəmlidir. Bir qız yetkinliyini tamamlayıb evlilik yaşına çatdıqdan sonra ər seçərkən məntiqli qərar verə bilməsi, bu evlilik içərisində layiq olduğu dəyəri tələb edə bilməsi üçün ilk növbədə uşaqlıqdan etibarən sağlam bir ata-qız münasibətlərinə sahib olmalıdır.

Ata-qız münasibəti məsafəli görünür, amma hər zaman söylənməyən sevgi sözlərinin arxasında güclü bir bağ, yıxılmaz bir sədaqət mövcuddur. Bir baxış, ata ilə qızının qəlbini sevgi ilə titrədər…

Son zamanlarda yetkinlik dövründəki qız uşaqlarının qeyri-ciddi münasibətlərinə görə problem yaşayan bir sıra ailələr mövcuddur. Ailələr, xüsusilə analar, çarəsizliklə uşaqlarını baş verə biləcək təhlükələrdən qorumağa çalışarkən, təəssüf ki, onları özlərindən uzaqlaşdırırlar. Bu problemi yaşayan ailələrin tək ortaq nöqtəsi isə, laqeyd atalardır. Ən önəmli vəzifəsi ailənin dolanışığını təmin etmək olan atalar, iş-gücə elə bağlanırlar ki, uçuruma sürüklənən qızlarını görə bilmirlər.

Bir qız uşağı atasının sevgisinə, güvəninə əmin olarsa yanlış münasibətlərə, yollara yönəlməz. Ac insanın tapdığı hər şeyi yemək istəməsi kimi, valideynindən qayğı görməyən uşaq, sahib ola bilmədiyi ata sevgisini ətrafda axtarmağa başlayar. Bu sevgini və qayğını verməyə hazır olan bədniyyətli şəxslər hər cəmiyyətdə olduğu kimi bizim cəmiyyətimizdə də təəssüf ki, mövcuddur. Və yenə təəssüf ki, bu şəxslər axtarış içərisində olan belə uşaqlara “həqiqi ata şəfqəti” ilə yanaşa bilmirlər.

Bir neçə il bundan əvvəl dövlətə sığınaraq həyatını qurtarmağa çalışan 16 yaşlı bir qızla tanış olarkən qucağında 3 yaşında bir uşağı vardı. Tarlasına işçi olaraq getdiyi 40 yaşlı bir kişi, hələ 12 yaşında olan bu qızın axtardığı qayğını, bir gün başını oxşayaraq, bir gün bir ovuc fındıq gətirərək vermişdi. Qızın bu adamın yanında tapdığı hüzur, hələ yetkinliyə çatmadan bir evə ikinci həyat yoldaşı olaraq getməsi ilə sona çatmışdı. İkinci həyat yoldaşı olaraq getdiyi evdəki zülm işgəncə səviyyəsinə çatdıqca qayıda biləcəyi ata evinin qapısı açılmamış, çarəsiz qucağındakı körpəsi ilə dövlətə sığınmışdı.

Rayon və kəndlərdə cərəyan edən bu cür faciələr, eyni şəkildə olmasa da, şəhər həyatında da fərqli hekayələrlə qarşımıza çıxır. Şəhərdə yaşayan uşaqlar axtarışlarını tarlada deyil, virtual şəraitdə davam etdirirlər. Bəlkə də eyni damın altında televizor seyr edən atası, övladının qarnını doyurub, ehtiyaclarını təmin etdiyi üçün özü ilə fərəhlənərkən, atasının mənəvi yoxluğu içərisində qızı bir çox təhlükələrə yönəlməkdədir. Sağlam, düzgün bir ata-qız münasibəti qurmaq üçün bütün günü birlikdə keçirməyə gərək yoxdur. Birlikdə keçirilən zamanın keyfiyyətli olması yetərlidir. Evə gəldiyi zaman bir ata mütləq qızının hal-xətrini soruşmalı, qayğı göstərməli, onun sevdiyi şeyləri, marağı olan sahələri bilməlidir. Bir qız uşağı hər ehtiyacı olduğunda atasının ona dəstək olacağından əmin olmalıdır.

Bu gün evlilik həyatında, ərinin laqeydliyindən şikayət edən bəzi qadınların uşaqlığında atasından qayğı və dəyər görmədikləri məlum olur. Uşaqlıq dövründə ata şəxsiyyəti necə formalaşırsa, evlilik çağında ataya bənzər şəxs, ər olaraq seçilir. Ailəni bürüyən xoşbəxtsizlik genetik bir miras kimi qızların boynuna yapışır. Beləliklə, yeni nəsillər, sevgini və münasibəti tələb etməyi bacarmayan, istədiyini əldə edə bilməyən bədbəxt analar tərəfindən yetişdirilir.

Bu yazını oxuyan atalara qızları ilə münasibətlərinə diqqət yetirmələrini tövsiyə edirəm. İş saatlarının əlverişsizliyi, fiziki yorğunluq, boşanma kimi səbəblərə sığınaraq qızlarınızla aranızdakı etibarı puça çıxarmayın. Həyatda ikən onların atasız böyümələrinə icazə verməyin. Əks təqdirdə övladınızın insanlarla qurduğu münasibətlər hər zaman problemli olacaq, onu bədbəxt edəcək.

Yazını oxuyan analardan da, ərləri ilə qızları arasındakı münasibətlərdə problemlər varsa, ərlərini incitmədən xəbərdar etmələrini xahiş edirəm. Atadan məhrum yetişmək insanlarla münasibətdə çox təhlükəlidir. Ona görə də ərini itirən və uşaqlarını təkbaşına böyütmək məcburiyyətində olan anaların da, uşaqlarının inkişafını mütləq baba, əmi, dayı kimi onlara ata şəfqətinə yaxın münasibət, sevgi və qayğı göstərə biləcək yaxınları ilə dəstəkləmələrini tövsiyə edirəm.

Cəmiyyətimiz yalnız daha sağlam, daha problemsiz münasibətlərlə daha təmiz və daha xoşbəxt olacaqdır.

 

(Yazının hazırlanmasında Şəbnəm dərgisinin 103-cü sayından Psixoloq Tuba Sökmənin yazısından istifadə edilmişdir)

 

 


Tərgül Şirinova
Bu yazıya 795 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.