Böyrək Xəstəlikləri


Vüqarə Məmmədova
Bu yazıya 2373 dəfə baxılıb.

Kəskin böyrək çatışmazlığı - böyrəklərin bir müddət öz funksiyasını yerinə yetirə bilməməsi deməkdir. Bunun nəticəsı olaraq böyrəklər qanda olan zəhərli maddələri ixrac edə bilmir, vücudün su və mineral (natrium, kalium və s.) duzların tarazlığı pozulur və s. fəsadlar baş verir.

Böyrək daşı xəstəliyi – böyrəklərin ən çox yayılmış xəstəliklərindən biridir. Bu zaman böyrəklərdə və ya sidik xaric edən digər orqanlarda daşlar əmələ gəlir.

Daşlar həm kiçik (3 mm-dək), həm də iri (15 sm-dək) ölçülərdə ola bilər. Bəzi hallarda böyrək daşları özünü heç bir əlamətlə büruzə vermədən uzun müddət mövcud ola bilər. Bu halda onlar digər orqanların hər hansı bir xəstəliyinin müayinə edilməsi zamanı aşkar edilir. Əksər hallarda isə onlar ağrı tutmaları, sidik ifrazı zamanı olan pozğunluqlar və digər əlamətlərlə müşayiət olunurlar. Böyrək daşı xəstəliyini mütləq müalicə etmək lazımdır. Müalicə edilmədiyi halda onun fonunda pielonefrit xəstəliyi də inkişaf edə bilər.

Böyrək daşı xəstəliyinin risk faktorları:

irsi meylliliyin olması;

mədə-bağırsaq (qastrit, kolit, xora xəstəliyi və s.) və sidik-cinsiyyət sisteminin (pielonefrit, prostatit, prostat vəzin adenoması, sistit və s.) xroniki xəstəlikləri;

qalxanvari vəzin funksiyasının pozulması;

osteomielit, osteoporoz, sümüklərin digər xəstəlikləri və ya travmaları;

- müxtəlif mənşəli zəhərlənmələr və ya infeksion xəstəliklər nəticəsində orqanizmin uzun müddət susuzlaşması;

- orqanizmdə baş verən vitamin (xüsusən D qrupu) çatışmazlıqları;

- sidiyin turşuluğunu artıran qida məhsullarının (kəskin, turş, duzlu qidalar) daimi şəkildə qəbul edilməsi;

tərkibində duzların yüksək səviyyədə olduğu suların qəbul edilməsi;

coğrafi faktor. İsti iqlim şəraitində yaşayan insanlarda böyrək daşı xəstəliyinin inkişaf etmə ehtimalı daha yüksək olur;

ultrabənövşəyi şuaların daimi olaraq çatışmazlığı.

Böyrək daşı xəstəliyinin əlamətləri:

- Bel nahiyəsində olan ağrılar: bel nahiyəsində (sağ və solda olmaqla bir və ya ikitərəfli) olan küt, üzücü ağrı fiziki gərginlik və ya sadəcə olaraq, bədən vəziyyətinin dəyişməsi zamanı daha da artır. Bu, sidik xaric edən orqanlarda daş olmasının ən xarakterik əlamətlərindən biridir. Daş böyrəkdən sidik axarına keçdikdə ağrı qarının aşağı hissəsində, qasıq nahiyəsində, cinsiyyət orqanlarında hiss olunur, bəzən isə ağrı ayağa da yayıla bilər. Güclü ağrı tutmasından (sancısından) sonra daşlar sidik ilə birlikdə xaric ola bilərlər.

- Böyrək sancısı. Bu zaman bel nahiyəsində həddən artıq ağrı tutması baş verir. Azalaraq və yenidən başlayaraq ağrı tutması bir neçə gün ərzində davam edə bilər. Daş yerini dəyişdikdə və ya sidik axarından sidik kisəsinə düşdükdə ağrı kəsilir.

Sidik ifrazının tezləşməsi və ağrılı olması. Belə ağrılar – daşların sidik axarında və ya sidik kisəsində olmasına dəlalət edir. Bəzi hallarda sidik kisəsi boşalmasa da sidik ifrazı birdən kəsilə bilər. Bu “tıxanma” sindromu kimi adlandırılır və bədənin vəziyyətini azca dəyişən kimi, sidik ifrazı davam edir.

Sidikdə qanın olması. Sidikdə qanın olması güclü böyrək sancısından və ya ağır fiziki gərginlikdən sonra baş verə bilər.

- Sidiyin bulanması.

- Arterial təzyiqin yüksəlməsi.

- Bədən temperaturunun 38-40°C-yədək yüksəlməsi.

Böyrəyin zəifləməsi orqanizmin zəifləməsinə və başqa orqanların fəaliyyətinin pisləşməsinə gətirib çıxarır. Ta qədimdən təbiblər onun sağlamlığının qorunması haqqında düşünmüşlər. İlk növbədə profilaktik tədbir kimi böyrəyin xəstələnməsinin və ya zəifləməsinin qarşısını almaq məsləhət görülür. Bunun üçün bədən müntəzəm olaraq, lazımi miqdarda maye qəbul etməlidir. Maye  böyrəyin funksiyasını tənzimləyir. Əsəbi narahatlıq, həyəcanlanmaq, qorxu, təşviş və nigarançılıq qan təzyiqini pozur, bu da böyrəklərin fəaliyyətinə mənfi təsir göstərir.

Böyrək daşına səbəb olan amillərdən biri xroniki boğaz ağrısıdır. Böyrək narahatlığı hiss edənlər çox yağlı yeməklərdən, duz, yumurta, ədviyyat və sirkədən çəkinməlidirlər. Gavalı böyrəyin işini asanlaşdırır, xurma böyrək yollarını təmizləyir.Qara turp yemək böyrəkdə olan zərərli maddələri və zəhərləri dəf edir.

Böyrək sancması zamanı almanı doğrayıb 0.5 l qaynar suya töküb 2 saat dəmləyirlər. Sonra ona bir qədər şəkər qatıb gündə bir neçə dəfə istifadə edirlər. Böyrək ağrısı olanlar 1 həftə limon rejiminə keçməli, hər gün səhər duş qəbul etdikdən sonra limonun şirəsini azacıq su qatmaqla içməlidirlər. İkinci gün 2, üçüncü gün 3 və bu minval ilə yeddinci gün 7 kiçik limonun şirəsini içməlidirlər. İkinci həftə isə hər gün 1 limon azaltmaqla həmin prosesi davam etdirirlər. Böyrəyi xəstə olanlar, adətən, çoxlu mədən suları, üzüm və qarpız yeməlidirlər.

Yemiş tumunun şirəsini içmək sidiyi qovur, istiliyi yatırır, ağrını sakitləşdirir və yara üçün münasibdir. Xiyar tumunun şirəsi də belə təsir göstərməklə yanaşı, böyrək quruluğunu aradan qaldırır.

 

 


Vüqarə Məmmədova
Bu yazıya 2373 dəfə baxılıb.