Hafizəni Gücləndirən Qidalar


Kəmalə Hüseynova
Bu yazıya 1913 dəfə baxılıb.

İnsan elə möhtəşəm bir sistemə sahib olaraq yaradılmışdır ki, bütün orqanlar vəzifələrini incəliklərinə qədər heç gecikdirmədən hayata keçirir. Orqanlarımızın çalışması bədənimizə kənardan qəbul etdiyimiz hava, su, qida və içkilərin miqdarına və keyfiyyətinə görə formalaşır. Bir çoxumuz əmanət olaraq düşündüyümüz vücudumuzu qayğı və diqqətlə bəsləyirik, bəzimiz də hər önümüzə gələni yeyirik.

            Aparılan araşdırmalar bir çox qidanın beynin çalışmasına birbaşa təsir etdiyini qeyd edir. Belə ki, güclü yaddaşın, ya da unutqanlığın pərdə arxasında qidaların rolunun böyük olduğu deyilir. Gündəlik həyatımızda, imtahandan əvvəl konfet və ya şokolad yemək, gec saatlara qədər çalışırıqsa stolumuza qəhvə qoymaq adət halını alıb. Belə olduqda beynin enerjisinin və dinamikliyinin artacağını düşünürük.

            Beynimiz sinir sistemimizin ən vacib orqanı olmaqla 2-3% çəkiyə sahibdir. Amma gündəlik ehtiyacımız olan 2.000-2.500 kalorinin 30% -ni istifadə edir. Bu enerji ilə vücudun sinirlər vasitəsilə əldə etdiyi məlumatları bir hüceyrədən digərinə ötürür.

            Vücudda milyonlarla sinir hüceyrəsi var. Beynimiz bədən, duyğu, davranışlarla əlaqəli digər bütün mesajları kimyəvi maddələr vasitəsilə digər hüceyrələrə göndərir. Şübhəsiz ki, beynin bu ağır işləri həyata keçirməsi üçün qida maddələrinə ehtiyacı var. Yediklərimizin qida dəyəri qan yolu ilə bütün vücuda yayılmadan əvvəl ilk olaraq beynə çatır. Beyin hansı qidanın nə qədər yararlı olduğunu bildiyi üçün qidaları seçir. Qoruyucu zireh beynə girən bütün qidaları yoxlayıb özünə faydalı olanları seçir, qalanlarını qan yolu ilə vücudun digər tərəflərinə göndərir.

            Beynin bu seçici xüsusiyyətinə görə bir sıra araşdırmalar edilmişdir. Bunun nəticəsində də bir sıra qidaların beynin çalışma gücünü dəstəkləyərək unutqanlığa və yaddaş pozuqluqlarına yaxşı təsir etdiyi isbatlanmışdır.

Bununla bərabər sakitləşdirici dərmanlar, ağrıkəsicilər, allerjik dərmanlar, siqaret, spirtli içki yaddaşı zəiflədir. Çox yağlı və ağır qidalar isə qanın beyindən çəkilərək həzm sisteminə yönəlməsinə səbəb olur. Xüsusilə uşaqların sevdiyi konfet, kola, cipsi yaddaşı zəiflədir və unutqanlığa səbəb olur.

            Hal-hazırda sürətlə yayılan Alzheimer xəstəliyinin ən vacib əlaməti unutqanlıqdır. Bəzi qidalarda olan “kolin” adlı maddədən hər gün bir az qəbul etmək bu xəstəliyə yaxşı təsir edir. Bundan başqa gənc yaşlarda başlayan unutqanlığı önləmək üçün ən çox kolin ehtiva edən bu qidalar tez-tez yeyilməlidir: Yaşıl yarpaqlı tərəvəzlər, kələm, gül kələmi, soya paxlası, süd, yumurta sarısı, balıq.

            Proteinli qidalarda olan “trozin” adlı aminoasid də sürətli düşünməyə, enerjili olmağa kömək edir. Bunun üçün günə bol proteinli (yumurta, süd, pendir kimi) qidalarla başlamaq lazımdır. Həmçinin karbohidratlı qidaların (dənli bitkilər, qoz, fındıq, badam kimi çərəzlər, quru meyvələr) beynin enerji qaynağı olduğunu unutmayaq. Xüsusilə quru ərik, əncir, üzüm, bəkməz kimi qlükoza baxımından zəngin qidalar hafizəni gücləndirir və təbii enerji qaynağıdır.

            Vitamin və mineralların beynin inkişafında və nizamlı çalışmasında əvəzedilməz rolları var. B qrupu vitaminləri (quru lobya, qırmızı ət, süd və süd məhsulları, balıq, toyuq, yaşıl tərəvəzlər, yumurta, banan, qovun) beynin yorğunluğunu aradan qaldırır və hafizəni gücləndirir.

            C vitamini ilə zəngin qidalar (sitrus meyvələri, kivi, pomidor, kartof, çiyələk, yaşıl bibər) xüsusilə antioksidan olmaları səbəbi ilə sinir sisteminin nizamlı işləməsində böyük rol oynayırlar. Eyni təsiri E vitamini ilə zəngin qidalar da verir. Bunlardan bəziləri bitki yağları, yerfındığı, günəbaxan tumu və buğdadır. 

            Yaddaşımızı necə gücləndirə bilərik?   

            1997-ci ildə Madriddə edilən bir araşdırmada güclü hafizənin olması üçün meyvə-tərəvəz, lifli qidalardan istifadənin çox böyük təsiri olduğunu ortaya çıxarılmışdır.  Qara alça, ispanaq, portağal, çiyələk, başda olmaqla tez-tez meyvə-tərəvəz yeyilməsi tövsiyə olunur.

            Mütəxəssislər zəkanın inkişafına təsir edən 10 qidanı qeyd edərək belə açıqlayıblar:

            Kartof: Qan şəkərini nizamlı bir şəkildə yüksəldərək zəkanın daha məhsuldar çalışmasını təmin edir.

            Çiyələk: İçindəki fisetin maddəsi hafizə itkisini azaldır, unutqanlığı aradan qaldırır. 

            Şokolad: Maqnezium və antioksidan tərkibi ilə beynə oksigen daşıyaraq beynin daha aktiv çalışmasını təmin edir. 

            Üzüm suyu: Dopamin ifrazını artıraraq beynin hər hansı problemi həll etməsinə kömək edir.

            Qatıq: Qatıqda olan “trozin” adlı maddə hafizəni qüvvətləndirir.  

            Lobya: Lif və proteinin bir arada alınmasını təmin edərək, xüsusilə uşaqlarda zəkanı qüvvətləndirir.

            Somon: Somon balığındakı Omega-3 yağları həm beyni qoruyur, həm də yaddaşı gücləndirir.

            Qırmızı və turuncu rəngli tərəvəzlər: Pomidor, qırmızı bibər, yer kökü beynin sağlam olmasına kömək edir.

            Yağsız qırmızı ət: Dəmirlə zəngin olduğu üçün beynin inkişafına çox yararlıdır.

            Dənli bitkilər: B vitamini qaynağı olması və qan şəkərini nizama salması ilə beynin işləməsində böyük rol oynayır.

            Bu məlumatların işığında yediyimiz qidaları yenidən gözdən keçirərək hafizəmizi daha da qüvvətləndirə bilərik. Xüsusilə yaşıl çay içməli, meyvə-tərəvəz və lifli qidalarla dostluğumuzu artırmalıyıq.

 


Kəmalə Hüseynova
Bu yazıya 1913 dəfə baxılıb.